İsrailin Livanın paytaxtı Beyruta son hücumlarında hədəf aldığını bildirdiyi “Hizbullah”ın lideri Həsən Nəsrullahın sağ olub-olmaması müzakirə mövzusuna çevrilib.
Gundem.az bildirir ki, bununla bağlı İsrailin “Kanal 12” televiziyası müəyyən iddialar irəli sürüb. Qeyd olunub ki, Tel-Əviv rəhbərliyi Nəsrullahın hücuma məruz qalan sığınacaqda olduğunu və onun oradan sağ çıxmasının çətin olacağını bildirib. Həmçinin “Hizbullah” liderinin hücumda yaralanmış ola biləcəyinin təxmin edildiyi iddia edilib.
İsrail ordusu radiosuna danışan bir mənbə, “hücum nöqtəsində olan birinin sağ qalması çətindir”, - söyləyib.
“Walla” saytına danışan mənbə isə "Nəsrullahın burada olduğuna dair işarələr getdikcə artır və onun buradan çıxması mümkün deyil”, - iddia edib.
“New York Times” qəzetində çıxan xəbərə görə, İsrail rəsmisi deyib ki, Nəsrullah və ya başqalarının öldüyü və ya yaralandığını öyrənmək üçün bir müddət lazım olacaq.
İranda yerləşən “Tasnim” xəbər agentliyi “Hizbullah” liderinin sağ olduğunu bildirərkən, İran rəsmisi bununla bağlı Britaniyanın “Financial Times” qəzetinə açıqlama verib.
O qeyd edib ki, Nəsrullahın öldürülüb-öldürülməməsindən asılı olmayaraq, Beyrutdakı hücumlar müharibəni başqa mərhələyə daşıyacaq.
Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələrinin Beyrutun Dahiya bölgəsinə endirdiyi hava zərbələri nəticəsində “Hizbullah” lideri Həsən Nəsrullahın qızı Zeynəb Nəsrullah da ölüb.