Oktyabrın 9-10-da Qırğızıstan Respublikasının paytaxtı Bişkekdə türk dövlətlərinin süni intellekt üzrə sammiti keçiriləcək.
Teleqraf.com Report-a istinadən xəbərə görə, tədbir türk ölkələrindən, Mərkəzi Asiyadan və bütün dünyadan dövlət orqanlarının nümayəndələrini, Süni intellekt sahəsində aparıcı ekspertləri, biznes icmasını, elmi dairələri və İT icmasını bir araya gətirəcək.
“Sammit Süni intellekt sahəsində ən son nailiyyətlərin müzakirəsi, təcrübə mübadiləsi və Süni intellektin dövlət idarəçiliyinə, biznesə və sosial təşəbbüslərə tətbiqinin sürətləndirilməsi üçün strategiyaların hazırlanması üçün unikal platforma olacaq. Türk Dövlətləri Təşkilatının (TDT) üzv ölkələrinin nümayəndələri: Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə iştirak edəcək. Türkmənistan və Macarıstan müşahidəçi ölkə statusunda olacaq”, – məlumatda deyilib.
Sammitin məqsədləri:
Türk dünyasında Süni intellektin inkişaf strategiyalarının hazırlanması;
TDT ölkələrində innovasiya və texnoloji tərəqqinin təşviqi;
Türk dillərinin qorunması və inkişafı üçün Sİ-dən istifadə;
Süni intellekt sahəsində iqtisadi və elmi-texniki əməkdaşlığın gücləndirilməsi;
Süni intellekt layihələrinə və startaplara investisiyaların cəlb edilməsi;
Süni intellektin istifadəsi ilə bağlı etik və hüquqi məsələlərin müzakirəsi.
Dövlət orqanları Süni intellektin dövlət idarəçiliyinə tətbiqi üzrə ən yaxşı təcrübələrə çıxış əldə edəcək və beynəlxalq əməkdaşlığı gücləndirə biləcəklər. Biznes icması yeni müştərilər və tərəfdaşlar tapa, yeni bazarlara çıxa və öz innovativ süni intellekt həllərini nümayiş etdirə biləcək. Akademik dairələr elmi və tədqiqat tərəfdaşlıqları qura, həmçinin öz layihələri üçün maliyyələşdirmə cəlb edə biləcəklər.
Sammit çərçivəsində İT tərtibatçıları üçün ixtisaslarını artırmaq və ən yeni texnologiyalarla tanış olmaq imkanı verəcək ustad dərsləri və seminarlar keçiriləcək.