EN

Xərçəngi "cavanlaşdıran" səbəblər - Onkoloq elə bir AÇIQLAMA verdi ki...

Fuad Mahmudov: “Şüalanma, qeyri-sağlam qidalanma, stress və imkansızlıq insanları bu həddə çatdırıb”

“Dünyada 50 yaşa qədər xərçəng xəstələrinin sayı artıb. Amerikalı tədqiqatçıların məlumatına görə, bütün xərçəng hadisələrinin 40 faizə qədəri müxtəlif həyat tərzi faktorları ilə bağlıdır”.

Amerika Xərçəng Araşdırmaları Assosiasiyasının alimləri 135 min insanın iştirak etdiyi araşdırma aparıb. JAMA (The Journal of the American Medical Association) beynəlxalq tibbi elmi jurnalında təqdim olunan hesabatdan belə nəticəyə gəlmək olar ki, alkoqol son illərdə xəstələrin sayının artmasına səbəb olan amillərdən biridir. Yüngül və orta dərəcədə alkoqol qəbul edənlər arasında yalnız nadir hallarda içən insanlarla müqayisədə xərçəngdən ölüm göstəricisinin artması müşahidə olunur.

Beləliklə, az miqdarda alkoqolun, məsələn, ürəyə, sağlamlığa faydalı ola biləcəyi bir mifdir. Kiçik dozalar belə ilk növbədə mədə-bağırsaq traktına, qaraciyərə və süd vəzisinə təhlükə yaradır. Tədqiqatlar göstərib ki, gündə təkcə bir qədəh şərabla süd vəzi xərçəngi riski artır.

Lakin Karolina İnstitutunun və Upsala Universitetinin epidemiologiya tədqiqatçısı Süzan Larssonun fikrincə, artıq çəki və ya piylənmənin orta dərəcədə alkoqol istehlakı ilə müqayisədə xərçəng xəstəliyinə səbəb olma ehtimalı daha çoxdur. “Piylənmə müxtəlif hormonlara təsir edir və bu hormonların bəziləri xərçəngin inkişafını sürətləndirir”, - o qeyd edib.

Gənclər arasında xərçəng nisbətlərinin artmasına səbəb ola biləcək digər amillər yanlış qidalanma və idmanın azlığıdır. Çoxdan məlumdur ki, fiziki aktivliyin olmaması, yağlar və emal edilmiş qidalarla zəngin pəhriz xərçəngin inkişafına yol açır.

Yeri gəlmişkən, Amerika Xərçəng Cəmiyyətinin alimləri araşdırıblar ki, gənclər arasında bir neçə növ xərçəngə yoluxma nisbəti daha sürətlə artır. Qeyd edilir ki, X nəslinin nümayəndələri valideynlərinə nisbətən müəyyən növ xəstəliklərə daha çox meyllidirlər. Məsələn, 1990-cı il təvəllüdlü insanlar arasında mədəaltı vəzi və böyrək xərçənginə tutulma halları 1955-ci il təvəllüdlülərlə müqayisədə iki-üç dəfə çoxdur. Lancet İctimai Sağlamlığında öz nəticələrini dərc edən elm adamları bunun “xərçəng riskində nəsil dəyişikliyi” olduğunu söyləyiblər. Bu dəyişikliklərin dərin nəticələri var. Gənc xəstələrin dalğası xərçəng müalicəsinin gələcəyi üçün problem yaradır. Tədqiqatçılar eyni dövrdə 24 növ xərçəngdən 7 milyondan çox ölümü qeyd edən reyestrlərdən də istifadə ediblər.

Xəstələr doğum illərinə görə 1920-ci ildən 1990-cı ilə qədər beş illik fasilələrlə qruplaşdırılıb. Tədqiqat 50 yaşından əvvəl bağırsaq, mədəaltı vəzi, böyrək, öd kisəsi və testis xərçəngi də daxil olmaqla bir neçə növ xərçəngin rastlanmasının artdığına dair sübutlar tapıb.

Gənc nəsillər arasında artmaqda davam edən inkişaf edən xəstəliklərə kolon xərçəngi, qadınlarda qaraciyər xərçəngi və kişilərdə anal xərçəng daxildir. Bəzi hallarda, xüsusilə bağırsaq və qaraciyər xərçəngindən (qadınlarda) ölüm nisbəti insidansla birlikdə artıb.

Bu tapıntılar düşündürücüdür, çünki onlar göstərir ki, gənc nəsillərdə xərçəng riskinin artması sadəcə xərçəngin aşkarlanması və diaqnozunun artmasının artefaktı deyil. Bu, əhali səviyyəsində xərçəng riskinin həqiqi artımına işarə edir.

Mütəxəssislərin fikrincə, gənc xəstələrə təsir edən xərçənglərin çoxunun mədə-bağırsaq traktına aid olması bir ipucu verə bilər. Harvard Universitetinin Dana-Farber Xərçəng İnstitutunun klinik tədqiqat direktoru Jeffrey Meyerhardt deyir ki, naməlum risk faktorları olsa da, oturaq həyat tərzi, pəhriz dəyişikliyi, piylənmə və diabet kimi məlum olanlar da var.

Bu amillər bağırsaq mikrobiomunu, sağlamlığa və toxunulmazlığa təsir etdiyi düşünülən daxili bakteriyaların tarazlığını poza bilər.

Professor

Tibb elmləri doktoru, professor Xaləddin Musayev mediaya açıqlamasında deyib ki, müraciət edən xəstələrin təxminən 80 faizinin əsas şikayəti məhz mədə-bağırsaq traktındakı ishal və ya qəbizliklə əlaqəli olur. Bu isə çox vaxt ağır xəstəliklərə, hətta xərçəngə də gətirib çıxarır.  Professor bildirir ki, bəzən xəstələr müəyyən xəstəliklər ucbatından öd kisəsindən, mədəsindən əməliyyat keçirsə də, əsas patologiya qalır: "Ona görə də xəstələrin əksəriyyəti tam sağalmır. Qəbzlik yaranır, həftədə bir dəfə defekasiya olanda isə orqanizmdə yığılıb qalan toksinlər intoksikasiyaya səbəb olur. Bu zaman ürəkbulanma, zəiflik, qusma, halsızlıq müşahidə olunur. İntoksikasiya həm də bədəndə səpkilər yaradır. Bu zaman xəstələr dəri-zöhrəvi həkiminə, allerqoloqa gedirlər, amma müalicənin effekti olmur. Sonradan əsl səbəbin mədə-bağırsaq fonundakı pozulmalarla əlaqəli olduğu bəlli olur.

Bağırsağın uzanması və ya bağırsaqda kron xəstəliyi, yoğun bağırsaqdakı kolitlər və s. defekasiyanın normal gedişini əngəlləyir. İkinci səbəb insanın psixi-emosional durumu ilə bağlıdır. Bu hala xüsusilə gənclər arasında rast gəlinir. Məsələn, qəbul imtahanlarına hazırlaşan gənclər gərgin olur, kurslara, repetitor yanına gedir və normal qidalanması pozulur. Bu da qəbzlik yaradır. Elə uşaqlar var ki, 5-6 ildir bu rejimlə yaşayır. Deyir ki, dərsdən çıxıb dönər yeyirəm, üstündən də hazır şirələrdən içir və axşama qədər başqa heç nə qəbul etmir. Siz təsəvvür edin, evdə təmiz meyvələrdən çəkdiyimiz şirə bir neçə saat ərzində xarab olur. Mağazalardakı şirələr isə aylarla qalır. Bu şirələrin çox qalması üçün istifadə olunan maddələr orqanizm tərəfindən sovrulmur və birbaşa yoğun bağırsağa gəlib çatır. Hər bir orqanizmdə ümumi ansambla tabe olmayan 10-15 faiz atipik hüceyrələr olur. Məhz bu hüceyrələr orqanizmə düşən belə zərərli maddələrlə “dostlaşır” və inkişaf etməyə başlayır. Sanki orqanizmin içində avtonomiya yaranır. Təəssüf ki, bunlar da inkişaf etdikcə, xərçəng hüceyrələri yaradırlar. Bu da son nəticədə orqanizmin bu və ya digər hissəsində xərçəng xəstəliyinin yaranmasına gətirib çıxarır. Ona görə də xərçəng xəstəliyi daha çox cavanlaşır. Bizə müraciət edənlərin az qala üçündən biri gənc nəslin nümayəndəsidir".

 

Fitoteropevt Fuad Mahmudov mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb. O qeyd edib ki, xərçəngin gəncləşməsinin əsas səbəblərindən biri şüalanma ilə bağlıdır: “Müxtəlif şüa mənbələri - telefonlar, UZİ, rentgen aparatları, kompüter tomoqrafiya (KT) etdirmək üçün insanlar kütləvi şəkildə axın edir. Bunlar hamısı şüalanma yaradır. Körpə uşaqlar telefonla oynayırlar, ən böyük problemlərdən biri budur. İkincisi isə qidalanmadır. Qidalarımız həddən artıq bərbad vəziyyətdədir. İstər yağlarımız olsun, istər meyvə-tərəvəz olsun, ət məhsulları, toyuqlar çox pis vəziyyətdədir. Camaat məcburdur bundan istifadə etsin, imkanları yoxdur. İnsanlar da çox yaxşı bilir ki, onlar üçün yeyiləsi qida deyil, amma məcburdurlar bundan istifadə etsinlər. Nə qədər çuğundurla, köklə qidalanmaq olar, insan doya bilmir. Mütləq ət məhsulları ilə qidalanmalıdır. Normal dediyimiz ət də normal sayılmır. Heç kim bilmir ki, o doğrudan da qoyun ətidir, ya yox. Misal üçün, mal əti əvəzinə camış əti, at əti satılır. Demirəm, at əti ziyandır. Bilmək olmur, at əti hansı şəraitdə verilir. Ölmüş heyvanın ətini müəyyən məhlullarla yuyurlar ki, qoxu aradan qalxsın. Ondan sonra satışa buraxırlar. Bu amillər camaatı bu günə salır. Tək bizdə deyil, bütün dünyada vəziyyət belədir. Amerikada da, Avropada da belədir. Bütün inkişaf etmiş ölkələrdə belədir. Nə üçün Yaponiyada xərçəngə tutulma azdır. Çünki yaponlar uşaqlara telefon aparatlarından istifadə etməyə icazə vermirlər. Bizdə uşaqlar səhərdən axşama kimi televiziyanın qarşısında, sonra planşetlə, ondan ayrılır telefonla olur. Valideyn də heç nə demir, sakit dursun, ona baxsın. Hazırda 10 qadından 6-da süd vəzisi xərçəngi çıxır”.

Həkim əlavə edib ki, xərçəng xəstəliyi birbaşa əsəblərlə əlaqədardır: “Yəni stress faktoru ilə əlaqədardır. İnsanlar keçmiş dövrdə nəyə görə az xəstələnirdilər, ona görə ki, stress yaradan faktorlar az idi. İndi müharibə xəbərləri, dəhşətli proqnozlar verilir. Bu, orta, yuxarı təbəqə adamlarının səhhətinə mənfi təsir edir. Xərçəng birdən-birə yaranmır ki. Bu xəstəlik hansısa bir orqanın uzun müddət düzgün fəaliyyətinin olmaması, yaxud pozulması nəticəsində ortaya çıxır. Ola bilər, bir-iki il imiş proses gizli-gizli gedirmiş. Nəyə görə ən çox bağırsaqda yaranır. Ona görə ki, insanlar özlərinə düzgün qulluq etmirlər. Bağırsaq fəaliyyətini normal vəziyyətdə saxlamırlar. Çoxu da qəbiz olur uzun müddət, utanır gizlədir. Bunun nəticəsində bağırsaqda qanaxmalar yaranır. Oradan infeksiya birbaşa qana keçə bilir. Avropada insanlar utanmırlar, vaxtlı-vaxtında müayinələrə gedirlər. Amma bizdə həm müayinələr baha olduğundan, həm də kompleksə görə, yersiz utanmaya görə xəstəliklər vaxtında aşkarlanmır. Eyni zamanda bütün bunların sonunda imkansızlıqdan xəstəliklər çoxalır. İnsanlar dolana bilmirlər, açıq danışmaq lazımdır. Vaxtı-vaxtında müayinə olunmurlar”.  

 Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

 

Chosen
96
41
musavat.com

10Sources