EN

Sərhədlərimizin bağlı olması bizi çox böyük fəlakətlərdən xilas edib

Azərbaycan hazırda bir sıra xarici risklərlə üzləşir və bunların hər biri özünəməxsus təhlükəlilik dərəcəsinə malikdir. Bu mənada pandemiya dövründən başlayaraq Azərbaycanın quru sərhədlərini bağlı saxlaması həmin risklərin qiymətləndirilməsi və aradan qaldırılması üçün yaxşı imkandır. Əvvəlcə onu qeyd etmək lazımdır ki, Azərbaycanın quru sərhədlərinin bağlı olması ölkəni müxtəlif təhdidlərdən qorumaq məqsədi daşıyır. Bu təhdidlərə qarşı mübarizə tədbirləri qeyri-qanuni yollarla silah, narkotik və ya digər zərərli məhsulların ölkəyə daxil olmasını daha da çətinləşdirir. Bu, terrorçuluqla bağlı hərəkətləri məhdudlaşdırır. Sərhədlərin bağlı olması həm də regionda baş verə biləcək siyasi, sosial və iqtisadi böhranların, o cümlədən silahlı münaqişələrin ölkə daxilinə yayılmasını əngəlləyir, xarici güclərin ölkənin daxili işlərinə müdaxilə etmək imkanlarını məhdudlaşdırır. VII çağırış Milli Məclisin iclasında Prezident İlham Əliyev də bu məsələyə toxunaraq bildirdi ki, sərhədlərin bağlı qalması əslində “bizi çox böyük fəlakətlərdən xilas edib”. Dövlət başçısı vurğuladı ki, “hətta bu gün – sərhədlər bağlı olan vaxtda təhlükəli hərəkətlər aparılır və bu hərəkətlərin qarşısı alınır”.

Bu proses Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra daha da sürətlənib. Vətən müharibəsində qazanılan parlaq qələbə bir sıra xarici qüvvələrdə qıcıq yaradıb və onları Azərbaycana qarşı müəyyən planlar həyata keçirməyə həvəsləndirib. Xarici qüvvələr dedikdə təbii ki, ilk sırada Ermənistanı qoymalıyıq. Qarabağ münaqişəsinin aktiv müharibə fazasına daxil olduğu 2020-ci ildən sonra Ermənistanla şərti sərhəddə bir sıra toqquşmalar baş verdi. Ermənistan Azərbaycanın üstünlüyü ilə müşayiət olunan status-kvonu dəyişdirmək üçün hətta hərbi eskalasiyaya da getdi, lakin hər dəfə layiqli cavabını aldı, böyük itkilər verərək geri çəkildi. Bu baxımdan hazırda Ermənistanın sürətlə silahlandırılması fonunda bir sıra güclərin Cənubi Qafqazda geosiyasi balans yaratmaq uğrunda mübarizə apardığı vaxt Qərb sərhədlərimizdən gələn risk Azərbaycan üçün ciddi təhlükə mənbəyi olaraq qalır.

Digər risk faktoru cənub sərhədlərimizdədir. Azərbaycan müstəqillik qazandıqdan sonra İranla münasibətlərdə vaxtaşırı problemlər müşahidə olunub. Bu problemlərin əksəriyyəti diplomatik vasitələrlə həll olunsa da dövlətlərarası və xalqlararası münasibətlərdə müəyyən etirazların baş qaldırmasına, ictimai fikirdə İrana qarşı narazılıqların yaranmasına gətirib çıxarıb. Ötən ilin yanvarında Azərbaycanın Tehrandakı səfirliyinə edilən qanlı hücum, daha sonra Bakıda millət vəkilinə edilən sui-qəsd cəhdi deməyə əsas verir ki, sərhədlərimiz açıq olduğu təqdirdə bu cür hərəkətlərin daha çox olması ehtimalı yüksək ola bilərdi və nəticə etibarilə bu, qarşısıalınmaz proseslərə gətirib çıxarardı. Bura İranın ölkəmizin cənub sərhədlərində keçirdiyi hərbi təlimləri də əlavə etsək o zaman təhlükəlilik dərəcəsinin nə qədər yüksək olduğunu anlamaq o qədər də çətin olmaz.

Şimal sərhədlərimiz də risk faktorlarından sığortalanmayıb. Rusiyanın regionda öz təsir dairəsini artırmaq və yaxud da öz nüfuzunu qoruyub saxlamaqla bağlı planları özlüyündə müəyyən risk amilləri yaradır. Düzdür, son illərdə Rusiya ilə münasibətlərdə pozitiv əhval-ruhiyyə hökm sürür, tərəflər ikitərəfli münasibətlərin yaxşılaşdırılması istiqamətində tədbirlər görür. Lakin Moskvanın regional maraqları hələ də risk mənbəyi olaraq qalır. Rusiya Cənubi Qafqaz ölkələrinin müstəqil siyasət yürütməsində maraqlı olmadığı üçün Qərbin bu bölgəyə nüfuz etməsinə müxtəlif maneələr yaradır. Prosesin bu cür davam etməsi fonunda şimal istiqamətində  hansısa pozuculuq hallarının baş verməsi, sərhədlərdə müəyyən təhlükələrin yaranması ehtimalı yüksəkdir.

Azərbaycanın öz sərhədlərinin etibarlı müdafiəsinə yönəlmiş səylərinin arxasında təbii ki, beynəlxalq terrorizmə və radikalizmə qarşı kəskin mübarizə amili də var. Yaxın Şərqdə və Mərkəzi Asiyada baş verən bəzi hadisələr fonunda bu risklər hələ də mövcuddur və onlar terror hadisələrinin başvermə ehtimalını artırır. Lakin onu da nəzərə almalıyıq ki, Azərbaycanda həyata keçirilən təhlükəsizlik sistemi son illərdə xeyli gücləndirilib. Ona görə də dövlət başçısı əminliklə vurğuladı ki, ölkədə daxili risklər yoxdur.

MTM Analitik Qrup

Chosen
14
2
heftelik.az

3Sources