EN

Yeni tədris ilində şagird və tələbələri hansı yeniliklər gözləyir? — AÇIQLAMA

Artıq 16 sentyabrdan etibarən yeni tədris ilinə qədəm qoyuldu. Bəs, 2024-2025-ci il təhsil sistemində yeniliklər olacaqmı? Yeni dərs ilinə başlayan şagird və tələbələri nələr gözləyir?

Məsələ ilə bağlı suallarımıza cavab verən təhsil eksperti Kamran Əsədov bildirdi ki, yeni tədris ilinə start verilməsi ilə həm tələbələr, həm də şagirdlər üçün bir çox yeniliklər və təhsil sistemindəki dəyişikliklər gözlənilir:

“Bu yeniliklər təhsilin keyfiyyətinin artırılması, rəqəmsal texnologiyaların geniş tətbiqi və təhsil proqramlarının daha təkmil şəkildə təşkil edilməsi istiqamətində atılan addımlarla müşayiət olunur. Təhsil sistemi daim yenilənir və inkişaf edir ki, bu da həm tələbə, həm də şagirdlərin yeni tədris ili ilə bağlı müəyyən gözləntilərinin olmasına səbəb olur.

Təhsildə yeniliklər və gözləntilər:

Rəqəmsal tədris vasitələrinin artması, pandemiya dövründə rəqəmsal tədrisin geniş yayılmasından sonra bu il də rəqəmsal platformalar, onlayn resurslar və tədris proqramlarının rəqəmsallaşdırılması davam edəcək. Distant və hibrid tədris modellərinin bəzi fənlər üzrə tətbiqi gözlənilir ki, bu da tələbə və şagirdlərə daha elastik təhsil imkanları yaradacaq.

Yeni tədris proqramları və məzmunun yenilənməsi, bəzi fənlər üzrə tədris proqramları yenilənir. Bu yeniliklər tələbələrin düşünmə, analiz etmə və praktik biliklər əldə etmələrini təmin etməyə yönəlib. Texnologiya, elm və digər ixtisaslarla bağlı fənlərdə daha çox praktik məşğələlər və layihə əsaslı öyrənmə modelləri tətbiq olunacaq.

Təhsil müəssisələrinin modernləşdirilməsi:

Təhsil müəssisələrinin infrastrukturunun yenilənməsi, tədris binalarının təmiri və modern təchizatlarla təmin edilməsi yeni tədris ilində də prioritetlərdəndir. Sinif otaqlarının rəqəmsal texnologiyalarla təmin olunması, laboratoriyalar və texniki avadanlıqların yenilənməsi təhsil keyfiyyətini artırmağa yönəlib.

Peşə təhsili və ixtisaslaşma: 

Yeni tədris ilində peşə təhsili sahəsində də yeniliklər gözlənilir. Azərbaycan hökuməti son illərdə peşə təhsilinə daha çox diqqət ayırır, bu da iş bazarının tələblərinə uyğun yüksək ixtisaslı işçi qüvvəsinin hazırlanmasına kömək edir. Tələbələrə praktiki biliklər verən proqramlar genişləndiriləcək.

Təlim metodlarının təkmilləşdirilməsi: 

Müəllimlər üçün əlavə təlim proqramları, peşəkar inkişaf kursları tətbiq olunacaq. Bu, təhsil sistemindəki metodik dəyişikliklərin müəllimlər tərəfindən daha effektiv tətbiqini təmin etmək üçün vacibdir. Eyni zamanda, müəllim-şagird münasibətləri daha interaktiv olacaq, təhsilin keyfiyyətinin artırılması üçün yeni metodik yanaşmalar tətbiq ediləcək.

İnklüziv təhsil: 

Yeni tədris ilində inklüziv təhsilin genişləndirilməsi də prioritetlərdən biridir. Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təhsil imkanlarının artırılması və onların təhsil prosesinə tam inteqrasiyası ilə bağlı layihələr həyata keçiriləcək.

Yeni tədris ilində qarşılaşılacaq çətinliklər:

Müasir texnologiyalara adaptasiya: Rəqəmsal texnologiyaların təhsildə geniş tətbiqi, xüsusən kiçik yaşlı şagirdlər və onların valideynləri üçün yeni adaptasiya dövrünü tələb edir.

Proqramların sıxlığı: 

Təhsil proqramlarının ağırlaşdırılması, şagirdlər və tələbələr üçün müəyyən çətinliklər yarada bilər. Bu, xüsusən də erkən yaşlarda təhsil alan şagirdlər üçün tədris yükünün artırılması ilə bağlıdır.

Ümumilikdə isə yeni tədris ili təhsil sisteminin daha da inkişaf etməsi, tələbə və şagirdlərin daha müasir və effektiv təhsil modelləri ilə tanış olması ilə yadda qalacaq. Yeniliklər təhsil sisteminin rəqabət qabiliyyətinin artırılması və gələcək nəsillərin daha savadlı yetişdirilməsi istiqamətində müsbət addımlardır”.

Mehriban Mirzəzadə
Demokrat.az





Chosen
10
demokrat.az

1Sources