EN

Rusiya və Türkiyəni bir-birinə yaxınlaşdıran amillər:  Bəlkə hakimiyyətdə başqa şəxslər olsaydı...

Rəsmi Ankara Rusiyaya qarşı birtərəfli sanksiyaları qəbul etmir.

Bakıvaxtı.az-ın məlumatına görə, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Rusiya parlamentində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, belə sanksiyalar faydasızdır, xalqa mənfi təsir edir.

Kurtulmuş deyib ki, Rusiya və Ukrayna arasındakı müharibə regional və qlobal problemə çevrilib. Bu problemin həlli üçün Rusiyanın içində olmadığı müzakirələr mümkün deyil.

Maraqlıdır ki, Rusiya və Türkiyəni bir-birinə yaxınlaşdıran amillər nələrdir?

Siyasi şərhçi Kənan Novruzov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Türkiyə və Rusiya əlaqələri çox spesifik xarakterə malikdir.

Onun sözlərinə görə, bu, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putinin bir-birilərini çox yaxşı başa düşmələri ilə bağlıdır. Bəlkə də hakimiyyətdə başqa şəxslər olsaydı, Rusiya-Türkiyə münasibətləri bu qədər özünəməxsus olmazdı:

"Numan Kurtulmuşun dediyi fikrə gəlincə, bu, Cənubi Qafqazla bağlıdır. Həm Ankara, həm də rəsmi Moskva Cənubi Qafqaz üçün çox mühüm aktorlardır. Hər iki ölkə Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olmasının tərəfdarıdır. Rusiya əvvəllər sülh ideyasına o qədər də səmimi yanaşmırdı. Lakin indi Rusiya düşünür ki, regionda sülhün olması Qərbin müdaxiləsinin qarşısını ala biləcək. Türkiyə də bu mövqeni dəstəkləyir. Bu baxımdan koordinasiyalı davranış sülh sazişinin imzalanmasına təkan verə bilər".

Kənan Novruzov:  Türkiyə-Rusiya əməkdaşlığı Ukraynadakı müharibənin taleyində rol oynaya bilər

K.Novruzov hesab edir ki, digər məsələ Türkiyənin Ukrayna ilə bağlı münaqişədə Rusiyanın masadan təcrid olunmasının tərəfdarı olmamasıdır.

"Bəlkə də Türkiyə yeganə NATO ölkəsidir ki, Ukrayna və Rusiyaya bərabər səviyyədə münasibət göstərir və ədalətli sülhün tərəfdarıdır. Bu baxımdan Türkiyənin Ukrayna ilə bağlı mövqeyi Rusiya üçün əhəmiyyətlidir. Gələcəkdə Türkiyə-Rusiya ikitərəfli əməkdaşlığı Ukraynadakı müharibənin taleyində rol oynaya bilər. Bu fonda Rusiyanın Türkiyənin səsini eşitməsi çox vacibdir", - deyə Kənan Novruzov bildirib.

Gülşən Şərif

Chosen
92
13
bakivaxti.az

10Sources