EN

ABL-də yeni mövsüm nə vəd edir? - Say artıb, limit dəyişib, legioner çoxalıb

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

İdman sağlamlıq üçün nə qədər önəmlidirsə, daha vacibi insanların yarış üçün bir araya gəlməsidir. Təbii ki, hər kəs qalib olmaq istəyir. Məhz bu istək, mübarizə əzmi idman növlərinin populyarlığını artırır, audutoriyasını genişləndirir. 
Dünyanın ən populyar idman növlərindən biri (ilk "üçlük"də olan) basketboldur. Təsadüfi deyil ki, dünyada ​1,4 milyard azarkeş bu idman növü ilə bağlı yarışları izləyir. Bu rəqəm isə aşkar şəkildə yalnız futboldan azdır.
Hazırda basketbol ölkəmizdə inkişaf mərhələsindədir. Təsadüfü deyil ki, bu yay Azərbaycanın 16 yaşadək qızlardan ibarət millisi Avropa çempionatında qızıl medal qazanıb. Bundan başqa, son üç ildə basketbol çempionatımızda komanda sayı əvvəlcə 8-dən 10-a artıb, yeni mövsümdən isə 12-yə çatdırılacaq. Çempionat, reqlament, iştirakçı sayı, inkişaf perspektivləri barədə bir qədər sonra fikirlərimizi bölüşəcəyik. Əvvəlcə bu idman növünün dünyada və Azərbaycanda təkamül tarixinə göz ataq...

İdman müəlliminin kəşfi 

Basketbolun vətəni ABŞ, yaradılış tarixi isə 1891-ci ilə təsadüf edir. Sözügedən idman növü Masaçuses əyalətində Sprinqfild Gənc Kişilər Xristian Birliyi (YMCA) Təhsil Məktəbində bədən tərbiyəsi müəllimi olan Ceyms Naysmit tərəfindən, sırf fərdi ixtira olaraq meydana gəlib. Neysmitə atlet və beysbolcuların qışda məşqləri zalda keçməsi üçün oyun fikirləşib tapmaq tapşırılır ki, o da 13 qaydadan ibarət olan basketbolu yaradıb. 



Qeyd edək ki, Ceyms Neysmit 1861-ci ildə Kanadada anadan olub, 1939-cu ildə vəfat edib. Onun zəhmətini qiymətləndirən Sprinqfilds kolleci 1911-ci ildə Neysmiti fəxri bəbən tərbiyəsi ustası dərəcəsi ilə təltif edib, ölümündən sonra - 1968-ci ildə kollecdə “Basketbol şərəfi zalı” adlı muzey açıb. 
Oyunun əsl hədəfi səbətlər olduğuna görə o, bu idman növünə "səbət topu" mənasını verən "basketbol" adı verib. İlk oyunlarda 7 nəfərdən ibarət iki komanda 20 dəqiqə və üç dövrədə mübarizə aparıb. Basketbolun inkişafı nəticəsində qaydalardan tutmuş ləvazimatlara, qurğulara və geyimə qədər müəyyən dəyişikliklər, əlavələr baş verib. Məsələn, 1983-cü ildə ilk dəfə dəmir halqa ilə top qəbul olunub. 1984-cü ildə topun ölçüsü 30-32 düym (76,2-81,3 sm.) qədər artıb. 1895-ci ildə 15 fut məsafədən yerinə yetirilən cərimə artmaları qəbul olunub...
Qısa bir müddət sonra bu oyun bütün məktəblərə, universitetlərə və hətta gimnastika salonlarına qədər yayılıb. Nəticədə basketbol Amerikanın ən məşhur milli oyunu halına gəlib. Sonradan o, tezliklə bütün dünyada sevilən idman növünə çevrilib...



1932-ci ildə Beynəlxalq Basketbol Federasiyası – BBF yaradılıb. Bu federasiyaya Argentina, Yunanıstan, İtaliya, Latviya, Portuqaliya, Rumıniya, İsveç və Çexoslovakiya daxil olub (8 ölkə). Yeri gəlmişkən, hazırda BBF 167 ölkə milli federasiyasını öz bayrağı altında birləşdirir...
1935-ci ildə Cenevrədə ilk dəfə Avropa çempionatı keçirilib. Bu çempionatda zirvəni Pribaltika basketbolçuları tutub. Belə ki, Avropanın ilk çempionu Latviya komandası olub. İlk dəfə qadınların Аvropa çempionatı isə 1938-ci ildə keçirilib. 
Basketbol 1935-ci ildə olimpiya oyunları proqramına daxil edilib, 1936-cı ildə (XI-Berlin) isə artıq Yay Olimpiya Oyunlarının siyahısında olub. 21 ölkənin qatıldığı yarışda ilk olimpiya çempionu məhz ABŞ olub. Ümumiyyətlə, bu ölkə 1972-ci ilə, ilk dəfə SSRİ komandasına məğlub olana qədər lider mövqe tutub. 1950-ci ildə ildə isə Argentinada ilk dəfə kişi basketbolçular arasında dünya çempionatı keçirilib və ev sahibi komanda turnirin qalibi adını qazanıb. 

Əcnəbi neftçilərin Azərbaycanda populyarlaşdırdığı idman növü 

Əksər digər idman növləri kimi, basketbol da Azərbaycanda özünün ilk addımlarını 1920-ci ildən atmağa başlayıb. Belə ki, Almaniya, İngiltərə, İsveçdən Bakıya gəlmiş neft işlərində çalışanlar asudə vaxtını səmərəli keçirmək üçün basketbolla məşğul olublar və beləliklə, Azərbaycan cəmiyyətini onunla tanış ediblər. Zaman keçdikcə sözügedən idman növü geniş yayılmağa başlayıb. Məhz bu illərdən başlayaraq ayrı-ayrı kollektivlərdə, idarə və müəssisələrdə, ali təhsil ocaqlarında, idman cəmiyyətlərində komandalar yaradılıb, məşğələlərə cəlb olunan basketbol həvəskarlarının sayı gün–gündən artırılıb. 1926-cı ildə təkcə Bakı şəhərində 300-ə yaxın basketbol komandasının fəaliyyət göstərməsi qeydə alınıb. Bu da təsadüfi deyildi. 1923-cü ildən başlayaraq bütün kompleks yarışların və spartakiadaların proqramına basketbol idman növü daxıl edilib. Onu da deyək ki, həmin illərdə Bakı şəhərində basketbol, futbol və voleyboldan sonra öz kütləviliyinə görə üçüncü yeri tutub.
1920-30-cu illərdə Azərbaycanda ən güclü basketbol komandası “Dəmir yolu” olub. Təsadüfi deyil ki, bu klub uzun illər Azərbaycan çempionu adını heç kimə güzəştə getməyib. Onu da qeyd etmək lazımdır ki, basketbolun inkişafında “Dinamo” idman cəmiyyətinin də öz dəsti xətti olub. Azərbaycanda basketbolun ilk illərində bu idman növünün inkişafında N.Talışxanovun, İ.İonovun, Q.Abramovun, Y.Arunovun, qadinlardan K.Əfendiyevanın, S.Pleskunovanın, Fominanın xidmətləri böyük olub. Məhz bu mütəxəssislər bütün həyatını basketbola həsr ediblər... 

Müstəqillik illərinə gəlincə, 1994-cü ildə Azərbaycan Basketbol Federasiyası (ABF) Beynəlxalq Basketbol Federasiyasına (FİBA) tamhüquqlu üzv qəbul edilib və bu da komandalarımıza beynəlxalq yarışlarda müstəqil dövlətimizin bayrağı altında çıxış etmək hüququ qazandırıb. 1995-ci ildə Türkiyə, Gürcüstan, Türkmənistan və Azərbaycanın kişilərdən ibarət yığma komandalarının iştirakı ilə Bakıda Beynəlxalq turnir keçirilib ki, məhz basketbolçularımız yarışın qalibi olub. Həmin ildə qadınlardan ibarət yığmamız isə Avropa Çempionatının seçmə yarışlarına qatılıb. 1996-cı ildə ABŞ-ın məşhur basketbolçusu Bob Kouzin 70 illiyınə həsr edilmiş turnirdə Azərbaycanın kişilərdən, o cümlədən veteranlardan ibarət yığma komandaları da iştirak edib. Veteranlardan V.Muxin, S.Novruzov, Q.Məmmədyarov, H.Ələkbərov və başqaları Nyu-Norkda keçirilən həmin turnirin iştirakçıları olublar. Ancaq 1997-ci ildən 2000-ci ilə qədər ABF FİBA-nın heç bir toplantı və tədbirlərində iştirak etmədiyinə görə Avropa Basketbol Federasiyasının tamhüquqlu üzvlüyündən xaric edilib. 2000-ci ildə Azərbaycan Basketbol Federasiyasının yeni rəhbərliyinin seçilməsi və beynəlxalq əlaqələrin yeni səviyyəyə qaldırılması sayəsində həmin il Türkiyədə keçirilən FİBA konqressində ABF-nın bu beynəlxalq quruma üzvlüyü bərpa olunub.

Dövlət dəstəyi İslamiada "qızıl"ı gətirdi
 
2002-ci ilin avqust ayında Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev basketbol üzrə Olimpiyа, dünya və Avropa çempionu olan məşhur basketbolçu Rimas Kurtinaytisi qəbul edib. Elə həmin ilin sentyabr ayında Kurtinaytis millimizə baş məşqçi təyin edilib.


Məhşur litvalının Azərbaycana gəlişi ölkəmizdə basketbolun inkişafına güclü təkan verib. Belə ki, 2002-ci ildə Yüksək Liqa yaradılıb. 2003-cü il Kurtinantisin paralel olaraq rəhbərlik etdiyi "Qala" klubunun avrokubokda iştırakı ilə yadda qalıb. Bir il sonra isə kişilərdən və qadınlardan ibarət yığma komandalarımız Andorada keçirilən Avropa İnkişaf Kubokuna qatılıb.
2005-ci il Azərbaycan basketbolu üçün daha yaddaqalan olub. Rimas Kurtinaytisin rəhbərliyi altında kişilərdən ibarət Azərbaycan millisi Səudiyyə Ərəbistanında keçirilən İslam Həmrəylik Oyunlarında 1-ci yeri tutaraq Bakıya qızıl medalla qayıdıb. Ölkə prezidenti cənab İlham Əliyev millini qəbul edərək basketbolçularımızın möhtəşəm qələbəsini xüsusu qeyd etdi: “…İlk dəfə keçirilən İslam ölkələrinin Birinci Həmrəylik Olimpiadasında Azərbaycan basketbolçuları birinci yeri tutublar, çempion olublar. 60-a yaxın ölkənin iştirakı etdiyi yarışlarda birinci yeri tutmaq böyük nailiyyətdir. Mən bu münasibətlə sizi təbrik edirəm və arzu edirəm ki, həmişə Azərbaycanın idman şöhrətini belə yüksək saxlayasınız”..
Həmin il Azərbaycan basketbolunun tarixində ilk dəfə olaraq Uşaq-Yeniyetmə Basketbol Liqası yaradılıb. 2006-cı ildə isə kişilərdən ibarət Azərbaycan millisi Albaniyada keçirilən FİBA-nın Avropa İnkişaf Kubokunda final qarşılaşmasında meydan sahiblərini yenərək 1-ci yeri tutub... 

Basketboldan bir Rəşad keçdi...



2006-cı il Azərbaycan basketbolunda həm də qeyri-adi hadisə ilə yadda qalıb. Belə ki, Azərbaycan futbol millisinin sabiq kapitanı, "Qarabağ" və "Neftçi" kimi ölkənin aparıcı klublarında çıxış etmiş Rəşad Sadıqov bir müddət özünü bu idman növsndə sınayıb. Həmin il o, “NTD Servis Devon”un heyətində liqada çıxış edib. Bu o vaxt idi ki, Rəşad “Kayserispor”dan qayıtmışdı və vaxtında sifariş oluna bilmədiyi üçün "Neftçi"də çıxışı alınmamışdı. Beləliklə, Sadıqov bir müddət futboldan uzaq qaldı. Rimas Kurtinaytis gedəndən sonra yaranan “NTD Servis Devon”da uşaqlıq dostu Tahir Baxşıyevin dəvətini qəbul edən Rəşadın hələ kiçik yaşlarında bu idman növü ilə məşğul olduğunu xatırladaq. O, məşqçi Vladimir Sorokindən bu idman növünün sirrlərini öyrənib, amma paralel olaraq uşaq futbol məşqçisi Vaqif Paşayevin məşqlərinə qatılıb və sonda öz yolunu seçib - Rəşad futbolun dalınca gedib...

Durğunluq, boykot...və inkişaf cücərtiləri 

2008-ci ildə artıq Elxan Əliyevin rəhbərlik etdiyi yığmamız Şotlandiyada ilk dəfə keçirilən Avropa Çempionatının “C” divizionunda 1-ci yeri tutaraq tarixi qələbəyə imza atıb. Ancaq təəssüf ki, bundan sonra basketbol inkişafdan qalıb, durğunluq dövrü yaşanıb. Müxtəlif illərdə aşağı yaşlılardan ibarət yığmalar, 3×3 növü üzrə komanda müxtəlif turnirlərdə çıxış etsə də, əsas millilər yarışlara qatılmayıb. Nəticədə 2021-ci ildə Azərbaycanın əsas yığması FIBA reytinq siyahısından çıxarılıb. Şəraitsizlik, maliyyə problemləri ölkə çempionatına da təsirsiz ötüşməyib. 2018-ci ildə klublar basketbol liqasını boykot ediblər. 


Nəhayət, 2021-ci ilin sonunda Azərbaycan Basketbol Federasiyasında rəhbər dəyişikliyi baş verib. ABF-də seçki konfransı keçirilib ki, 22 il quruma rəhbərlik edən Nadir Nəsibovu təhsil naziri Emin Əmrullayev əvəz edib. Dörd il müddətə prezident seçilən Əmrullayevin federasiyaya gəlişindən sonra Azərbaycan basketbolunda yeni mərhələ başlayıb. Qeyd etdiyimiz kimi, son üç mövsümdə liqa iştirakçıların sayı artan templə davam edir. Doğrudur, ardıcıl iki mövsümdə eyni komanda - "Sabah" ölkə çempionu olub və Azərbaycanı avrokubokda təmsil edib. Ölkə kubokunun son sahibi isə "Neftçi" olub. Ancaq "ağ-qaralar" maliyə səbəbindən qitə turnirinə getmək istəməyib, "Xəzri" də təklifdən imtina edib və beləliklə, "Sabah" yarışda tək qalıb.  

İstənilən halda, basketbol liqasında rəqabət göz önündədir. Yeni mövsümdə isə bizi daha gərgin mübarizə gözləyir. Çünki klublar heyətini gücləndirməkdə davam edirlər. Yeni mövsümün startına isə düz bir ay qalır.  


ABL-də 2024/25 mövsümü 18 oktyabr tarixində başlayacaq. Ötən ildən fərqli olaraq, basketbol üzrə 30-cu Azərbaycan çempionatında 12 komanda çempionluq uğrunda mübarizə aparacaq. Bu mövsümdən etibarən, "Cəlilabad" klubunu "Quba" əvəz edəcək, "Xəzri" "Naxçıvan" olaraq adlandırılacaq, "Xırdalan" klubu isə "Abşeron" adı ilə fəaliyyət göstərəcək. Eyni zamanda yeni yaranmış "Ordu" və "Lənkəran" klubları da yeni mövsümdən çempionatda mübarizəyə qoşulacaqlar. Yeni reqlamentə əsasən, çempionatın oyunları dörd dövrəli 20 turdan ibarət sistem üzrə keçiriləcək. Oyun zamanı meydançada 4 əcnəbi və mütləq şəkildə 1 yerli basketbolçunun iştirak etməsi əsas şərt olacaq. Halbuki, son mövsümlərdə limit 3+2 şəklində idi. Limitin dəyişməsi bir yandan çempionatın rəqabətli keçəcəyini proqnozlaşdırmağa əsas verirsə, digər tərəfdən yerli basketbolçu qıtlığına dəlalət edir...

2024/2025-də müntəzəm mövsümün oyunları "A" və "B" qrupları üzərindən baş tutacaq. Ötən çempionatın nəticələrinə əsasən müntəzəm mövsümü ilk altılıqda bitirmiş, yəni pley-off 'a vəsiqə qazanmış klublar "A" qrupunda, pley-off 'a vəsiqə qazana bilməmiş dörd klub və yeni yaranmış iki klub "B" qrupunda mübarizə aparacaqlar. 

A qrupu: "Sabah" BK, "Naxçıvan" BK, NTD Bakı, "Abşeron" BK, "Neftçi" İK, "Sərhədçi" PİK. 
B qrupu: "Sumqayıt" BK, "Gəncə" BK, "Quba" BK, "Şəki" BK, "Ordu" İK, "Lənkəran" BK. 

Müntəzəm mövsümdə "A" qrupunu ilk 3 sırada tamamlamış klublarla yanaşı, "B" qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaqlar. "A" və "B" qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. 1/8 finalda ən tez iki qələbə qazanmış klublar 1/4 finala vəsiqə qazanacaqlar. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək. Final seriyasında isə ən tez 4 qələbə qazanmış klub Azərbaycan Basketbol Liqasının (ABL) çempionu olacaq. 
Qeyd edək ki, klubların pley-off mərhələsində göstərdikləri uğurlu və ya uğursuz nəticələrə əsasən, növbəti mövsümdən hansı klubların "A" qrupunda, hansı klubların isə "B" qrupunda iştirak edəcəyi müəyyənləşəcək.

"Buna görə daha maraqlı, rəqabətli çempionat gözləyirik" - Federasiya rəsmisi

Yeni mövsüm ərəfəsində Azərbaycan Basketbol Federasiyasının mətbuat sözçüsü Sənan Əliyevin reqlamentdəki dəyişikliklər, yarışa hazırlıq və digər məsələlərlə bağlı fikirlərini öyrəndik. Sabiq basketbolçu olan Sənan bəy Fanat.Az-a bunları bildirdi: "Yəqin ki, reqlamentlə tanışsınız. Yeni mövsümdə 12 komanda mübarizə aparacaq. "Ordu" və "Lənkəran" klubları da yarışa qoşuldu. Bundan başqa, "Xəzri" "Naxçıvan" adı ilə fəaliyyətini davam etdirəcək. Bu o deməkdir ki, daha bir bölgədə basketbol komandası fəaliyyət göstərəcək. Bu isə basketbolun regiona genişlənməsi deməkdir. "Cəlilabad" klubunu "Quba" əvəz edəcək, yəni Şəkidən sonra şimal bölgəmizin daha bir təmsilçisi olacaq. "Xırdalan" isə "Abşeron" adı ilə oynayacaq. Bu komanda Abşeron Olimpiya Kompleksində oynayacaq. Beləliklə, mərkəzi arena olan Bakı İdman Sarayında yalnız paytaxt komandaları oynayacaqlar. Digərləri - "Gəncə", "Şəki", "Quba", "Lənkəran", "Naxçıvan" bölgə komandalarıdır. Federasiya rəhbərliyinin əsas diqqətinin bölgələrə yönəldiyini görürsünüz. Akademiyalar da fəaliyyət göstərir. Gəncədə, Cəlilabadda, Şəkidə, Bakıda akademiyalarımız var. İlk illərə baxanda artıq ölkəmizə yeni gələn legionerlərin səviyyəsinin artdığını da müşahidə edirik. Daha güclü, rəqabətədavamlı komandalar formalaşıb. İnanırıq ki, bu inkişaf yığmamızın çıxışına da müsbət təsirini göstərəcək. Çünki mütləq qaydada parket üzərinə çıxmalı olan 1 yerli basketbolçu amerikalı, avropalı legionerin yanında inkişaf edəcək. Amil Həmzəyev "Neftçi"də, Elşad Şirzadov "Gəncə"də, gənclərdən ibarət millinin üzvü Rəşid Abbasov "Lənkəran"da, Kamran Məmmədov "Neftçi"dədir. "Sabah"da, NTD-də də yaxşı yerli oyunçularımız var. 



Reqlamentə görə, A qrupunda ötən mövsüm pley-offa yüksəlmiş 6 komanda, B qrupunda isə qalan 4 komanda və daha 2 yeni əlavə olunmuş iştirakçı mübarizə aparacaqlar. Çempionata oktyabrın 18-də - Müstəqillik günündə start veriləcək və açılış oyunu mərkəzi arenada keçiriləcək. Gələn keyfiyyətli legionerlərin sayını nəzərə alsaq, maraqlı, rəqabətli çempionat gözləyirik".  

Mirağa Mirzəyev

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.

Chosen
10
50
fanat.az

10Sources