EN

Şir-Lankada prezident seçkisi ilə əlaqədar səsvermə keçirilir

Şir-Lankada

Pekin, 21 sentyabr, AZƏRTAC

Şri-Lanka əhalisi növbəti 5 il müddətinə ölkə prezidentini seçmək üçün səsvermədə iştirak edir.

AZƏRTAC Şri-Lanka mediasına istinadla xəbər verir ki, səsvermə səhər saat 7:00-da başlayıb. Təxminən 17 milyon seçici 13 mindən çox məntəqə üzrə səs verir. Prezidentlik vəzifəsi uğrunda 38 nəfər mübarizə aparır. Onlar arasında ən çox şanslı olanlar hazırkı Prezident Ranil Vikramasinqhe, müxalif Birləşmiş Xalq Gücü blokunun lideri Sacith Premadasa, Milli Xalq Hakimiyyəti sosial-demokrat alyansından Kumara Dissanayakedir. Prezident seçilmək üçün səslərin 50 faizdən çoxunu yığmaq lazımdır. Seçicilər seçki bülletenində 3 namizədi qeyd edə bilərlər. Əgər tələb olunan səsi yığan olmasa, onda 2-ci mərhələ olaraq seçicilərin səsvermə bülletenində 2-ci və 3-cü seçimləri ən çox toplamış 2 namizədin xeyrinə sayılacaq.

Səsvermə ilə əlaqədar ölkədə təhlükəsizlik tədbirləri gücləndirilib. Səsvermə yerli vaxtla saat 16:00-da bitəcək. Mərkəzi Seçki Komitəsi səsvermənin ilkin nəticələrini sentyabrın 22-də elan edəcək.

Qeyd edək ki, Şri-Lanklada ümumi səsvermə ilə 2019-cu ildə keçirilmiş sonuncu prezident seçkisində Qotabaya Racapaksa qalib gəlmişdi. Amma o, son onilliklərin ən ağır iqtisadi böhranı ilə əlaqədar 2022-ci ildə istefa vermək məcburiyyətində qalmışdı. Hazırkı Prezident Ranil Vikramasinqhe isə parlament tərəfindən seçilib. Yeni seçiləcək prezidentin qarşısında, ilk növbədə, ölkəni ağır iqtisadi vəziyyətdən çıxarmaq vəzifəsi duracaq.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Chosen
14
2
azertag.az

3Sources