EN

“ADEX” və “Securex Caspian” sərgilərinə həsr olunmuş mətbuat konfransı keçirilib

Sentyabrın 19-da Bakıda regionda müdafiə sənayesinə həsr olunmuş ən nəhəng tədbir olan 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi “ADEX” və 14-сü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi “Securex Caspian” sərgilərinə həsr olunmuş mətbuat konfransı keçirilib.

Herbiand.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Aparat rəhbəri Samir Ağabalayev, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Hərbi-texniki əməkdaşlıq şöbəsinin müdiri Gülsüm Rzayeva, “Caspian Event Organisers” şirkətinin Baş direktoru Fərid Məmmədov, eləcə də “ADEX” və “Securex Caspian” sərgilərinin layihə rəhbəri Ülkər Qasımova iştirak ediblər.

Tədbirə jurnalistlər, müvafiq dövlət strukturlarının təmsilçiləri və tədbirin təşkilat komitəsinin üzvləri qatılıb.

Bildirilib ki, sentyabrın 24-26-da Bakı Ekspo Mərkəzində regionda müdafiə sənayesinə həsr olunmuş ən nəhəng tədbir olan 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” sərgisi keçiriləcək. Paralel olaraq, 14-сü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları “Securex Caspian” sərgisi də təşkil ediləcək. Sərgilərdə 38 ölkəni təmsil edən 270-dək şirkət iştirakını təsdiqləyib. İştirakçı ölkələr Azərbaycanla yanaşı, ABŞ, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Çin, İspaniya, İsrail, İtaliya, Litva, Macarıstan, Pakistan, Qətər, Rusiya Federasiyası, Serbiya, Sinqapur, Slovakiya, Türkiyə, Ukrayna və digərləridir. Builki sərgilər iştirakçıların ümumi sayının 34 faizini təşkil edən yeni şirkətlər hesabına yenilənib. İştirakçı ölkələr arasında Macarıstan, Qətər, Sinqapur və Slovakiya 2022-ci il ilə müqayisədə sərgilərin yeni iştirakçılarıdır. 14 ölkə sərgilərdə milli pavilyonla təmsil olunacaq. Belə ki, Azərbaycan, Belarus, Çexiya, Çin, İtaliya, İsrail, Macarıstan, Pakistan, Qətər, Rusiya, Serbiya, Slovakiya, Türkiyə və Ukrayna sərgilərdə milli pavilyonla iştirak edəcək. 2022-ci il ilə müqayisədə iştirakçıların sayında 32 faiz artım qeydə alınıb.

Ənənəvi olaraq “ADEX” müxtəlif ölkələrdən nüfuzlu qonaqları və nümayəndə heyətlərini cəlb edir. Sərgiyə dünyanın 27 ölkəsindən 53 yüksək səviyyəli rəsmi nümayəndə heyətinin ziyarəti nəzərdə tutulub. Azərbaycan da daxil olmaqla, Belarus, Bəhreyn, Burkina-Faso, Əlcəzair, Gürcüstan, İordaniya, İsrail, İtaliya, Küveyt, Malayziya, Mərakeş, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Pakistan, Rumıniya, Rusiya Federasiyası, Səudiyyə Ərəbistanı, Serbiya, Slovakiya, Somali, Türkiyə, Türkmənistan, Ukrayna, Xorvatiya və Vyetnamı təmsil edən bu nümayəndə heyətləri tərkibində 300-dən çox rəsmi nümayəndənin sərgiyə qatılacağı gözlənilir.

Sərgi Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilir. Sərginin təşkilatçısı “Caspian Event Organisers” və onun beynəlxalq tərəfdaşı “Caspian Event Management” şirkətidir. “ADEX” sərgisinin qızıl sponsorları “Baykar” və “Israel Aerospace Industries”, bürünc sponsoru isə “Barzan Holdings” şirkətidir. Sərgilərin rəsmi tərəfdaşları qismində “AzExpoMontage” MMC, “Caspian Freight Services”, “Atəşgah" Sığorta, “Hyatt Regency Baku”, “Ibis Baku City”, “Radisson Hotel Baku” və “Greenwich Travel Club” şirkətləri çıxış edir.

Sərgilərlə bağlı yenilənən məlumatları rəsmi internet saytlarından (www.adex.az və www.securexcaspian.az) və sosial şəbəkə hesablarından əldə etmək mümkündür.

Chosen
42
2
herbiand.az

3Sources