EN

"Yenidən Avropa çempionatının final mərhələsində iştirak etmək istərdik"

  Azərbaycanın futzal millisi Çexiya yığması ilə ikinci yoxlama görüşündə də məğlub olub (6:2).

Fanat.Az xəbər verir ki, Çexiya millisi ilə keçirilən oyunlarda debüt və iştirak edən Azərbaycan millisinin ən gənc üzvü Fərid Abbasov qarşılaşmadan sonra futzal federasiyanın mətbuat xidmətinə oyun haqda danışıb:

"İlk oyunda olduğu kimi, ikinci görüşdə də mübarizə apardıq. Çalışdıq komanda olaraq bir-birimizə dəstək olaq, səhvlərimizi aqressiv şəkildə qarşılamayaq. Düzdür, hər iki oyunda məğlub olduq. Burada da əsas səbəb kimi təcrübəsizliyi qeyd edərdim.

Təsəvvür edin ki, yeni bina tikilir, gəlmişik tikintidə çalışmağa və heç kim bir-birini tanımır. Komandamızda da bunu yavaş-yavaş yoluna qoyacağıq. Əsas odur ki, masajçıdan tutmuş həkimə, baş məşqçiyə qədər inam var. Bu iki oyunda 4 futzalçı debüt elədi ki, onlardan biri də mən oldum.

Həyəcan var idi, amma dərin deyildi. Çünki ötən il U-19 millimizdə Avropa çempionatının seçmə oyunlarında kapitan kimi iştirak etmişdim. Az da olsa, təcrübə toplamışam. Yeri gəlmişkən, klubda inkişaf etməyimə kömək edən məşqçilərim – Elvin və Teymur müəllimə təşəkkür edirəm. Vitali Borisov da şans verdi. Çalışdım onun etimadını doğruldum.

Oyunlar yaxşı mənada yaddaşıma həkk oldu. Mübarizə apardıq, qol ötürməsi verdim. Komandamızın ən gənc üzvü kimi matçın ən yaxşısı seçilməyim isə uğurlu başlanğıcın cücərtiləridir. İnşallah, rəsmi matçlara qədər daha yaxşı vəziyyətdə olacağıq. Əlbəttə, yenidən Avropa çempionatının final mərhələsində iştirak etmək istərdik".  

Chosen
9
2
referans.az

3Sources