Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov 20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib. SİA xəbər verir ki, təbrik məktubunda deyilir:“Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar və mülki işçilər!Sizi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə yeni təsis edilmiş və müstəqil dövlətçilik tariximizin ən əlamətdar bayramlarından biri olan 20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, çətin və şərəfli xidmətinizdə müvəffəqiyyətlər arzulayıram.Müzəffər Ali Baş Komandanın müdrik və uzaqgörən siyasəti nəticəsində ölkəmizdə dayanıqlı iqtisadi inkişafa nail olunub, müdafiə qüdrətimizin artırılması istiqamətində böyük uğurlar əldə edilib. Azərbaycan Ordusunda həyata keçirilən geniş islahatların müsbət nəticələri tarixi qələbələrimizi təmin edib.2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi Azərbaycan Silahlı Qüvvələrinin tam qələbəsi və torpaqlarımızın işğaldan azad edilərək ərazi bütövlüyümüzün bərpası ilə başa çatıb. Lakin şanlı Zəfərimizdən sonra Ermənistan silahlı qüvvələrinin qalıqları ölkəmizin ərazisindən çıxarılmayıb, təxribatlar yenə də davam etdirilib. Azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri aparan mülki şəxslərin və Böyük Qayıdışa dair Dövlət Proqramına müvafiq olaraq, öz doğma yurd yerlərinə qayıdan dinc sakinlərin təhlükəsizliyinin təmin olunması və ölkəmizin bütün suveren ərazilərində Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə 2023-cü il sentyabrın 19-20-də Qarabağ iqtisadi rayonunda antiterror əməliyyatı həyata keçirilib.Cəmi 23 saat davam etmiş unikal antiterror əməliyyatı zamanı qarşıya qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirən rəşadətli Ordumuzun qazandığı növbəti tarixi Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilib.Müstəqilliyimizin simvolu olan Azərbaycan Respublikasının Dövlət Bayrağı bu gün suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.Bu möhtəşəm tarixi hadisəni böyük təntənə ilə qeyd edərkən qürur hissi ilə bildirməliyəm ki, tarixi qələbələrimizin təməli xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuş və Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qətiyyətlə davam etdirilərək şanlı Zəfərə nail olunub.Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsini hər zaman olduğu kimi bu tarixi gündə də dərin hörmət və ehtiramla anırıq. Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində şəhidlərimizin ailə üzvləri, sağlamlığını itirən döyüşçülərimiz və müharibə veteranlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması, qayğı və problemlərinin həlli istiqamətində bütün zəruri tədbirlər həyata keçirilir.Azərbaycanın suverenliyi uğrunda şəhid olan hərbi qulluqçularımızın ailə üzvlərini, sağlamlığını itirən silahdaşlarımızı və əziz veteranlarımızı bayram münasibətilə təbrik edir, onlara ən xoş arzularımı çatdırıram.Bir daha sizi 20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, uzun ömür, şərəfli xidmətinizdə daha böyük uğurlar arzulayıram”.