Ağdam, 21 sentyabr, T.Ağaməmmədov, AZƏRTAC
Ağdam rayonunda tikinti-quruculuq işlərinin geniş vüsət aldığı yaşayış məskənlərindən biri də Xıdırlı kəndidir. Kəndin təməli 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev tərəfindən qoyulub.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabi AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, Ağdam şəhərinin mərkəzindən 3 kilometr məsafədə yerləşən Xıdırlı kəndində 5093 nəfərin məskunlaşdırılması planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 418 hektardır. Kəndin salınmasının birinci mərhələsi üçün 170 hektar torpaq sahəsi ayrılıb. Birinci mərhələdə kəndə 2951 nəfərin köçürülməsi üçün 719 fərdi ev tikilir. Bu evlər 2,3,4 və 5 otaqlı olacaq.
Evlərin hər birində torpaq və bünövrə işləri, 643 fərdi evin isə hörgü işləri tamamlanıb, hazırda xarici və daxili bəzək işləri görülür. Həmçinin kənddə mərkəzi kommunikasiya sisteminin və yol infrastrukturunun da inşası davam etdirilir. Çoxfunksiyalı bina, ailə sağlamlıq mərkəzi, bayraq meydanı, klub-icma mərkəzi, məktəb, uşaq bağçası, xalq sənətkarlıq emalatxanaları və satış köşkləri, bazarın tikintisi aparılmaqdadır.