Yazımıza qısa hüquqi arayışla başlayırıq. Ermənistanın bu yaxınlarda böyük həvəslə qoşulduğu Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna əsasən, “əhalinin deportasiyası və ya zorla köçürülməsi” dedikdə, köçürülməyə və ya digər məcburi tədbirlərə məruz qalan insanların qanuni yaşadıqları ərazidən zorla çıxarılması nəzərdə tutulur. Yəni, gözünü yumub, ağzınızı göyə açıb, “deportasiya, etnik təmizləmə, zorla köçürülmə” çığırmaqla məsələ həll olunmur. Bunları beynəlxalq hüquq müstəvisində sübut etməlisiniz. Amma belə bir sübut yoxdur və ola da bilməz. O da maraqlıdır ki, bir il əvvəlki hadisələrlə bağlı İrəvan və ermənipərəst dairələr Azərbaycanı ittiham edirlər, amma bu zaman bir dəlil belə ortaya qoya bilmirlər.
Bu dəfə də belə oldu. Ermənistan Xarici İşlər Nazirliyi, bu ölkənin eks-ombudsmanı 2023-cü il sentyabrın 19-20-də ordumuz tərəfindən öz suveren ərazilərimizdə aparılan antiterror tədbirlərini “Dağlıq Qarabağa hücum” və “etnik təmizləmə” kimi qələmə verməyə çalışırlar. “Sülhpərvər ölkə olduğunu iddia edən Ermənistan tərəfindən Azərbaycanın əzəli və əbədi torpağı olan Qarabağın “Dağlıq-Qarabağ” kimi qondarma adla çağırılması Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı hörmətsizliyin bariz nümunəsidir”. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistan XİN-nin 19 sentyabr tarixli bəyanatına dair şərhində bildirib. Şərhdə daha sonra deyilir ki, ötən ilin 19–20 sentyabr tarixləri arasında Azərbaycan Silahlı Qüvvələri tərəfindən 24 saatdan az bir müddətdə suveren ərazilərimizdə aparılan antiterror tədbirləri beynəlxalq hüquqa, o cümlədən, beynəlxalq humanitar hüquqa tam uyğun şəkildə həyata keçirilib: “Azərbaycanın öz torpaqları üzərində suverenliyini bərpa etməsi tarixinin ən şanlı səhifələrindən biri olmaqla yanaşı, beynəlxalq hüquq və ədalətin təntənəsidir”. XİN rəsmisinin şərhində o da vurğulanır ki, Ermənistan tərəfinin təhrikedici səylərinə və təbliğatına baxmayaraq, antiterror tədbirləri zamanı mülki əhali hədəf alınmadı, mülki infrastruktura ziyan vurulmadı, yalnız legitim hərbi infrastruktur və obyektlər sıradan çıxarıldı.
* * *
Ermənistanın keçmiş ombudsmanı Arman Tatoyanın dərc etdiyi hesabatda isə bir il əvvəl Qarabağdakı mülki əhalinin “gözlənilməz hücumla” üz-üzə qaldığı, “ailələrin bir qisminin çörək axtarışında, uşaqların məktəbdə olması səbəbindən bir-birindən ayrı düşdüyü, onlarca insanın həlak olduğu” qeyd olunur. Ombudsmanın Azərbaycanın məcburiyyət qarşısında keşirdiyi antiterror tədbirinin səbəbi kimi göstərdiyi motiv çox maraqlıdır: “Bir il bundan əvvəl baş verənlərin hamısı Azərbaycan dövlətinin ermənilərə qarşı dərin nifrət və irqçilik siyasətindən qaynaqlanırdı”.
İki əsrdir ki, beşikdəki çağanı da türkə nifrət ruhunda tərbiyə edən bir qövmün insan haqları müdafiəçisi bizi onlara “dərin nifrət” bəsləməkdə suçlayır. Xocalı, Bağanıs Ayrım, Başlıbel qətliamlarını törədən terrorçu dövlətin sabiq ombudsmanının məntiqinə görə, 30 il ərazimizin 20 faizini işğalda saxlayan separatçı rejimin hüzuruna gül-çiçəklə getməli imişik. Həqiqətən də, rəsmi Bakının yaşayış yerlərini tərk etməmək barədə çoxsaylı müraciətlərinə, təklif etdiyi reinteqrasiya proqramına baxmayaraq, ermənilər ərazimizi könüllü şəkildə tərk etmək qərarı verdilər. İndi onların azad seçimini “etnik təmizləmə” kimi qələmə vermək hüquqi nonsens olmaqla yanaşı, həm də riyakarlıq və ikiüzlülük nümunəsidir. Və bunu işğal etdiyi torpaqlarımızdan soydaşlarımızı silahla qovan, onlara qarşı kütləvi qırğınlar törədən Hayastan bəyan edir. Nifrəti silaha çevirənlərin son aqibəti necə olmalı idi ki?
* * *
Heç nəyi unutmamışıq. O cümlədən, dünya güclərinin himayəsindən ruhlanan inadkar Ermənistanın separatçı qurumun qalıqlarını maliyyələşdirməsini, onu silahlandırmağı dayandırmadığını da xatırlayırıq. İrəvan və Parisin, eləcə də ermənipərəst dairələrin ölkəmizin suverenliyinin tam bərpasına yol verməmək üçün hansı tələləri qurmağa çalışdıqları da yadımızdadır. Bunların heç birinin faydası olmadı. Sonda suda boğulanlar saman çöpündən yapışan təki, ermənilərin də Azərbaycanın Qarabağ bölgəsindən Ermənistana könüllü köçməsini təşkil etdilər. Azərbaycan vətəndaşlığını qəbul etmək şərti ilə ölkəmizin digər sakinlərinin sahib olduqları imtiyazlara razı olmadılar, getməyə üstünlük verdilər. Ermənilərin Qarabağdan Ermənistana köçməsi Azərbaycana düşmən olan qüvvələrin, o cümlədən, “miatsum” ideyaları ilə hələ də vidalaşmamış Hayastan iqtidarının, erməni kilsəsinin, diasporun və nəhayət, Cənubi Qafqazdakı geosiyasi dəyişikliklə barışmaq istəməyən bəzi “güclərin” əlində “dəstavüza” çevrildi. Həmin qüvvələrə sonradan Azərbaycanı “etnik təmizləmə”də ittiham və öz şərtləri ilə gedənlərin geri qaytarılmasını tələb etmək üçün məhz ermənilərin köçməsi lazım idi.
Heç bir beynəlxalq təşkilat və ya dövlət terrorla mübarizə əməliyyatını “hərbi hücum”, “etnik təmizləmə” kimi tanıya bilməz. Çünki Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir. Dövlət öz ərazisinə hücum edə bilməz. Üstəlik, əməliyyatın gedişində Paşinyan artıq neçənci dəfə Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdığını etiraf etdi.
Hazırda rəsmi Bakı İrəvanın sülh danışıqlarını pozmağa yönəlmiş növbəti təxribatına şahidlik edir. Aşkar görünən odur ki, Ermənistan və onun himayədarları yeni nəsillər arasında nifrət yaratmaq məqsədilə müəyyən “ideoloji proqram” hazırlamaq kimi dağıdıcı yol seçiblər. Yəni, bu o deməkdir ki, Azərbaycan hər cür təxribatlara hazır olmalıdır. Bunu haylarla qonşuluğun gətirdiyi fəsadlar və həyatın özü tələb edir. Klassiklərdən birinin dediyi kimi, sülh bir çox hallarda yalnız arzularda reallaşır.
* * *
“Bir il bundan əvvəl Azərbaycan Dağlıq Qarabağa (?) silahlı hücum edib və 100 mindən çox insanı məcburi köçkün vəziyyətinə salıb. Bununla da XXI əsrin tarixində ilk etnik təmizləmə (?) həyata keçirib”. Bunu Avropa Parlamentinin plenar iclasındakı çıxışında fransalı deputat, Avroparlamentin xarici əlaqələr komissiyasının təhlükəsizlik və müdafiə alt komitəsinin sədri Natali Luazo deyib.
Həm ermənipərəst mövqeyi, həm də tipaj olaraq keçən əsrin 90-cı illərindəki Qalina Staravoytovaya bənzəyən Natali Luazo Aİ-nin rüşvətxor məmur və deputatları ilə tez-tez Ermənistana gəlir, sərhəddə şəkillər çəkdirir, Azərbaycanın ünvanına hədyanlar yağdırırdı. Bu, həmin Luazodur ki, 2023-cü ilin iyununda başının dəstəsi ilə Laçın sərhədində “pusquda durmuş” Aİ-nin missiyasının üzvləri, Zəngəzurda “Qarabağ köçkünləri” ilə görüşmüş, Laçın büraxılış məntəqəsinə beynəlxalq qüvvələrin yeridilməsini, bununla bağlı BMT-nin təcili qətnaməsini tələb etmişdi.
İndi isə Azərbaycanın evsahibliyi edəcəyi COP29-un iştirakçılarına “ermənilərin “Dağlıq Qarabağa qayıtmaları, əsirlərin buraxılması” tələbi ilə rəsmi Bakıya çağırış etmələrini istəyir. O, hətta, bu tələbini Azərbaycanın Ermənistanla sülh sazişi imzalamadığı ilə əsaslandırır.
Reallıqla barışmaq, onu həzm etmək istəməyənlərin problemini başa düşürük. Anlaşılmayan odur ki, bütün cəbhələrdə uduzmuş və tam iflasa uğramış haylar, sanki, yüz il əvvəlin havası ilə nəfəs alır, letargik yuxudan ayılmaq istəmirlər.
“Biz göstərdik ki, güclü iradə, peşəkarlıq, vətənpərvərlik, milli ruhda tərbiyə olunan gənc nəsil olarsa, heç bir qüvvə o xalqın qabağında dura bilməz. Nə çoxqatlı müdafiə xətti, nə Ermənistan ordusunun coğrafi üstünlüyü, – çünki bütün təpələrdə onlar yerləşmişdi, – nə böyük dövlətlər, nə də Ermənistanı silahlandıran, onlara mənəvi və fiziki yardım göstərən dövlətlər. Heç kim!”.
Bu sözləri Prezident İlham Əliyev Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşündə söyləyib. Bəli, bundan sonra heç kim bizimlə nə gücün dili ilə danışa, nə də bizi tutduğumuz yoldan döndərə bilər. Çünki güclü siyasi iradəyə söykənən Azərbaycanın inamla addımladığı bu yol ədalət və dürüstlükdən keçir.
Rasim MUSABƏYOV,
Milli Məclisin deputatı, politoloq
Ermənilərin indi bacardıqları yeganə məşğuliyyət boş-boş çığırmaqdır. Reallıq ondan ibarətdir ki, üçtərəli bəyanata uyğun olaraq, Azərbaycan dəfələrlə Ermənistandan ordusunun qalıqlarını Qarabağdan geri çəkməsini tələb edirdi. Bunu etməyin əvəzinə, hoqqabazlıqla məşğul idilər. Guya, orada qalan özünümüdafiə polis qüvvələridir. Məgər özünümüdafiənin yüzlərlə tankı, BTR-i, BMP-si, artilleriya və reaktiv qurğuları olur? İnadkarlıq göstərənin cavabı bu cür olmalıydı. Azərbaycanın antiterror tədbirlərini minimum itikilərlə həyata keçirməsinə bütün dünya mat qalıb. Bəli, ordumuz əlində o boyda silah-sursatı olan qüvvəni bir günə təslimə məcbur elədi. Yalnız hərbi obyektlər vuruldu. Bu məsələdə Azərbaycana heç kəs irad tuta bilməz.
İsrail bir ilə yaxındır ki, Qəzzada hərbi əməliyyat aparır və dinc əhali də daxil olmaqla 40 mindən çox insan həlak olub. Amma biz bircə günə əməliyyatı yekunlaşdırdıq və separatçıları torpağımızdan qovduq. Uzatdığımız əli rədd edəndə, təbii ki, Azərbaycan antiterror tədbirini reallaşdırmağa məcbur oldu. O ki qaldı, mülki ermənilərin oradan çıxmasına, onların beyinlərini 30 ildən çox idi ki, azərbaycanlılarla birgə yaşamağın mümkünsüzlüyü nağılı ilə doldurmuşdular. Belə separatist düşüncə tərzi onların son aqibətini müəyyənləşdirdi. Həmin ermənilərə belə bir nağıl da danışmışdılar ki, Kosovodan da albanları çıxarmışdılar, amma sonra Amerika serbləri bombalamaqla geri qayıtmanı təmin etdi. Məhz belə xəyallarla yaşayan ermənilər Azərbaycanın da üstünə kiminsə yeriyəcəyini gözləyirdilər. Bu, baş vermədi və ola da bilməzdi.
Necə ki, vaxtilə Xorvatiya öz ərazisində yüksək muxtariyyata qane olmayan 600 minə yaxın serbi eyni üsulla – antiterror əməliyyatı ilə çıxardı. Sonradan geri qayıdan 100 mindən bir qədər çox serb Xorvatiya vətəndaşlığını qəbul edib, heç bir muxtar hüquqlara malik olmadan yaşayır. Axı, eyni variantı Azərbaycan da təklif etmişdi. Yox, bunlara ordumuzun, polisimizin, Azərbaycan hökumətinin olmadığı Qarabağ lazım idi. İndi üstümüzə yeriyən ermənipərəst dairələr isə heç nəyə nail ola bilməyəcəklər.
İmran BƏDİRXANLI
XQ