Yayımlandı: 19 Sentyabr 2024 13:48 Daştətük sakinləri verilən vədin yerinə yetirilməsini istəyir Lənkəranın Daştətük kəndində körpünün dağılması sakinləri çətin duruma salıb. Onlar deyirlər ki, kəndi iki hissəyə ayıran körpü iyulun sonunda uçub, lakin aylardır bərpa olunmur. Baxmayaraq ki, körpünün yeni tədris ilinədək bərpa ediləcəyi vəd olunmuşdu. Meydan TV-yə müraciət edən sakinlər bildiriblər ki, uşaqlar körpüdən keçməklə məktəbə gedə bilirdilər. Körpü uçandan sonra gediş-gəliş çətinləşib. Kənd sakini Rüfət Dadaşov deyib ki, xüsusilə yağışlı havalarda uşaqların körpüdən keçməklə məktəbə getməsi mümkün olmayacaq. Daştatük Lənkəranın mərkəzindən 18 kilometr aralıda, Talış dağlarının ətəyində yerləşir, kəndin minə yaxın əhalisi var. Sakinlər bildiriblər ki, körpü onların əsas yoludur. Alternativ yolu qət etmək üçün kilometrlərlə piyada yol getmək lazımdır. Kənddə ağır xəstə olanda təcili yardım xidməti körpünün digər yanında qalan əraziyə qalxa bilmir. Sakinlər yağışlar başlanandan sonra ümumiyyətlə körpünün bərpasının mümkün olmayacağından narahatdırlar: “Uşaqların məktəbə gediş-gəlişinə şərait yaratmaq lazımdır, yol uzandığından taksilərlə gediş-gəliş də bahalaşıb. Kəndlilərin əsas problemi dolanışıq və yoldur. Yolun olmaması da dolanışığa birbaşa təsir edir”. Daştatük kəndi Xanbulan bələdiyyəsinin inzibati ərazisinə daxildir. Bələdiyyə sədri Mehman Xəlilov Meydan TV-yə bildirib ki, uşaqların məktəbə getməsi üçün alternativ yol var. Həmin yol avtomobillə cəmi 2 kilometrdir. “Körpü 2014-cü ildə qoyulub. İyulda güclü sel oldu və körpü uçdu. Bununla bağlı rayon icra hakimiyyətinə məlumat verilib. Müvəqqəti taxtadan körpü qoyulub, şagirdlər onun üzərindən keçib gedə bilirlər. Körpü tezliklə bərpa olunacaq”,- bələdiyyə sədri deyib. Lənkəran Rayon İcra Hakimiyyətindən isə deyiblər ki, körpü ilə bağlı Nazirlər Kabinetinə, Avtomobil Yolları Dövlət Agentliyinə müraciət olunub. Fövqəladə Hallar Nazirliyinin, agentliyin və icra hakimiyyətinin nümayəndələri əraziyə baxış keçiriblər. Yaxın günlərdə təmir işlərinə başlanacaq. Meydan TV