EN

Prezident Azərbaycanın xaricdən silah almasına “yeni hədd” müəyyən etdi...

Image

Ramil Məmmədli: “Sursat, müxtəlif çaplı mərmilərin istehsalına xüsusi önəm verilməlidir”

“Biz xarici mənbələrdən daha az asılı olmalıyıq”. Bunu Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında deyib.

Ölkə başçısının fikrincə, biz yerli hərbi sənaye kompleksimizi də daha sürətlə inkişaf etdirməliyik: “Bu il bu məqsədlə böyük vəsait ayrılmışdır və gələn il də ayrılacaq. Bizim bütün hərbi zavodlarımızda genişmiqyaslı modernləşmə işləri aparılır. Deməli, yeni avadanlıq, texnika, silah-sursat istehsal olunur. Bir neçə xarici tərəfdaşla yeni istehsalat sahələrinin yaradılması artıq praktik müstəviyə keçibdir. Yəqin ki, növbəti bir-iki il ərzində bizim hərbi sənaye kompleksimiz daha böyük olacaqdır, həm çeşidlərin sayına, həm də ki, istehsal olunacaq məhsulların keyfiyyətinə görə. Burada bir neçə məqsəd güdülür. İlk növbədə, yerli hərbi sənaye kompleksinin yaradılması hər bir ölkənin ümumi gücünü və inkişafını göstərir. İkincisi, biz xarici mənbələrdən daha az asılı olmalıyıq. Təbii ki, bu asılılığı tam aradan qaldırmaq mümkün olmayacaq. Bunu da biz bilməliyik. Amma maksimum dərəcədə özümüzü yerli istehsalla təmin etməliyik”.

“Hesab edirəm ki, FPV dronların istehsalını genişləndirmək lazımdır” 

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən hərbi ekspert Ramil Məmmədli hesab edir ki, Prezidentin silah istehsalı ilə bağlı qarşıya qoyduğu məqsəd tamamilə əsaslıdır: “Ümumən, Azərbaycanın son vaxtlar dünyanın aparıcı silah istehsalçıları ilə qurduğu sıx əlaqələr öz bəhrəsini verməkdədir. Hərbi təyinatlı məhsullarımızı bazara çıxararaq silah ixrac edirik. Azərbaycan MDB məkanında, Avropa və Asiyada bir sıra dövlətlərlə hərbi texnika ilə bağlı müəyyən addımlar atır, mühüm müqavilələr imzalayır. Azərbaycan artıq silah idxal edən dövlətdən ixrac edən dövlətə çevrilməkdədir. Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki birlik və müəssisələr tərəfindən müxtəlif çeşiddə silah-sursat və hərbi texnika istehsal edilir. Azərbaycan hazırda piyadaların özünümüdafiə və düşməni məhvetmə vasitələrindən olan kiçik və ortaçaplı atıcı silahlar istehsal edən azsaylı ölkələrdən biridir. Son illərdə yaradılan müəssisələrin əksəriyyətində sursat istehsalına üstünlük verilir. Bundan başqa, müdafiə sənayemiz aviasiya, mühəndis, rabitə, optik və digər hərbi təyinatlı məhsulların normativ-texniki sənədlərinin yaradılmasını və mənimsənilməsini də həyata keçirir. Prezident haqlı olaraq qeyd etdi ki, silaha olan tələbatın ödənilməsində xaricdən olan asılılığı azaltmalıyıq. Söhbət ondan getmir ki, Azərbaycan tank istehsalına başlamalıdır. Məsələ ondadır ki, sursat, müxtəlif çaplı mərmilərin istehsalına xüsusi önəm verilməlidir. Çünki müharibədə bu vasitələr çox işlənir və onlara tələbat böyük olur. Ona görə də sursatın ölkə daxilində istehsalı daha sərfəlidir və bu sahədə asılılığı minimuma endirmək lazımdır. Digər tərəfdən, müasir dövrdə döyüş taktikası, vasitələri sürətlə dəyişir. Söhbət FPV (First Person View) pilotsuz uçuş aparatlarından gedir. Hesab edirəm ki, FPV dronların istehsalını genişləndirmək lazımdır”.

Vidadi ORDAHALLI





Chosen
37
40
baki-xeber.com

10Sources