EN

“Atalar və oğullar”ın problemi: Yaşlılar gəncləri niyə bəyənmir?

Bütün dövrlərdə yaşlı nəsillə gənc nəsil arasında fikir ayrılığı olub. 

Yaşlı nəslin nümayəndələri gənc nəsli həyat tərzinə, geyiminə, davranışına, hətta seçdiyi peşəyə görə qınayıb, onlara oxşamamaqda ittiham ediblər. Lakin özlərinin də davranışları gənc nəsil tərəfindən birmənalı qarşılanmır.   

Sosioloq Yusif Nəbiyev "Cebheinfo.az"-a açıqlamasında məşhur amerikan yazıçısı Mark Tvendən misal gətirib:

“ O deyirdi, hər nəsil düşünür ki, növbəti nəsil üzü aşağıya doğru gedir. Bu fikirlə mən özüm də şəxsən razıyam. Hətta antik yunan filosofu olan Platonun "Dövlət" əsərində belə gənc nəsilin mənəvi dəyərlərdən uzaqlaşdığı və xarakterlərinin pozulduğu haqqında şikayətlər var.   

ləcə də Aristotel özünün "Siyasət" əsərində gənc nəsilin dəbdəbəyə düşkün olduğundan və bunun da onların xarakterlərinin inkişaflarına mənfi təsir göstərdiyindən bəhs edir. Yəni, yaşlı nəsilin özündən sonra gələn nəsil barədə şikayətçi olması sadəcə bizim cəmiyyətə və ya bizim zəmanəyə xas hal deyil. Bu, həmişə və hər yerdə olub və belə görünür ki, olmağa da davam edəcək".    

O bildirib ki, bunun baş verməsinin dərin sosioloji və psixoloji səbəbləri var:   

"İnsanlıq xətti olmayan bir inkişaf prosesi içindədir. Dəyişim qaçılmazdır. Sosial dəyişim isə köklü bir prosesdir. Bu proses altında mədəniyyət də, sosial normalar da , inanclar, iqtisadi və siyasi vəziyyət də dəyişir. Demək olar ki, hər şey dəyişir. 

Bu isə özlüyündə nəsillərarası bir boşluq, məsafə yaradır. Bu boşluq nə qədər böyük olarsa, anlaşmazlıq, emosional bağların zəifliyi də bir o qədər nəzərəçarpan olur. Nəzərə alanda ki, insan psixologiyası nostalgiyaya meyillidir, o halda "köhnə"lərin "təzə"ləri bəyənməməsi daha da qaçılmaz olur. 

Köhnə musiqilərin, köhnə küçələrin, uşaqlığımızın keçmiş olduğu köhnə məhəllələrin yaratdığı hisslər tamam ayrı olur. Təəssüf ki, bu, sadəcə incəsənətdə özünü göstərmir. İnsanlar geyim tərzində də, davranış etikasında da, sosial münasibətlərin, ünsiyyətlərin şəkil və formasında da nostalgiyanı axtarırlar.   

Bu da bir gerçəklikdir ki, insanlar romantik şəkildə bağlı olduqları şeyləri dəyərə çevirməyə başlayırlar. O şeylər onlar üçün dəyər ifadə etməyə başlayır. Təbii olaraq da bu şeylərdən uzaq olan insanlara "dəyərlərdən uzaqlaşmış", "dəyərsizləşmiş" fərdlər kimi baxırlar”.    

Sosioloq hazırda qlobal miqyasda dəyərlərdən qopma meyillərinin olduğunu deyib:

“Bunu inkar etmirəm və ya buna haqq qazandırmıram. Amma gənc nəsildə özünü göstərən istənilən dəyişikliyin də "dəyərlərdən qopma" kimi görülməyinin doğru olmadığını deyirəm.    

Bütün bu deyilənlərin üzərinə insanların dəyişiklikdən, yenilikdən qorxma meyillərini də gəldikdə, vəziyyət demək olar ki, tam aydın olmağa başlayır. İstər gənc, istər yaşlı olaq, bir insan olaraq hansımız ani və böyük dəyişikliklərdən narahat olmuruq ki? Bu, bizim beynimizin özünümüdafiə davranışıdır və təbii olduğu qədər də qaçılmazdır".    

Sosioloq qeyd edib ki, nə qədər davranışlar "dəyərlər", "ənənələr" kimi mənəvi fasadlar altında gizlədilməyə çalışılsa da, iqtisadi faktorlar burada da öz varlığını qoruyur: 

"Resurslar, imkanlar, iş yerləri uğrunda gedən mübarizədə hər zaman gənclərin enerjiləri, yenilikçi fikirləri, daha az məvacib qarşılığında daha çox işləmə potensialları onları yaşlı insanlar üçün real təhdidə çevirir. Bu da ümumilikdə özünü cəmiyyətdə gedən yaşlı-gənc konflikti şəklində göstərə bilir.  Sual yaranır ki,  yaşlıların niyyətləri nə dərəcədə səmimi və safdır? 

Bilmirik. Heç vaxt da bilməyəcəyik. Amma bir şey dəqiqdir. 

Yaşlıların təcrübə və müdriklikləri, gənclərin isə yenilikçi meyilləri və dərin potensialları var. Bu iki güc mənbəsinin heç birini iqnor etmək, görməzdən gəlmək olmaz”. 

Chosen
18
cebheinfo.az

1Sources