EN

Menopoz nədir, hansı simptomları var?

Məqalə barədə məlumatMüəllif, Philippa Roxby Vəzifə, BBC-nin sağlamlıq müxbiri

Qadınlarda menopozun simptomları, adətən, 45 yaşdan sonra üzə çıxır.

Bu dönəmdə orqanizmdə nələr baş verir?

Menopoz nədir?

Yumurtalıqların fəaliyyətinin bitməsi nəticəsində menstrual dövrün başa çatmasına menopoz deyilir.

Bu, orta hesabla 51 yaşında olur.

Menstruasiyanın menopozdan əvvəlki nizamsızlaşdığı dövrü perimenopoz adlanır.

Bu, təxminən 46 yaşında başlayır.

Perimenopoz zamanı bir çox qadında menstruasiyanın nizamı pozulur və ya daha ağır keçir.

Bəzi qadınlar əvvəllər heç vaxt üzləşmədikləri emosional və fiziki problemlərlə üzləşirlər.

Əgər ard-arda 12 ay menstruasiya olmursunuzsa, menopoz (son menopoz) keçirdiyinizi deyə bilərsiniz.

Bəzi qadınlarda ya təbii səbəblərə görə, ya da hansısa xəstəliyə və ya müalicələrə görə bu proses daha tez başlaya bilir.

Menopozun səbəbi nədir?

Menopoz zamanı hormonların - ilk növbədə menstrual dövrü tənzimləyən estrogenin səviyyəsi dəyişir.

Qadınlar yaşlandıqca yumurtalıqlar daha az yumurta istehsal edir, estrogen səviyyəsi qalxıb-enir, sonra da tədricən azalır.

Bu isə orqanimdə menopoz əlamətlərinin yaranmasına səbəb olur.

Təbii ki, bu proses bir gündə baş vermir.

Estrogen səviyyəsinin düşməsi bir neçə il davam edə bilir, hormonlar azaldıqca bu səviyyə də azalır və bu da bədəndə müxtəlif dəyişikliklərə gətirib çıxarır.

Yumurtalıqlar yumurta istehsalını tamamilə dayandırandan sonra artıq hamilə qalmaq mümkün olmur və beləliklə, menopoz baş verir.

Hansı simptomları var?

Menopoz və menopozdan əvvəlki dövr hər qadında fərqli şəkildə təzahür edə bilir.

Estrogenin azalması beyinə, menstruasiyaya, dəriyə, əzələlərə və əhval-ruhiyyəyə təsir edə bilir.

Ən çox rast gəlinən simptomları bunlardır:

• çox və ya nizamsız qanaxma;

• istilik basmaları;

• gecə tərləmələri;

• pis əhval-ruhiyyə;

• vaginal quruluq;

• sidik yollarıya bağlı problemlər

Oynaq ağrıları, quru dəri, “beyin dumanı” adlandırılan yaddaş problemi və diqqəti cəmləmək çətinliyi də tez-tez xatırlanan simptomlardandır.

Qadınların təxminən 75 faizində bir və ya bir neçə simptom olur, dörddə biri isə şiddətli əlamətlərlə üzləşdiklərini deyirlər.

Bu simptomlar 7 ilə qədər davam edə bilər.

Qadınların üçdə biri əlamətlərinin daha uzun sürdüyünü bildirir.

Doğuşa nəzarət həblərindən istifadə edirsinizsə, bu, menstruasiya dövrlərinizə təsir edə və menopoz keçirdiyinizi başa düşmənizi çətinləşdirə bilər.

İstilik basmalarının əsas səbəbi estrogen çatışmazlığıdır, çünki bu hormon beyində bədənin temperaturunu tənzimləmək vəzifəsini yerinə yetirir.

Estrogeni azaltdığı qədər olmasa da, menopoz progesteron ve testosteronlara da təsir edir.

Progesteron orqanizmi hər ay hamiləliyə hazırlamağa kömək edir, yumurtalıqlar fəaliyyətlərini dayandıranda və menstruasiya bitəndə azalır.

Testosteronsa enerji səviyyəsini və cinsi həvəsi artırır.

20 yaşından etibarən testosteron azalmağa başlayır.

Bu hormonun səviyyəsini yüksəltmək üçün bəzi qadınlara əlavələr qəbul etmək lazım gələ bilər.

Menstrual sikl qadınların əqli sağlamlığına yaxşı təsir göstərirMenstruasiya məzuniyyəti tətbiq olunmalıdırmı?Azərbaycanda qadın məhbusların gigiyenik "vasitə çatışmazlığı"Menopoz üçün test varmı?

Menopozun diaqnozu üçün FSH (follikul stimullaşdırıcısı) hormonunu ölçən testlər mövcuddur.

Amma orqanizmdəki hormonların səviyyəsi davamlı olaraq dəyişdiyindən testlər vasitəsilə dəqiq nəticə əldə etmək çox çətindir.

Menstruasiyaların qeyri-müntəzəm olduğu dövrlərdə də hamilə qalmaq mümkündür. Mütəxəssislər 55 yaşa qədər qorunmağı tövsiyə edirlər.

Simptomları müalicəylə azaltmaq olurmu?

Hormon artırma terapiyası (HRT) menopoz zamanı azalmağa başlayan və simptomları aradan qaldırmağa kömək edən hormonları çoxaldır.

Amma bu müalicə daha əvvəl xərçəng xəstəliyi keçirmiş, qan laxtalanması və yüksək qan təzyiqi olan insanlara uyğun gəlməyə bilər.

Menepoz simptomlarını təbii yolla azaltmaq üsulları:

• yağı az, kalsiumu çox olan, balanslaşdırılmış qidalanma sümükləri gücləndirə və ürəyi qoruya bilər;

• anksiyete və stres əlamətlərinin azalması, həmçinin ürək xəstəliklərinin profilaktikası üçün tez-tez idmanla məşğul olmaq faydalı ola bilər;

• siqareti tərgitmək ürək xəstəliklərinin və istilik basmaların qarşısını almağa kömək edə bilər;

• spirtli içki qəbul etməyi azaltmaq istilik basmalarının qarşısını ala bilər.

Bəzi araşdırmaların nəticələrin görə, soya və qırmızı yoncada olan fitoestrogen simptomları azalda bilir, D vitaminisə sümüklərin sağlamlığını yaxşılaşdırır.

Menopozdan sonra nə baş verir?

Son menstruasiyadan bir il sonra postmenopozal dövr başlayır.

Estrogen istehsalının tamamən dayanmasıyla yanaşı, sümüklərə və ürəyə uzunmüddətli təsirlər başlayır.

Bu təsirlərin çoxu qocalmanın təbii tərkib hissəsidir.

Bütün dünyada yaş həddinin artmasıyla bağlı gözləntilər artmaqdadır və artıq qadınlar həyatlarının üçdə birindən çoxunu menopozdan sonra yaşayırlar.

Chosen
122
1
bbc.com

2Sources