Xalqımızın azadlığını, suverenliyini, milli kimliyini tərənnüm edən üçrəngli, ay-ulduzlu bayrağımız milli qürurumuzdur. 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbə və 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun apardığı birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz həm ərazi bütövlüyünü, həm də suverenliyini tam bərpa etdi. Bu gün Azərbaycanın dövlət bayrağı ölkəmizin bütün ərazisində qürurla dalğalanır.
Sentyabrın 19-da Prezident İlham Əliyevin iştirakı ilə Qarabağın baş tacı Şuşa şəhərində Bayraq Meydanının açılışının olması hər bir Azərbaycan vətəndaşında iftixar və qürur hissi yaradıb.
“İki sahil” xəbər verir ki, Şuşa Şəhər Dövlət Qoruq İdarəsinin əməkdaşı Müslüm İmranlı bildirib ki, Şuşa şəhərində Bayraq Meydanının yeni̇dən qurulması i̇şləri̇nə 2024-cü ilin may ayında başlanılıb. Bayraq Meydanı amfiteatr ilə əhatələnib. Ərazinin ümumi sahəsi 9190 kvadratmetr, yaşıllıqların sahəsi 3693 kvadratmetr, bayraq dirəyinin hündürlüyü isə 11,7 metrdir. Ərazidəki çoxillik bitkilərin mütləq əksəriyyəti saxlanılaraq layihəyə inteqrasiya olunub. Yaşıllaşdırma işlərində yerli bitkilərdən, o cümlədən çinar ağaclarından istifadə edilib. Burada müasir oturacaqlar və işıqlandırma sistemi quraşdırılıb.
Bayraq Meydanının ətrafında Şuşa şəhərinin Baş Planına uyğun olaraq Zəfər muzeyinin, çoxfunksiyalı konsert-tamaşa zalının və alış-veriş mərkəzinin də inşa edilməsi nəzərdə tutulur.