Bu, ölkəmizin qüdrətlənməsinə və güclü dövlətlər cərgəsində yer almasına zəmin yaradır
Azərbaycan dövlətinin son 4 ildə dünyanı heyrətləndirən hərbi, geosiyasi və sosial uğurlarının əsasını iqtisadiyyatın güclənməsi və şaxələndirilməsi təşkil edib. Ulu Öndərin «İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir» tezisini reallığa çevirən Prezident İlham Əliyev yaxşı bilirdi ki, digər sahələrin də inkişafı məhz güclü iqtisadiyyat yaratmaqdan keçir. Prezident İlham Əliyevin cari ilin 26 sentyabr tarixində keçirilən iqtisadi məsələlərə həsr olunmuş müşavirədəki çıxışında bildirib ki, 2024-cü ilin əvvəlindən iqtisadi inkişaf gözlənilən səviyyədə olub. Bu dövrdə iqtisadi artım 4,3 faiz təşkil edib. Yəni bu göstəricini hazırkı qlobal iqtisadi çətinliklərin mövcud olduğu bir vaxtda müsbət tendensiya hesab etmək olar. Xüsusilə ən əhəmiyyətli fakt ölkəmizdə qeyri-neft sektorunun 7 faiz artmasıdır. Bu bir daha təsdiq edir ki, Azərbaycanda iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılmış addımlar və düşünülmüş islahatlar siyasəti öz bəhrəsini verir.
Yeni yaradılan sənaye parklarından bəhs edən Prezident vurğulayıb ki, bu müəssisələr ölkəmizin iqtisadi müstəqilliyinin artmasına xidmət edir: «Bizim ənənəvi sənaye məntəqələrimizdə, – Bakı şəhəri, Sumqayıt şəhəri, sənaye parkları, – yeni müəssisələr açılır. Eyni zamanda, azad edilmiş torpaqlarda, Ağdam və Cəbrayıl rayonlarında yeni sənaye parklarının yaradılması çox müsbət hal kimi qiymətləndirilməlidir.»
Ölkəmizin başçısı müşavirədə önəmli xəbər də verib. Bildirib ki, gələn il minimum əməkhaqqı və minimum pensiya artırılacaq: «Qeyd etdiyim kimi, indi gələn ilin büdcəsinin müzakirəsi gedir, yaxın vaxtlarda mənə təqdim ediləcək. Təbii olaraq, büdcə bizim imkanlarımızı əks etdirir. Biz, necə deyərlər, ayaqlarımızı yorğanımıza görə uzadırıq və uzatmalıyıq. Heç bir yerdən heç bir yardım almırıq, əksinə, xarici borcu azaldırıq və bir neçə il bundan əvvəl qarşıya qoyduğum vəzifə artıq uğurla yerinə yetirilir. Xarici borcun ümumi daxili məhsula nisbətdə Azərbaycan dünya miqyasında qabaqcıl ölkələr sırasındadır. Bu, cəmi 7,5 faizdir və bu, bizə imkan verir ki, gələcəkdə daha az vəsaiti xarici borcun qaytarılmasına sərf edək. Bu gün onu da biz müzakirə edəcəyik, baxarıq, bəlkə də bəzi borcları vaxtından əvvəl ödəmək də faydalı ola bilər. Halbuki mən bunu artıq bir neçə dəfə demişəm ki, istəsək, biz bir gün ərzində bütün borcu sıfırlaya bilərik.»
Bu gün qarşıda duran əsas hədəflərdən də biri Azərbaycanın hərbi potensialının gücləndirilməsidir. Bu, ölkəmizin və xalqımızın milli təhlükəsizliyi üçün əsas amildir. Prezident bu sahənin də daim diqqətdə saxlanıldığını bildirib və gələn ilin dövlət büdcəsində artımların olacağını elan edib.
Ölkəmizin başçısı müşavirədə xüsusi vurğulayıbki, vətəndaş amili dövlət siyasətimizin əsasıdır. Bu, atılan addımlarda da özünün ayıdın ifadəsini tapır: «2018-ci ildən bu yana dörd sosial islahatlar paketi həyata keçirmişik. Bu sosial islahatlar paketinin məbləği 7 milyard manatdır və bu, 4 milyon insanı əhatə edir. Son beş il ərzində Azərbaycanda minimum əməkhaqqı 2,7 dəfə, minimum pensiya 2,5 dəfə artıb. Artıq göstəriş verildi ki, gələn ildən minimum əməkhaqqı və minimum pensiya yenə də artırılacaq.»
Azərbaycan neftini Azərbaycan xalqının rifahına yönəltmək kimi məsuliyyətli və şərəfli bir işin öhdəsindən layiqincə gələn Prezident İlham Əliyev bu barədə deyib: «Neft gəlirlərinin təyinatı üzrə xərclənməsi, ədalət prinsipinin qorunması insanların rifah halının yaxşılaşdırılmasına yönələn addımlarla müşayiət olunur. Daim bu reallıq diqqətə çatdırılır ki, neft və qaz ehtiyatları olan bir çox ölkənin üzləşdiyi “neft lənətinə” düçar olmamağı bacardıq. Azərbaycan nefti inkişafa çevirdi, sərvətin ədalətli paylanmasını təmin etməyə nail oldu.»
Bəli, bu gün neft gəlirlərindən səmərəli istifadə mühüm sosial-iqtisadi layihələrin icrasını sürətləndirir ki, bu da öz növbəsində ölkəmizin hərtərəfli inkişafını şərtləndirir. Ulu Öndər Heydər Əliyevin böyük uzaqgörənliklə yaratdığı Dövlət Neft Fondu, eyni zamanda, Prezident İlham Əliyevin 27 sentyabr 2004-cü il tarixli Fərmanı ilə təsdiqlənən «Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya (2005-2025-ci illər)»dan irəli gələn vəzifələrin uğurlu icrası qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olmağa stimul verir.
Dövlət başçısı İlham Əliyev müşavirədə onu da bildirib ki, son illərdə xarici neft şirkətləri tərəfindən həyata keçirilən layihələrdə neftin hasilatı ildən-ilə azalırdı və bu da təbii olaraq ümumi iqtisadi inkişaf templərimizə mənfi təsir göstərirdi. Ölkəmiz bu tənəzzülü qeyri-neft sektorunun inkişafı ilə tənzimləyir. Ancaq neft hasilatında buraxılmış nöqsanlar xarici neft şirkətləri ilə aparılan danışıqlar nəticəsində onların diqqətinə çatdırılmış və tələb edilmişdir ki, aradan qaldırılsın, neft hasilatının sabitliyi təmin edilsin. Son aylar ərzində bu istiqamətdə çox fəal iş aparılırdı. Bu işin nəticəsi olaraq əsaslı ümidlər yaranmışdır ki, daha bundan sonra heç bir əsası olmadan neft hasilatında tənəzzül olmayacaq: «Təbii olaraq hökumət qurumları və Dövlət Neft Şirkəti bu işlərin gələcək gedişatına da daim diqqət yetirəcək. Beləliklə, bizim iqtisadi inkişaf templərimizi geriyə çəkən əsas amil ümid edirəm ki, aradan qaldırılacaq və gələn il sabit neft hasilatı təmin edilməlidir. Nəzərə alsaq ki, hazırda biz neft-qaz sektorunda bir neçə yeni layihə üzərində işləyirik və o layihələrin işlənməsi nəticəsində yeni hasilat proqnozlarımız var. Yəqin gələn il biz hamımız onu görəcəyik ki, yeni layihələrdən, yeni yataqlardan daha böyük həcmdə təbii qaz və neft kondensatı hasil edilir. Hesab edirəm ki, neft-qaz sahəsində templər müsbət olacaqdır.»
Ölkəmizdə mövcud olan investisiya mühitinə də toxunan Prezident İlham Əliyev deyib ki, son 21 ilə yaxın dövrdə ölkə iqtisadiyyatına 310 milyard dollar investisiya yatırılıb ki, bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Azərbaycanda yoxsulluq səviyyəsi 50 faizdən 5 faizə enib. Paytaxt Bakıda, regionlarda, xüsusilə işğaldan azad edilmiş ərazilərimizdə görülən işlər, infrastrukturun tamamilə yenilənməsi və insanların həyat səviyyəsinin daha da yaxşılaşması iqtisadi inkişafımızın göstəriciləridir.
Bu gün dövlətimizin qarşısında duran əsas hədəflərdən biri Böyük Qayıdış Proqramını sürətləndirməkdir. Ona görə də postmüharibə dövründə işğaldan azad olunumuş ərazilərdə aparılan sürətli quruculuq, bərpa işləri daim diqqətdə saxlanılır. Ötən dörd ildə Azərbaycanın dövlət büdcəsindən bərpa işlərinə 12 milyard manatdan çox vəsait ayrılıb. Hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sürətli bərpa və yenidənqurma işləri həyata keçirilir. Yaşayış binaları, iaşə obyektləri, hava limanları tikilir, yollar çəkilir, kommunikasiya xətləri qurulur, bir sözlə, bu yerlərə həyat qayıdır. Artıq minlərlə keçmiş məcburi köçkün Laçına, Füzuliyə, Zəngilana, Şuşaya, Xocalıya, Suqovuşana, Cəbrayıla qayıdaraq öz doğma torpaqlarında yeni həyata başlayıblar.
Elçin Zaman, «İki sahil»