EN

“Xoşqədəm Hidayətqızı reytinq xatirinə hər yola əl atıb, “Rasim işi”ndən ciddi pullar qazanılıb”

Ötən ilin dekabrında “Boztəpə” su kanalının İmişli rayonunun Qaragüvəndikli kəndindən keçən hissəsində müəmmalı şəraitdə itkin düşmüş 11 yaşlı Rasim Xankişiyevin axtarışları davam etdirilir. Hadisə ilə bağlı İmişli Rayon Prokururluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünə qəsd) ilə cinayət işi başlanıb.

Ailə isə övladlarının tapılmasını sürətləndirmək məqsədilə yanvarın 5-də ARB telekanalında yayımlanan “Səni Axtarıram” verilişinə müraciət edib.

Mövzu ilə bağlı KONKRET.az-a danışan hüquq müdafiəçisi Samir Zeynalov isə iddia edir ki, sözügedən verilişin aparıcısı Xoşqədəm Hidayətqızı nəinki bu işə yardımçı olmayıb, əksinə, istəmədən də olsa, cinayət işinin obyektiv araşdırılmasına mane olub.

İtkin

“Rasim işinin araşdırıldığı və müzakirə edildiyi verilişdə ekspert kimi iştirak edirdim. İşin icrası ilə bağlı lazımi şəxslərin əlaqə nömrəsini əldə edərək Xoşqədəm Hidayətqızına təqdim etdim ki, həmin şəxslərlə əlaqə saxlamaq lazımdır. Amma təəssüf ki, Xoşqədəm Hidayət qızı bu cinayət işindən istifadə edərək verilişinə reytinq qazandırmağa çalışırdı. Bir müddət verilişə Rasimlə bağlı zənglər gəlməyə başladı. Bu zənglər müxtəlif yerlərdən – Bakı, Mingəçevir, Yevlax, Gəncədən idi. Zənglərdə “uşağı filan yerdə görmüşük” deyilirdi, lakin heç kim onun fotosunu göndərmirdi. Sonra bu qəbildən olan zənglər dayandı və efirə tüfeyli həyat tərzi keçirdiyi təəssüratı yaradan şəxslər gətirilməyə başlandı. Onların əlinə kağız parçası yazıb verirdilər ki, guya bunu Rasim yazıb. Bunların hamısı təbii ki, qurama və yalan idi, bütün bunlar verilişin reytinqinin artmasına hesablanmış tamaşa ssenariləri idi. Bir qədər sonra isə Xoşqədəm xanım guya Rasimin “Vatsap” vasitəsilə onunla yazışdığını və anasını soruşduğunu dedi. Burada da məqsəd izləyicilərin diqqətini efirə kökləməklə insanların başını aldatmaq, hisslərini istismar etmək idi. Nəticə isə ondan ibarət oldu ki, Xoşqədəm xanım isəmədən də olsa, işin açılmasına mənfi təsir göstərdi”.

Hüquqşünas Xoşqədəm Hidayətqızının bütün bunlardan sonra da dayanmadığını deyib:

“Daha sonra isə Rasimlə bağlı guya xaricdən zənglər gəlməyə başladı. Türkiyə, Rusiya, İrandan zənglər edilirdi. Zənglərin birində Rasimin İranla sərhəddə görüldüyü iddia edilirdi. Rasimin ailəsi hətta bu zəngə görə Xudafərin körpüsünə qədər adam göndərdi, lakin “Rasimi gördüm” deyən şəxs üzə çıxmadı. Maraqlıdır ki, heç Xoşqədəm xanımın özü Xudafərinə getməyə lüzum görməmişdi. Zənglərin arealı isə böyüməyə başlayırdı. Amerika, Kanada, Rusiya, İrandan olan nömrələrdən davamlı olaraq zənglər, mesajlar gəlirdi. Lakin bunların hamısı yalan idi”.

İtkin

Samir Zeynalov verilişdə Rasim işi ilə bağlı önəmli məlumatlar səsləndirərkən səsinin efirdən kəsildiyini bildirib:

“Səsim efirə verilmirdi ki, burada ciddi bir şey yoxdur. Amma söhbət çox vacib bir məqamdan gedirdi. Hadisənin baş verdiyi Qaragüvəndikli kəndinin nüfuzlu sakinlərindən olan, işdə adı şahid kimi keçən Pəhləvan adlı şəxsə məxsus fermada da axtarış aparılmalı idi. Amma FHN əməkdaşları itlərlə fermaya yaxınlaşanda Pəhləvanın həyat yoldaşı buna etiraz edib. Xoşqədəm xanımın etirazına səbəb olan isə o idi ki, mən məhz bu məqamın da ciddi araşdırılmasını tələb edirdim. O, reytinq xatirinə hər yola əl atıb. Bu işdən ciddi pullar qazanılıb”.

Hüquq müdafiəçisi iddia edir ki, Xoşqədəm Hidayətqızı Rasimlə bağlı gələn zəngləri araşdırılmaq üçün hüquq-mühafizə orqanlarına təqdim etməyib:

“Verilişdə aparılan müzakirələrin heç bir nəticəsi olmadı. Cinayət işinin təqib edilməsi məqsədilə vəkil iştirak etməli idi, olmadı. Verilişdə müzakirə getsə belə, işə vəkil təhkim edilməli idi ki, işi təqibində atılmayan addımlarla bağlı vəsatətlər verilsin. Bu işdə əsas yanlışlardan biri gələn zənglərin heç birirnin araşdırma predmeti olmamasıdır. Xoşqədəm xanım vəkil Nail İbrahimovu guya bu işə təhkim etdiyini demişdi. Lakin daha sonra o, verilişlərin birində vəkili işdən uzaqlaşdırdığını və işi özünün araşdıracağını elan etdi”.

İmişlidə

Hüquqşünasın sözlərinə görə, uşağın itdiyi ehtimal edilən ərazidə Suvarma Sistemləri İdarəsinin kameralarına prokurorluq tərəfindən baxış keçirilməyib:

“Bu kamera görüntüləri bir müddət sonra silindi. Uşağın ərazidə tapılan geyimlərinin ekspertizası aparılmayıb. Zəruri prosesual addımların heç biri atılmayıb. Aprelin 30-da bu işi öhdəmə götürdükdən sonra mənim ilk işim İmişli Rayon Prokurorluğuna getmək oldu. Şahidin nümayəndəsi qismində prokurordan kamera görüntülərinə baxılıb-baxılmadığını soruşduqda, o, artıq icraatın dayandırılğını, kameralara baxış keçirilmədiyini dedi. Ərazidə Dövlət Sərhəd Xİdmətinin zastavasının kameraları da olub, guya ora da sorğu göndərilib, lakin 6 ay sonra DSX mənə cavab göndərir ki, prokurorluq orqanı onlara heç bir sorğu göndərməyib. Bu kimi hərəkətsizliklər işin indiyə qədər açılmamasına səbəb olub. Prokurorun dediyinə görə, onlar Suvarma Sistemləri İdarəsinin rəisindən kameraların işləyib-işləmədiyini soruşublar, rəis isə onlara işləmədiyini deyib və bununla da kifayətlənilib. Kameraları quraşdırmış Türkiyənin Azərbaycanda fəaliyyət göstərmiş subpodratçı şirkətinin (Prosoft) məsul əməkdaşı Hüseyn Koca adlı şəxsin iki ifadəsi var. Birində kameraların işləmədiyini, birində isə işlədiyini deyir. Onun nömrəsinə hətta zəng gəlib, kamera görüntüləri istənilib. Amma o şəxsin kimliyi də araşdırılmayıb. Koca özü isə ölkəni tərk edib. Prokuror həmçinin qeyd edir ki, işin açılmasına mane olan əsas amillərdən biri də verilişdə bu məsələnin işıqlandırılması olub. Xoşqədəm xanımın etdikləri onlara əngəllər yaradıb. Mən soruşanda ki, “bəs niyə bu məsələnin verilişdə müzakirəsinin dayandırılması üçün nəsə etmədiz?”, cavab belə oldu ki, biz şikayət etdik, lakin Xoşqədəm xanım müzakirələri 4 saatdan 2 saata endirməklə kifayətləndi”.

KONKRET.az mövzu ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğuna da sorğu ünvanlayıb. Sorğuya cavab olaraq bildirilib ki, hazırda qeyd olunan məsələ ilə bağlı cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri davam edir.

Natiq Səlim,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
17
1
konkret.az

2Sources