Sentyabrın 26-da Çinin Azərbaycandakı səfirliyi milli bayram - Çin Xalq Respublikasının yaradılmasının 75-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edib. SİA xəbər verir ki, hər iki ölkənin Dövlət himnləri səsləndirildikdən sonra Çinin Azərbaycandakı müvəqqəti işlər vəkili Din Tao çıxış edərək ölkəsinin 75 ildə keçdiyi inkişaf yolundan danışıb, iqtisadi və mədəni sahələrdə böyük tərəqqiyə nail olunduğunu söyləyib.
“Çin-Azərbaycan münasibətlərinin ötən 32 ili nümayiş etdirdi ki, suverenlik və ərazi bütövlüyünə qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq, bərabərlik və qarşılıqlı fayda, dinc yanaşı yaşama prinsiplərinə sadiq qalaraq, müxtəlif sosial sistemlərə, ideologiyalara, tarixlərə, mədəniyyətlərə, dinlərə və inkişaf səviyyələrinə malik ölkələr hələ də qarşılıqlı etimad yarada və dostluq əməkdaşlığını inkişaf etdirə bilərlər. Sədr Si Cinpinin qeyd etdiyi kimi, Çin-Azərbaycan strateji tərəfdaşlığının yaradılması yeni mövqe və yeni başlanğıc nöqtəsidir. Hər iki ölkə liderinin əldə etdiyi konsensusun tam şəkildə həyata keçirilməsi üçün Çin Azərbaycanla işləməyə hazırdır. Bu yeni başlanğıc nöqtəsində əlaqələrimizi daha yetkin və əsaslı mərhələyə yüksəldək və həm ölkələrimizə, həm də xalqlarımıza daha çox fayda gətirək”, - deyə Din Tao əlavə edib.
Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev çıxışında ticarət-iqtisadi əməkdaşlığın inkişafında Azərbaycan-Çin Hökumətlərarası Komissiyasının mühüm rolunu xüsusilə qeyd edib: “2023-cü ilin noyabrında Komissiyanın doqquzuncu iclası Çində keçirildi. Görüşün yekunlarına dair imzalanmış Protokolun icrası ticarət, investisiya, enerji, nəqliyyat, qida təhlükəsizliyi və turizm sahələrində əməkdaşlığımızın inkişafına töhfə verir”, - deyə Şahin Mustafayev vurğulayıb.
Həmçinin Baş nazirinin müavini qeyd edib ki, Azərbaycan və Çin arasında neft və qaz sahəsində əməkdaşlıq davam edir: “2021-2024-cü illərdə SOCAR Çinə mayeləşdirilmiş təbii qaz və neft məhsulları ixrac edib. 2023-cü ildə neft-kimya məhsulları və xam neft tədarük edilib. Eyni zamanda, Azərbaycan və Çin arasında iqtisadi əlaqələrin dinamikasına təsir edən mühüm amillərdən biri də enerji sahəsində səmərəli əməkdaşlıqdır. Hazırda alternativ və bərpaolunan enerji mənbələri sahəsi ölkələrimiz arasında əməkdaşlığın perspektivli sahələrindən biridir. Azərbaycanın “yaşıl” enerji imkanlarının inkişafı məqsədilə bir sıra Çin şirkətləri ilə potensial layihələr müzakirə olunur. Ölkəmizin bu ilin noyabrında COP29 konfransına ev sahibliyi edəcəyini nəzərə alaraq, Çindən rəsmi nümayəndə heyətinin iştirakını alqışlayır və Çinin iqlim dəyişikliyi ilə mübarizə sahəsində qabaqcıl təcrübəsini bölüşməkdə maraqlıyıq. Azərbaycanda avtobus parkının yerli istehsalını təmin etmək üçün Çin ilə əməkdaşlıq edilir. “BYD Company Limited” (BYD) şirkəti fəaliyyətə başlamış, COP29 çərçivəsində elektriklə işləyən avtobusların ölkəmizə idxalı və istismara verilməsi haqqında müqavilə imzalanmışdır. Əməkdaşlıq çərçivəsində 2025-ci ildə yerli istehsalın yaradılması, ehtiyat hissələrinin lokallaşdırılması, dövlətin satınalma zəmanəti və birgə maliyyələşdirilməsi də nəzərdə tutulub”, - deyə Şahin Mustafayev əlavə edib.
Tədbir bədii hissə ilə davam edib.