EN

Azərbaycanın ixracı azaldı, idxalı artdı - Profisitin kiçilməsinə SƏBƏB NƏDİR?

2024-cü ildə Azərbaycanın ixracının azalması fonunda idxalının artması xarici ticarət əməliyyatlarında profisitin (müsbət fərqin) xeyli kiçilməsinə səbəb olub.

Gundem.az Dövlət Gömrük Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, bu ilin ilk səkkiz ayında ixracımız 18,23 milyard dollar olmaqla ötən ilin eyni dövründəki göstəricidən 6,12 milyard dollar azdır. Ötən ilin ilk səkkiz ayında ixracımız 24,35 milyard dollar olmuşdu.

İxracın kəskin azalmasına paralel olaraq idxalda artım var. Ötən ilin səkkiz ayında 11,15 milyard dollar olan idxal bu ilin eyni dövründə 12,76 milyard dollara yüksəlib. Cəmi səkkiz ayda idxalın həcmində 1,61 milyard dollar, yəni 14,4 faiz artım baş verib. Bir tərəfdən ixracın kəskin azalması, digər tərəfdən idxalın artması Azərbaycanın xarici ticarət dövriyyəsində profisiti xeyli azaldıb.

Bu ilin yanvar-avqust aylarında profisit 5,47 milyard dollara geriləyib ki, bu da ötən ilin eyni dövründəki profisit məbləğindən 7,74 milyard dollar, yəni 2,44 dəfə azdır. 2023-cü ilin yanvar-avqust ayları ərzində ölkəmizin xarici ticarət profisiti 13,2 milyard dollar idi.

Bəs bu il ixracdakı azalmanın, idxalda isə artımın səbəbi nədir?

İxracdakı azalmanın əsas səbəbi neft və qazın ixrac miqdarının azalması, eləcə də qaz qiymətlərinin kəskin azalması ilə bağlıdır. Ötən ilin səkkiz ayında 18,5 milyon ton neft, 17,4 milyard kub metr qaz ixrac olunduğu halda, bu ilin səkkiz ayında 16,5 milyon ton neft, 15,83 milyard kub metr qaz ixrac edilib. Neftin ixrac miqdarının azalmasına baxmayaraq “qara qızıl”ın qiymətləri bir qədər yüksəlib. Azərbaycan bu il neftin bir tonunu 635 dollardan (ötən il 607 dollar) satıb. Neftin bir qədər bahalaşmasına baxmayaraq ixrac miqdarının xeyli azalması sayəsində neft satışından gəlirlər kəskin azalıb. Səkkiz ayda neft gəlirlərimizdə azalma 926 milyon dollar olub.

Qaz satışında isə vəziyyət daha pisdir. Ölkəmiz qazın hər min kub metrini 345 dollara satıb. Bu qiymət ötən ilin satış qiymətindən (601 dollar) 256 dollar azdır. Qazın qiyməti azalmaqla yanaşı, onun satış həcmi də azalıb. Bir il əvvəl 17,4 milyard kub metr qaz satan Azərbaycan bu il qaz ixracını 15,83 milyard dollara qədər endirib. Həm ixrac həcminin azalması, həm də qiymətlərin düşməsi ilə əlaqədar qaz satışından gəlirimiz təxminən 5 milyard dollar azalaraq 5,45 milyard dollara düşüb. Ümumilikdə neft və qaz ixracında 6 milyard dollardan çox azalma baş verib.

İdxaldakı artımın isə çox səbəbləri var. Amma əsas səbəb qızıl idxalının artmasıdır. Azərbaycan bu il Dövlət Neft Fondunun qızıl ehtiyatlarının artırılması üçün xaricdən böyük miqdarda qızıl alır. 2024-cü ilin yanvar-avqust ayları ərzində 1,54 milyard dollar dəyərində qızıl idxal edilib. Əvvəlki ildə qızıl idxalının dəyəri 38,7 milyon dollar olmuşdu. Bu il ölkəmizin ümumi idxalının təxminən 12 faizi qızıl idxalından ibarət olub. Əgər bu il Azərbaycan əvvəlki illərdə olduğu kimi az miqdarda qızıl alsaydı, o halda idxalın həcmi əvvəlki ildən az olacaqdı. Ancaq onu da bildirək ki, idxal edilən qızıl yığım üçün nəzərdə tutulduğundan o, ehtiyac yarandığında gələcəkdə ixraca yönəldilə bilər. Bu səbəbdən idxalın qızıl alışının artmasına görə yüksəlməsi narahatçılıq yaratmır.

Qeyd edək ki, xarici ticarətdə profisitin nəzərəçarpacaq dərəcədə kiçilməsi Azərbaycan üçün arzuedilən deyil. Çünki ticarətdə profisit kiçiləndə cari əməliyyatlarda da profisit kiçilir və bu, ölkəmizdə makroiqtisadi sabitliyin təmin edilməsini çətinləşdirir. 2024-cü ilin birinci yarısında cari əməliyyatlarda profisitin ötənildəki 5,15 milyard dollardan 2,62 milyard dollara düşməsi məhz xarici ticarətdə müsbət fərqin azalması ilə bağlı olub. (Sfera.az)

Chosen
126
1
gundem.az

2Sources