EN

Rusiya Azərbaycan manatına təsir edən siyasətə başladı...

Image

Məlum olduğu kimi, ötən həftə Rusiya Mərkəzi Bankı faiz dərəcəsini illik 18-dən 19 faizə qaldırıb. Faiz dərəcəsinin artırılması ilə bağlı qərar əhalinin və biznesin inflyasiya gözləntilərinin artması fonunda qəbul edilib. Xatırladaq ki, bank iyulda uçot dərəcəsini 16 faizdən 18 faizə qaldırmışdı.

Rusiyada pul siyasətinin bundan sonra da sərtləşdirilməsinin davam edəcəyi gözlənilir. Çünki inflyasiya həddi nəzərdə tutlduğundan yüksəkdir. Mərkəzi Bankın inflyasiya hədəfi 4 faiz təşkil edir ki, buna da 2025-ci ildə nail olunması planlaşdırılır. Tənzimləyicinin proqnozuna görə, 2024-cü ildə inflyasiya 6,5-7 faiz təşkil edəcək: “Cari inflyasiya təzyiqləri yüksək olaraq qalır. 2024-cü ilin sonuna qədər illik inflyasiyanın 6,5-7 faiz olacağı və proqnoz diapazonunun üzərində qalacağı gözlənilir. Daxili tələbatın artımı hələ də mal və xidmətlərin təklifinin genişləndirilməsi imkanlarını xeyli üstələyir. Dezinflyasiyanı yenidən başlatmaq, inflyasiya gözləntilərini azaltmaq və inflyasiyanın 2025-ci ildə hədəfə qayıtmasını təmin etmək üçün pul siyasətinin əlavə sərtləşdirilməsi tələb olunur”. Pul siyasətinin əlavə sərtləşdirilməsi həm də rublun dəyər itirməsi ilə bağlıdır. Bir çox MDB ölkələri kimi Rusiyada rublunun dəyər itirməsini Azərbaycanda da diqqətlə izləyir. Azərbaycanda ora işləməyə gedən ailə başçıları az deyil. Rusiyada rublun yenidən dəyər itirməsi Azərbaycana xaricdən göndərilən pul vəsaitinə təsir edir. Azərbaycan Mərkəzi Bankından bildirilib ki, Rusiyadan fiziki şəxslər bu ilin yanvar-iyun aylarında Azərbaycana 287 milyon 50 min ABŞ dolları pul baratları göndəriblər. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 320 milyon 855 min dollar və ya 52.9 faiz azdır: “Yanvar-iyul aylarında Rusiyadan Azərbaycana fiziki şəxslər tərəfindən göndərilən pul baratlarının ümumi daxilolmalarda xüsusi çəkisi 50.6 faiz təşkil edib. 2023-cü ilin ortalarında bu rəqəm 68.2 faiz olub”. 2024-cü ilin ilk altı ayı ərzində nağd Rusiya rublu ilə mübadilə əməliyyatların həcminə gəldikdə, alış 3 milyard 866 milyon 467 min, satış isə 1 milyard 177 milyon 667 min rubl təşkil edib. İqtisadçı Rəşad Həsənovun deməsinə görə, Azərbaycanda müəyyən bölgələr var ki, orada yaşayan əhalinin gəlirlərinin formalaşmasında Rusiya iqtisadiyyatının təsirləri daha çoxdur: “Cənub-qərb və şimal bölgələrində bu istiqamətdə meyllik daha güclüdür. Lənkəran iqtisadi regionunun bölgələrində bu göstərici 10 faizdir. Yəni, hər 100 manat gəlirin 10 manatı göndərişlər hesabına formalaşır. Amma reallıqda vəziyyət daha çətindir. Şirvanda isə bu rəqəm cəmi 1 faizdir. Bu aspektdən baxanda Rusiyada baş verənlərin Azərbaycanın fərqli regionlarında fərqli təsirləri müşahidə olunur”. Amma o hesab edir ki, bunlar neytrallaşdırıla bilməyən təsirlər deyil: “Rasional və uzunmüddətli siyasətlə minimizə etmək olar, amma hazırkı şərtlər daxilində bugünkü oyun qaydaları ilə bu təsirlərdən yayınmaq mümkün deyil”. İqtisadçı vurğulayır ki, Azərbaycanda ABŞ dollarından başqa digər bütün valyutalara münasibətdə məzənnə çarpaz yolu ilə dollara münasibətdə müəyyən edilir: “Yəni, valyuta ABŞ dollarına münasibətdə dəyərini itirirsə, avtomatik olaraq manata münasibətdə də dəyərini itirir”.

Xatırladaq ki, Rusiya Azərbaycanın qeyri-neft ixracatında ən böyük ticarət tərəfdaşıdır və bu baxımdan rublun zəifləməsi manatın nominal effektiv məzənnəsini daha da möhkəmləndirir. Bu isə o deməkdir ki, Azərbaycan qeyri-neft ixracat bazarlarının mümkün qədər daha tez diversifikasiyasına çalışmalıdır. Bütövlükdə, Rusiyanın valyuta gəlirlərinin azalması fonunda şimal qonşumuzun iqtisadiyyatındakı çağrışların dərinləşəcəyi gözləniləndir. Bu fonda ekspertlərə görə, Rusiyada fəaliyyətini davam etdirən azərbaycanlı iş adamlarının da həm yığımlarını, həm də sərmayə qoyluşlarını şaxələndirmələri çox vacibdir. Indilikdə Moskvada səsləndirilən nikbin açıqlamalara rəğmən, sanksiyalar rublu sıxmaqdadır. Şimal qonşumuza daxil olan xarici valyutanın azalması məzənnəyə təsirsiz ötüşmür. İxrac imkanları məhdudlaşan Rusiyada xarici valyutaya tələbin artması da müşahidə olunur. Sanksiyalar genişləndikcə Rusiya iqtisadiyyatında neqativ trendlərin dərinləşəcəyi gözləniləndir. Reallıq bundan ibarətdir ki, Rusiya Mərkəzi Bankının alətləri çoxsaylı deyil və bu da intervensiya imkanlarını məhdudlaşdırır. Rublun ucuzlaşmasının manata təsirlərinə gəldikdə isə bir daha qeyd edək ki, Azərbaycan üzən məzənnə rejiminə keçmədiyi üçün milli valyutanın məzənnəsində Mərkəzi Bankın mövqeyi həlledicidir. Bu arada İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş makroiqtisadi proqnozlarda 2025-2028-ci illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi sabit, cari ilin səviyyəsində götürülüb. Deməli, manat hələ 4 il mövqeyini qoruya biləcək. Hələlik dolların qiyməti sabit qalsa da, Azərbaycanda dollara tələbat ötən illərə nisbətən kəskin artıb. Mərkəzi Bankın məlumatına əsasən, 2024-cü ilin yanvar-iyul aylarında Azərbaycan Mərkəzi Bankında keçirilən valyuta hərraclarında 4,1 milyard dollar məbləğində satış olub. Amma ölkənin valyuta ehtiyatları da 72 milyard dolları keçib.

Ramil QULİYEV





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
8
baki-xeber.com

1Sources