EN

 “Böyük Qayıdış” uğurları

I Dövlət Proqramı çərçivəsində azad ərazilərdə nəzərdə tutulan planlar tam icra olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası ilə bağlı 2024-cü ilin birinci yarısı üzrə monitorinq və qiymətləndirmə prosesini yekunlaşdırıb. Monitorinqin nəticələrinə əsasən, ötən dövr ərzində azad edilmiş ərazilərdə, şəhər və kəndlərin yenidən qurulması və bərpası, müasir infrastrukturların yaradılması, elektrik enerjisi, təbii qaz, su, rabitə, yol, təhsil, səhiyyə, mədəniyyət, mənzil-kommunal və digər zəruri infrastrukturların yenidən qurulması, yaşayış evlərinin  tikintisi, həmçinin iqtisadi fəaliyyət sahələri üzrə layihələr nəzərdə tutulan planlar üzrə tam icra olunub.

Yol-nəqliyyat, enerji-rabitə, kommunal infrastrukturlar... 

Tədbirlər planı çərçivəsində “Ərazilərdə təhlükəsiz yaşayışın və dövlət idarəetməsinin təşkili” prioriteti üzrə 28 min hektara yaxın ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib. Zəruri müdafiə strukturlarının yaradılması, təhlükəsizlik məqsədilə yeni hərbi infrastrukturların qurulması təmin edilib, Laçın dövlət sərhədinin buraxılış məntəqəsində “Laçın” gömrük postu qurulub. Zəruri kommunal və sosial infrastrukturların qurulması istiqamətində də xeyli iş görülüb. Ərazilərin elektrik enerjisi ilə təchizatı üçün 72,2 km 110 kv-luq, 262 km 330 kv-luq uzunluqda elektrik verilişi xətləri çəkilib. Poçt və telekommunikasiya xidmətləri infrastrukturunun qurulması məqsədilə 2 yaşayış məntəqəsində, inzibati binada poçt xidmətləri yenidən təşkil edilib, 1 radio-televiziya yayımı stansiyasının fəaliyyəti təmin edilib. Mobil telekommunikasiya xidmətlərinin təşkili üzrə 11 yeni baza stansiyası quraşdırılıb. 5 km uzunluğunda dəmir yolu xəttinin çəkilişi başa çatdırılıb.

Dövlət proqramı çərçivəsində zəruri yol-nəqliyyat infrastrukturlarınnı inşası da sürətlə davam etdirilməkdədir. Həmin nəhəng infrastrukturlardan biri - Zəngəzur dəhlizinin ən mühüm qovşaqlarından olan Horadiz-Ağbənd dəmir yolu xəttinin layihələndirilməsi işlərinin 85 faizə yaxını yerinə yetirilib. Eləcə də, Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun, Ağdam şəhərinin daxili yollarının, Xudafərin-Qubadlı-Laçın, Əhmədbəyli-Füzuli-Şuşa, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd,Toğanalı-Kəlbəcər-İstisu və Şuşa-Laçın avtomobil yollarının tikintisi davam etdirilib. Füzuli və Zəngilan ?ava limanlarında uçuşların təşkili təmin edilib.

800-dən çox yeni iş yeri yaradılıb...

Hesabat dövründə əhalinin geri qayıdışının təmin edilməsi məqsədilə 767 ailə olmaqla, 2904 nəfər Şuşa, Füzuli və Laçın şəhərləri, Laçın rayonunun Zabux və Sus kəndlərinə köçürülüb. Sakinlərin məşğulluq imkanları və sosial şəraitinin yaxşılaşdırılması üçün müvafiq proqramlar icra olunur. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2024-2026-cı illərdə əhalinin məşğulluq imkanlarının artırılmasına dair Tədbirlər Planı”nın icrası ilə əlaqədar əhalinin qayıdış ardıcıllığı nəzərə alınmaqla məşğulluq imkanlarının qiymətləndirilməsi və vakansiyalar üzrə işin aparılması, peşə təhsilinin və hazırlığının təşkili, ictimai işlərə və özünüməşğulluq proqramına cəlb edilməsi və digər bu kimi aktiv proqramların dəstəklənməsi istiqamətində görülən işlər sayəsində də əhəmiyyətli nəticələr əldə olunub. 2024-cü ilin birinci yarısında işğaldan azad edilmiş rayonlarda 840 yeni iş yeri yaradılıb ki, onun 299-u Laçının, 232-si Şuşanın, 103-ü Ağdamın, 42-si Kəlbəcərin, 38-i Cəbrayılın, 37-si Füzulinin, 15-i Xankəndinin, digərləri isə başqa rayonların payına düşür. Bu proses fasiləsiz olaraq davam etdirilir və ilin sonunda bu bölgədə iş yerlərinin sayının 1200-ü ötəcəyi gözlənilir.

2 bank filialı, 611 POS-terminal...

Doğma evlərinə geri dönən və hazırda Böyük Qayıdışa uyğun olaraq yeni inşa edilən qəsəbə və kəndlərə köçməyə hazırlaşan əhalinin bank və maliyyə xidmətləri ilə təmin edilməsi istiqamətində lazımi infrastrukturlar yaradılıb, bank filiallarının sayı ümumilikdə 2-yə çatdırılıb. Həmçinin, bank, sığorta və maliyyə xidmətlərinə çıxış imkanını genişləndirmək məqsədilə regionda fəaliyyət göstərən kredit və bank qurumları ilə birgə əlavə tədbirlər görülməkdədir. Hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə azad edilmiş ərazilərdə banklar və “Azərpoçt” tərəfindən quraşdırılmış POS-terminalların sayı 611 ədəd təşkil edir, yaxın dövrdə onların sayı ən azı 2 dəfə artırılacaq.

170 layihə üzrə rezidentlərin fəaliyyəti təmin edilib

Azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə-kredit təminatı ilə bağlı tədbirlərdə də əhəmiyyətli müsbət dinamika nəzərə çarpır. Həm dövlət, həm də dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində həyata keçirilən layihələr bu bölgədə infrastruktur layihələrinin icrası ilə yanaşı, sənaye, tikinti, nəqliyyat, kənd təsərrüfatı, rabitə, ticarət və digər sahələrin ümumi inkişafı Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında əlavə dəyərin artımını təmin edib.

Sahibkarlıq fəaliyyəti üçün əlverişli mexanizmlərin yaradılması istiqamətində regionlarda fəaliyyət göstərən sənaye parklarında 11 müəssisə rezident, 1 müəssisə isə qeyri-rezident kimi qeydiyyata alınıb. Emal sənayesi və xidmət infrastrukturunun inkişaf etdirilməsi istiqamətində ümumilikdə, 170 layihə üzrə rezidentlərin fəaliyyəti təmin edilib. 3 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə güzəştli kredit verilib. Azad edilmiş ərazilərdə fəaliyyət göstərən 12 kənd təsərrüfatı məhsullarının istehsalçısına dövlət büdcəsinin vəsaiti hesabına əkin subsidiyası ödənilib.

1700-dən çox fərdi sahibkar qeydiyyatdan keçib

Həmin ərazilərdə yeni fəaliyyətə başlayan sahibkarlıq subyektlərinin də sayında artım qeydə alınıb. Belə ki, hesabat dövründə azad edilmiş rayonlarda 159 yeni müəssisə və təşkilat, 1726 yeni fərdi sahibkarlıq subyekti dövlət qeydiyyatından keçib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə yeni yaradılmış müəssisə və təşkilatların sayı 90, fərdi sahibkarların sayı isə 488 vahid artıb.

Bu tədbirlər bölgədə iqtisadi dinamikaya səbəb olub, həmin iqtisadi rayonların hər birində müsbət templər qeydə alınıb. Xüsusilə də, Laçında inkişaf dinamikası 5 dəfə, Kəlbəcərdə 2,1 dəfə, Füzulidə 1,8 dəfə artıb. Qubadlıda iqtisadi artım dinamikası 65 faiz, Ağdamda isə 58 faiz təşkil edib.

Hökumət bu bölgədə biznes fəaliyyəti ilə məşğul olanlara iqtisadi-vergi güzəştləri tətbiq edir. Belə ki, sahibkarlar 10 il müddətinə mənfəət, əmlak, torpaq və sadələşdirilmiş vergidən azad olunub, məcburi dövlət sosial sığorta haqqı subsidiyalaşdırılıb. Bölgədə vergi uçotuna alınan və istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən istifadəyə görə ödədikləri vəsaitin 20 faizi məbləğində maliyyə yardımı ödənilir. Sahibkarların maliyyə əlçatanlığının artırılması üçün güzəştli kreditlər verilir. Sahibkarlar bank və bank olmayan kredit təşkilatlarından əldə etdikləri kreditlər üzrə dövlət zəmanəti və subsidiyadan yararlana bilərlər. İnvestisiya layihəsi həyata keçirən sahibkarların məbləği 5 milyon manatadək, müddəti 7 ilədək, illik faiz dərəcəsi 15 faizdək olan biznes kreditlərinin 90 faizlik hissəsinə dövlət zəmanəti verilir. Bu kreditlərin illik faiz dərəcəsinin 10 faiz bəndi 36 aya qədər müddətdə dövlət tərəfindən subsidiyalaşdırılır.

Ötən il bölgəyə 5,5 milyard manat sərmayə yatırılıb

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına ötən il sərmayə qoyuluşları da ölkə üzrə investisiya portfelində xüsusi üstün yer tutub. Ən böyük yatırımlarda paytaxt Bakı şəhəri ilk yerdə dayansa da, azad edilmiş ərazilərdəki rayonlar sonrakı yerləri tutub. Bu rayonlarda 2023-cü ildə kapital qoyuluşlarının həcmi təxminən 5,5 milyard manat təşkil edib. Belə ki, ötən il Laçına yatırılmış sərmayələrin həcmi 1,5 milyard manat, Kəlbəcərə 880 milyon manat, Füzuliyə 677 milyon manat, Cəbrayıla 639 milyon manat, Şuşaya 623 milyon manat, Zəngilana 590 milyon manat, Ağdama isə 568 milyon manat olub.

Göründüyü kimi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında zəruri infrastrukturların yaradılması və əhalinin geri dönüşü ilə paralel şəkildə, iş yerlərinin yaradılması, məşğulluq layihələri də dayanmadan icra olunur. Bu isə biznesin fəallığının artması sayəsində bölgənin iqtisadi inkişafında tamamilə yeni mərhələ başlayacaq.

E.CƏFƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
14
1
yeniazerbaycan.com

2Sources