Prezident İlham Əliyevin Ağdam və Xankəndiyə səfərinin ilkin təəssüratı
Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş Qarabağa və Şərqi Zəngəzura davamlı səfərlərinin hər birində erməni vandalizminin xarabazara döndərdiyi ərazilərdə möhtəşəm Qayıdış Proqramının gerçəkləşdirilməsinin növbəti addımları xalqımıza təntənə ilə təqdim edilir. Bu səfərlər zamanı həm də yenidən qurulan, dirçəldilən yaşayış məntəqələrinin, istehsal və infrastruktur obyektlərinin təməlləri qoyulur.
Qarabağ zəfərimizin zirvəsi olmuş antiterror əməliyyatının ildönümü günlərində dövlət başçısının bölgəyə Ağdamdan başlayan səfəri də yeni açılışlara və növbəti layihələrə start verilməsi ilə əlamətdar oldu. Xəbər verdiyimiz kimi, səfərin ilk günündə Prezident İlham Əliyev Ağdamda yaradılan regional Sənaye Parkında görülən işlərlə tanış oldu, yeni zavodların açılış mərasimlərində iştirak etdi. Həmin gün ölkə rəhbəri Eyvazxanbəyli kəndinin təməlini qoydu, Xıdırlı və Kəngərli kəndlərində aparılan bərpa işləri ilə tanış oldu. Prezident İlham Əliyev Ağdam şəhərində yeni tikilən “Aghdam City Hotel”in və əsaslı bərpa edilən İmarət Kompleksinin də açılışında iştirak etdi.
Dövlətimizin başçısı Qarabağda Azərbaycanın suverenliyinin tam bərpa edilməsini təcəssüm etdirən Xankəndiyə səfəri zamanı 30 il separatatçı xuntanın ölü zonaya çevirdiyi bölgəni indi ölkənin əsas hissəsi ilə birləşdirən müasir yol-nəqliyyat kommunikasiyasında – Ağdam–Əsgəran–Xocalı–Xankəndi avtomobil yolunda görülən işlərlə də tanış oldu.
Qarabaq müxbirimiz dünən Ağdamda olub, ölkə rəhbərinin səfər marşrutundakı meydanlarda gecəli-gündüzlü çalışan inşaatçı və bərpaçılarla görüşüb. Hər yerdə adamlar dövlət başçısı ilə görüş və söhbətlərin onlarda böyük ruh yüksəkliyi yaratdığını, unudulmaz xatirəyə çevrildiyini, atılan təməllərin bölgədə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə yeni sürət və dinamizm gətirdiyini söyləyiblər.
Müxbirimizin Prezident İlham Əliyevin səfərinin unudulmaz təəssüratından, Qarabağın dirçəlişinə verdiyi töhfələrdən və yeni layihələrin önəmindən bəhs edən reportajları oxuculara qəzetimizin növbəti saylarında təqdim ediləcək.
XQ