EN

Ziyan çəkən biz, yardımlar isə işğalçı Ermənistana axır - qərəz... 

Elman Nəsirov: “İrəvan bütün bunlardan sonra yeni xülyalara düşəcək

44 günlük müharibədə başı əzilən təcavüzkar Ermənistan neçə vaxtdır Qərbin bəzi aparıcı dövlətlərinin sevimlisinə çevrilib. Nə sirdirsə, işğala məruz qalan, ərazisinin altı üstünə çevrilən, böyük mina problemi ilə üzləşən Azərbaycan qalıb qıraqda, işğalçı Ermənistan “zərərçəkmiş” kimi hər cür qayğı ilə əhatə olunmaqdadır.

“Ermənistana münasibətdə yeni Marşal planı hazırlanır”.

Xəbər verildiyi kimi, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, işğal dövründə Ermənistan Azərbaycan ərazilərində kütləvi dağıntılar törədib, o cümlədən özəl və dövlət mülkiyyətlərini kütləvi şəkildə dağıdıb, saxtalaşdırıb: “İndi Azərbaycan hökuməti bərpa-quruculuq və yenidənqurma işlərinə, həmçinin ərazilərin minalardan təmizlənməsinə vəsait ayırır. Dağıntılar törədən Ermənistan, dağıntılarla üzləşən isə Azərbaycandır. Amma vəsait Ermənistana ayrılır. Bu, paradoksdur”.

Haqlı olaraq, ədalətsiz bir dünyada yaşadığımızı deyən H.Hacıyevin sözlərinə görə, Azərbaycana və Ermənistana yanaşma eyni miqyasda deyil: “İşğal dövründə də heç kim Ermənistanı işğala son qoymağa çağırmırdı. Regionla bağlı belə ikili münasibətlər davam etməkdədir”.

Xatırladaq ki, bu il aprelin 5-də Brüsseldə ABŞ-Avropa Birliyi-Ermənistan üçlü formatında sammit keçirilib və dünənin işğalçı ölkəsi, hələ də Azərbaycan və Türkiyəyə qarşı konstitusion ərazi iddiası olan Ermənistanın qalxınması proqramı qəbul edilib. Bura kapitulyant ölkənin hərbi cəhətcə dirçəldilməsi də daxildir. Artıq Avropa Sülh Fondundan (adında “sülh” sözü olsa da,  əslində bu bir müharibə fondudur!) Ermənistana 10 milyon avro yardım da ayrılıb.        

Bəs Qərbin Azərbaycana münasibətdə bitməyən bu iyrənc “ikili siyasəti”nin qayəsində nə durur? Məqsəd, hədəf nədir?

Elman

Elman Nəsirov

6-cı çağırış Milli Məclisin deputatı Elman Nəsirov “Yeni Müsavat”a bildirdi ki, “Marşal planı” əslində İkinci Dünya müharibəsi nəticəsində alman faşizminin viran etdiyi Avropa dövlətlərinə yardım proqramı idi. 16 milyard dollar həcmində dəstəyin göstərilməsini özündə ehtiva edirdi və anlaşılan idi. Çünki Avropa faşizm ilə üz-üzə qalmışdı və dağılmış Avropanı dirçəltmək üçün bu plana çox böyük ehtiyac yaranmışdı. İndi isə işğalçı Ermənistana münasibətdə belə bir planı işə salmaq istəyirlər. Anlaşılması mümkün olmayan bir vəziyyətdir: “Ermənistanmı dağıntıya məruz qalıb?! Ermənistanmı faşizmlə üz-üzə gəlib?! Faşizm bu dəfə Ermənistanımı viran qoyub?! Yox. Tam əksinə, erməni faşizmi, faşizm ideologiyasını əlində bayraq edən Ermənistan dövləti və onun siyasi, hərbi rəhbərliyi işğal etdikləri Azərbaycan ərazilərində daşı daş üstə qoymayıb. Orada hər şeyi məhv eləyib. İkinci dünya müharibəsində hətta faşistlərin belə törətmədikləri cinayətləri Qarabağda erməni faşistləri törədib. Bunun yüzlərlə, minlərlə sübutu var. Həm mülki əhaliyə qarşı soyqırımı siyasəti, eyni zamanda işğal olunmuş ərazilərdəki bütün tarixi, mədəni, dini abidələrin məhv edilməsi Ermənistan dövlətinin 30 il ərzində yeritdiyi işğlaçılıq siyasətinin dəhşətli mənzərəsidir. Ermənistan Ağdam rayonunu elə dəhşətli vəziyyətə salıblar ki, bu rayonu Cənubi Qafqazın Xerosiması adlandırırlar. Ağdam kimi böyük şəhəri o dərəcədə dağıtmışdılar ki, bayraq sancmağa yer tapılmırdı. Azərbaycanın ərazisinin 20 faizini bax bu cür yerlə yeksan etmişdilər. Bunu təsdiq eləyən faktlar ortada olduğu halda ”Marşal planı" Azərbaycana ayrılmalıdır, yoxsa Ermənistana? Təbii ki, Azərbaycana. Ancaq biz əksini görürük. Vaxtilə Ermənistana münasibətdə kənar müşahidəçi statusunda qalan, bir çox hallarda Ermənistanı açıq şəkildə dəstəkləyən böyük Qərb dövlətləri indi də Ermənistana maliyyə, iqtisadi, silah yardımı planını həyata keçirmək istəyirlər. ABŞ Dövlət Departamenti Ermənistana həm hərbi yardım, eyni zamanda guya ki, demokratiyanın, iqtisadiyyatın inkişafı üçün əlavə dövlət proqramını işə salmaq istəyir. Avropa İttifaqı 2,6 milyard avro həcmində Ermənistana iqtisadi dəstək proqramını reallaşdırır. Budurmu sizin demokratiyanız? İşğalçıya dəstək vermək nə zamandan demokratiyaya dəstək olub?! Ermənistana münasibətdə yeni bir “Marşal planı”nın işə salınması nəticə etibarilə Ermənistan dövlətinin gücləndirilməsinə, Ermənistanda revanşizmin tüğyan etməsinə, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının yeni məzmun almasına səbəb olur. Elə bu məntiqlə də Nikol Paşinyan sentyabrın 10-da “İrəvan dialoqu” forumunda çıxışı zamanı qeyd edib ki, 80 faiz Azərbaycanla sülh müqaviləsinin şərtlərini razılaşdırmışıq, qalır 20 faiz. Yəni 20 faizi gözləmədən gəlin Azərbaycanla sülh müqaviləsi imzalayaq. Çox riyakar və məkrli siyasətdir. Bu siyasətin də arxasında Ermənistanın havadarları dayanır. Məqsəd odur ki, 20 faiz həllini tapmayan məsələləri gələcəkdə ATƏT-in Minsk Qrupunu dirildib ona tapşırsınlar. Minsk qrupu da Ermənistanın maraqlarına uyğun siyasətini yenə illərlə davam etdirsin".

E.Nəsirov qeyd etdi ki, paralel olaraq Ermənistanın silahlandırılması gedir, militarizasiya siyasəti həyata keçirilir. Bir yandan da iqtisadi dəstək. Yəqin, Ermənistan bütün bunlardan sonra yeni xülyalara düşəcək: “Böyük dövlətlər üzdə sülhdən danışır, əslində isə Emənistanı müharibəyə hazırlayır və üçüncü Qarabağ müharibəsinin labüd olması üçün əllərindən gələni edirlər. Budurmu ədalət?! Budurmu sülhə və təhlükəsizliyə dəstək?! Bütün bunları xalqımız görür və xalqımız fərqindədir ki, bizim gücümüz bizim birliyimizdədir. Bu gün ordumuz həmişəkindən daha güclüdür və Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında sıx birləşib. Azərbaycanı istəməyən, Ermənistanın başını sığallayan qüvvələr bu reallığı görürlər. Onlar bilməlidirlər ki, erməni təəssübkeşliyi, antisülh siyasətləri Azərbaycanı öz haqq yolundan döndərə bilməyəcək. Ermənistanı nə qədər gücləndirsələr də Ermənistanın ilk cəhdində Azərbaycan Ermənistana amansız cavab verəcək. Heç kim Azərbaycanla təhdid dilində danışa bilməz. Onu da unutmasınlar ki, bizim çox güclü müttəfiqlərimiz də var”.        

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Chosen
24
musavat.com

1Sources