EN

Böyük Qayıdışa dair növbəti icra monitorinqi başa çatıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası ilə bağlı cari ilin birinci yarısı üzrə monitorinq və qiymətləndirmə prosesini yekunlaşdırıb.

Mərkəzdən redaksiyamıza bu barə­də verilən məlumatada adıçəkilən dövlət proqramı çərçivəsində 28 min hektara yaxın ərazinin minalardan və partlamamış hərbi sursatlardan təmizləndiyi bildirib. Laçın dövlət sərhədinin buraxılış məntəqə­sində “Laçın” gömrük postu qurulub.

Hesabat dövründə 767 ailə olmaqla 2904 nəfər keçmiş məcburi köçkün Şuşa, Füzuli və Laçın şəhərlərinə, Laçın rayonu­nun Zabux və Sus kəndlərinə köçürülüb. Azad edilmiş ərazilər üzrə, ümumilikdə, 612 nəfər işlə təmin edilib.

Qarabağ və Şərqi Zəngəzurda yüksək gərginlikli elektrik enerjisi təchizatı üçün 72,2 kilometrlik 110 kv-luq, 262 kilo­metrlik 330 kv-luq elektrik verilişi xətləri çəkilib. Ərazilərdə telekommunikasiya və poçt xidmətləri infrastrukturunun qu­rulması məqsədilə 2 yaşayış məntəqəsin­də poçt xidmətləri yenidən təşkil edilib, 1məntəqədə radio-televiziya yayımı stan­siyasının fəaliyyəti təmin olunub. Mobil telekommunikasiya xidmətlərinin təşkili üzrə 11 yeni baza stansiyası quraşdırılıb. 5 kilometr uzunluğunda dəmir yolu xəttinin çəkilişi başa çatdırılıb. 

Respublika və yerli əhəmiyyətli avto­mobil yollarının tikintisi və yenidən qu­rulması istiqamətində Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturu­nun, Ağdam şəhərinin daxili yollarının, Xudafərin–Qubadlı–Laçın, Əhmədbəy­li–Füzuli–Şuşa, Horadiz–Cəbrayıl–Zəngi­lan–Ağbənd, Toğanalı–Kəlbəcər–İstisu və Şuşa–Laçın avtomobil yollarının tikintisi davam etdirilib. Hesabat dövründə Füzuli, Zəngilan və Laçın beynəlxalq hava liman­ları üçün müvafiq kodlar əldə olunub. Fü­zuli və Zəngilan hava limanlarında uçuşla­rın təşkili reallaşdırılıb.

Qarabağ və Şərqi Zəngəzurda məskun­laşan əhalinin bank, sığorta və maliyyə xidmətlərinə çıxış imkanını genişləndir­mək məqsədilə Laçın şəhəri və Zəngilan rayonunda bank filialları, digər yaşayış sahələrində 611 bank və “Azərpoçt” tərə­findən quraşdırılmış POS-terminallar fəa­liyyətə başlayıb.

Sahibkarlıq fəaliyyəti üçün əlverişli mexanizmlərin yaradılması istiqamətin­də regionlarda fəaliyyət göstərən sənaye parklarında 11 müəssisə rezident, 1 müəs­sisə isə qeyri-rezident kimi qeydiyyata alınıb. Emal sənayesi və xidmət infrastruk­turunun inkişaf etdirilməsi istiqamətində, ümumilikdə, 170 layihə üzrə rezidentlərin fəaliyyəti təmin edilib. 3 sahibkarlıq su­byektinin investisiya layihəsinin maliy­yələşdirilməsinə güzəştli kredit verilib. Azad edilmiş ərazilərdə fəaliyyət göstərən 12 kənd təsərrüfatı məhsulları istehsalçısı­na dövlət büdcəsinin vəsaiti hesabına əkin subsidiyası ödənilib.

Chosen
34
2
xalqqazeti.az

10Sources