EN

AŞ PA-nın Azərbaycana qarşı təxribatçı debatı

Şvabe kimilərdən növbəti təşəbbüs; Fazil Mustafa: “Bakının növbəti tədbirlərdən heç bir gözləntisi yoxdur”

30 sentyabr-4 oktyabr tarixində Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) payız sessiyası keçiriləcək. Sessiya gündəliyinin layihəsinə “Azərbaycanda insan hüquqları, qanunun aliliyi və demokratiya sahəsində vəziyyətin pisləşməsi” təxribatçı mövzuda təcili debatların keçirilməsi sorğusu da daxil edilib.

“Assambleya təcili debatların keçirilməsinə dair bütün sorğulara sentyabrın 30-da baxacaq və hansı sorğuların qəbul ediləcəyinə qərar verəcək”,  Avropa Şurasının mətbuat xidmətinin məlumatında deyilir.

Yada salaq ki, az öncə İtaliyaya səfəri çərçivəsində Prezident İlham Əliyev bildirmişdi ki, Azərbaycanın AŞ PA-da səs hüququnun dondurulmasını dəstəkləmiş deputatların ölkəmizə giriş qadağası yalnız nümayəndə heyətimizin səs hüququ bərpa ediləndən sonra götürüləcək.

Bəs rəsmi Bakının qarşıdakı tədbirdən gözləntisi nədir? Hansı adekvat addımlar atılacaq?

Asim

 Asim Mollazadə

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə deyir ki, bu cür təşəbbüslər almaniyalı deputat Frank Şvabe tərəfindən göstərilir: “Şvabe Azərbaycana qarşı uzun müddətdir ki, qərəzli mövqedədir. Almaniyada onun adı bir sıra korrupsiya oyunlarında hallanır, hazırda onun Avropada yaşayan erməni icması ilə də sıx əməkdaşlığı var. Öz aləmlərində Azərbaycana qarşı amansız müharibə aparırlar və Fransa da onlara dəstək verir. Fransada yaşayan erməni icması hər bir imkandan istifadə edərək ölkəmizə qarşı qarayaxma kampaniyası aparır.  Oyunlar indi də davam edir. Qarşı tərəfi qəzəbləndirən məsələ Azərbaycanın ölkəmizin AŞ PA-da səs hüququnun dondurulmasını dəstəkləmiş deputatların persona non-qrata elan edilməsidir. Guya ki, yeni dinləmələrlə Azərbaycana cavab vermək istəyirlər.  Öz aləmlərində intiqam alırlar. Çox təəssüf ki, Avropa dəyərlərinə zərbə vuran və korrupsiyaya qurşanmış siyasətçilər əslində Avropanı daha da zəiflədirlər. Regionun qurumlarını pis vəziyyətə salırlar. Belə davam edərsə, bu təşkilatların fəaliyyətinə inam tam itər. Hətta bir siyasi partiya Avropa Şurasında bəyan edib ki, Şvabe kimilər artıq bu təşkilatda qiyam qaldıraraq  hakimiyyəti əlinə alıb, bütün hüquqi platformanı dağıdırlar. Onlar uzun müddətdir ki, Avropa Şurasını ələ keçirməyə çalışırlar. Nəhayət, nail oldular.

Bu, Avropa Şurasının nüfuzunun tam məhv olması ilə nəticələnəcək. Azərbaycan səbirli olmalı, hamıya izah etməlidir ki, 44 günlük müharibədə qələbəsinə görə ondan qisas almaq istəyən qüvvələr 30 il ərzində torpaqlarımızın işğalı ilə razılaşırdılar. ATƏT-in Minsk qrupu yaradıb oyunları davam edirdilər.  Azərbaycan həm BMT-nin, həm də ATƏT-in qətnamələrini icra etdi. Bütün beynəlxalq hüquq normalarına əməl edərək bütövlüyünü bərpa etdi. Belə oyunlar Azərbaycana heç bir ləkə sala bilməz".

Fazil

Fazil Mustafa

VI çağırış Azərbaycan Milli Məclisinin deputatı Fazil Mustafa deyir ki, Avropa Şurasının Azərbaycandan kənar tədbir keçirməsi absurddur: “Çünki Azərbaycanın iştirak etmədiyi hər hansısa mövzu ətrafında aparılan  müzakirələrin elə bir effekti olmayacaq. Dəfələrlə bu cür təxribatçı mövzulardan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə ediblər. İttihamlar yönəldiblər. Amma bunun bir effekti olmayıb. Bundan sonra da onlardan xoşməramlı təşəbbüs gözləmək olmaz.

Bakının növbəti tədbirlərdən heç bir gözləntisi yoxdur. Onsuz ki, Azərbaycan hökuməti sərt addımı atıb. Avropa Şurasında əleyhimizə səs verənlərin hamısının Azərbaycana girişi qadağan olunub. Bu görünməmiş demarşdır. Bundan sonrakı mərhələdə hər hansısa qərar qəbul edəcəklərsə, bu, əhəmiyyətsiz kağız parçasından seçilməyəcək. Ona görə də Avropa Şurası bu yolu tutmaq əvəzinə daha ağıllı variantı seçməlidir. Azərbaycanla dialoq yolunu tutmalıdır. Ölkəmizə qarşı təxribatı dayandırmalıdır. Ondan sonra bizim hər hansı bir şəkildə qarşılıqlı müzakirə aparmaq üçün mövzumuz olacaq.  Əks halda Azərbaycanda insan haqlarına toxunmaq istəyən qüvvələr özlərində insana dəyər vermədiyi halda başqa ölkələrdə insan dəyərlərini qorumağı hansısa məqsəd üçün istifadə edirlərsə, bu onlar üçün qərəzli bir siyasətin davamı olacaq.  Buna görə də Azərbaycanın Avropa Şurasından alacağı, yaxud da hansısa bir şəkildə güzəştə gedəcəyi heç bir məqam yoxdur. Onlar öz səhvlərini etiraf edərlərsə, o zaman müzakirə aparıla bilər".

Şahanə RƏHİMLİ,
Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
11
1
musavat.com

2Sources