EN

Mədəniyyət Nazirliyindən sənətçilərin ittihamlarına - CAVAB

Bir neçə gündür müxtəlif sənət adamları Mədəniyyət Nazirliyinə qarşı ittihamlar səsləndirir, əhəmiyyətli tədbirlərə dəvət almamaqlarının səbəbini qurumun müəyyən şəxslərində görürlər.   Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, sosial şəbəkələrdəki paylaşımlarda səsləndirilən əsas iddialardan biri də müğənnilərin sözügedən tədbirlərə rüşvət qarşılığında dəvət olunmasıdır. İddiaya görə, nazirliyin dövlət əhəmiyyətli tədbirlərin təşkili sektorunun müdiri Mənzər Nurəliyeva sənətçilərin xarici səfərlər və dövlət tədbirlərinə dəvət alması üçün təmanna güdür.  Bu ittihamları səsləndirənlər arasında şair Vüqar Əhməd, onun qızı, müğənni Almaxanım Əhmədova, kamança ifaçısı Şəhriyar Musayev və xanəndə Pərviz Qasımov yer alır. Ötən gün isə müğənni Nura Suri də onları dəstəkləyib. Belə ki, sosial şəbəkə hesabında paylaşım edən müğənninin sözlərinə görə, bu məsələdən əslində hamı şikayətçidir: “Lakin qorxurlar cəmiyyətə açıqlama verməkdən. Sənət əhli niyə kimdənsə qorxmalıdır, rüşvət verməlidir axı? Bunlarla yanaşı, dövlət tədbirlərinə düşmək üçün rüşvət verənlərin də sayı-hesabı yoxdur. Niyə şikayətinizi dilə gətirməkdən qorxursunuz?!” 

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə sorğu ünvanlanıb.. Nazirlikdən müraciətə cavab olaraq bildirildi ki, qeyd olunan iddialar həqiqətə uyğun deyil: “Diqqətinizə çatdırırıq ki, bu tipli tədbirlərin təşkili xüsusi proqram əsasında hazırlanır. Mədəniyyət Nazirliyi tərəfindən dövlət tədbirləri üçün bədii proqramların təşkili müvafiq mütəxəssislərin də iştirakı ilə kollegial qaydada həyata keçirilir. Dövlət tədbirləri zamanı konsertlər üçün repertuarın təsdiq olunması, həmçinin iştirak edəcək incəsənət ustalarının seçimi xüsusi diqqətlə aparılır. Bu məsələyə həssas yanaşmanın nəticəsidir ki, ölkəmizdə və xaricdə təqdim olunan sərgilər, konsert və tamaşalar böyük maraqla qarşılanır. Təsadüfi deyil ki, həm Azərbaycan, həm də xarici ölkələrin media qurumlarında, eyni zamanda sosial şəbəkələrdə mədəniyyətimizin yüksək səviyyədə təqdimatı razılıq doğurur, təqdir edilir. Bir daha qeyd edirik ki, bu prosesdə heç bir qanunsuz müdaxilədən söhbət gedə bilməz”.

Chosen
31
19
manset.az

10Sources