Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında Ermənistanın silahlanmasından danışıb.Dövlətimizin başçısı diqqətə çatdırıb ki, Ermənistan Fransadan pulsuz silah alır:“Ermənistan silah üçün nəzərdə tutulan Sülh Fondundan istifadə edir, Fransadan pulsuz silah alır. Ona görə bu, ciddi məsələdir”.Prezident Ermənistanı silahlandıranlara bir daha xəbərdarlıq edib:“Ermənistanı silahlandıranlar bilməlidirlər ki, bütün gələcək hadisələrə görə birbaşa onlar cavabdehlik daşıyacaqlar. Təbii olaraq bizə qarşı rəsmi ərazi iddialarına son qoyulmalıdır.Onların Konstitusiyasına dəyişiklik edilməlidir, Minsk qrupu da ləğv olunmalıdır”.Qeyd edək ki, Ermənistanın sürətlə silahlanması onun əsl məqsədlərinin müzakirələrə səbəb olmasına gətirib çıxarır. Siyasi analtiklər də rəsmi İrəvanın bu addımlarının növbəti müharibəyə hazırlaşmaq cəhdi kimi dəyərləndirirlər.Milli Məclisin deputatı Azər Allahverənov “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Azərbaycan özünün sülh gündəliyini bütün platformalarda diqqətə çatdırır:“Lakin buna baxmayaraq, Ermənistan guya Azərbaycanla sülh müqaviləsinin bağlanmasında maraqlı olduğunu bəyan edir. Hərçənd ki, Ermənistan müxtəlif maliyyə mənbələrdən maddi cəhətdən dəstək alır, onu isə birbaşa silah almağa yönləndirir. Bundan başqa, Avropa İttifaqının Sülh Fondunun xətti ilə də rəsmi İrəvanın silahlandırılma siyasəti dəstəklənir və bunun üçün vəsait ayrılır.Bütün bunlar isə Ermənistanın sülhdə maraqlı olmadığını göstərir.Erməni cəmiyyətində revanşist əhval-ruhiyyə hələ də yüksəkdir. Bu ocaq söndürülməyib, hətta zaman-zaman kənar qüvvələr tərəfindən daha da alovlandırılır. Bir tərəfdən sülhdən danışan dövlət, digər tərəfdən şərti sərhəd ərazilərində təxribatlara əl atır”.Millət vəkili qeyd edib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan öz siyasi mövqeyini qorumaq üçün zaman-zaman revanşist əhval-ruhiyyəni gündəmdə saxlamağa çalışır:“Bununla da həm xarici havadarlar arasında daha böyük dəstəyə ümid bəsləyir, həm də ölkəsini silahlandırmağa davam edir.Artıq Paşinyanın müəyyən mənada bir koalisiya formalaşdırdığı da görünür. Bir sıra dövlətlər bu prosesdə rəsmi İrəvana çox yaxından dəstək olur. Onlara maddi cəhətdən dəstəyin göstərilməsi, silahlanma üçün vəsaitin ayrılması və təmənnasız olaraq silah-sursatın verilir. Eyni zamanda, Ermənistan Silahlı Qüvvələriylə birlikdə hərbi təlimlər də keçirilir.Həmçinin, Ermənistanın Müdafiə Nazirliyində xarici ölkələrin təlimatçıları fəaliyyət göstərir. Bütün bunlar isə Ermənistanın növbəti müharibədə maraqlı olduğunu nümayiş etdirir. Bunun başlıca səbəbi erməni cəmiyyətində Nikol Paşinyan əleyhinə olan qüvvələri onun leyhinə çevirməkdir. Yəni Paşinyan 2026-cı ildə keçiriləcək parlament seçkiləri öncəsi Paşinyan siyasi dvidet qazanmağa çalışır”.Deputat bildirib ki, bütün bunlar Ermənistanın yenə də kiminsə alətinə çevrildiyini nümayiş etdirir:“Ermənistan əvvəllər bir dövlətin forpostu idisə, hazırda isə bir çox dövlətin maraqlarının toqquşduğu poliqona çevrilir. Cənubi Qafqazda da öz maraqlarını təmin etmək istəyən dövlətlər Ermənistanda hərbi cəhətdən dəstək göstərməyə çalışırlar.Onlar özlərinə uyğun konfiqurasiyanın formalaşmasına nail omaq və maraqlarını təmin etmək istəyirlər. Ermənistan dövlət olaraq çoxdan öz subyektliyini itirib. Ona görə də başqa dövlətlərin bu və ya digər formada geosiyasi oyunların alətinə və qurbanına çevrilir”.