EN

"Komandamız meydana çıxanda oynamaq istəmir" - Samir Abasov

"Bir az məyusuq. O da itirdiyimiz xallara görədir. Ardıcıl məğlubiyyətdən sonra səfərdə qələbə qazana bilərdik. Bu da yenidən ayağa qalxmaq üçün stimul olardı. Referiden də xoşum gəlmədi. Onun qərarları bizi xallardan etdi. Yanılmıram. Dəfələrlə epizodlara baxdım. Roy Kehatın epizodunda təmiz penalti verilmədi. Son nöqtələrdə keyfiyyət məsələsinə görə xallardan olduq. "Neftçi" kimi komanda ilə görüşdə epizodlar əldə etdik. Amma realizasiyada axsadıq. Bu, bizim üçün başlanğıcdır. Faciə yox idi. Öz gücümüzə inanırıq. Azarkeşlərimizə təşəkkür edirik. Ən yaxşısı üçün çalışacağıq. Söz verirəm".

Prosport.Az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının VIII turunun "Neftçi" ilə oyundan sonra keçirilmiş mətbuat konfransında deyib.

O, jurnalistlərin suallarını da cavablandırıb.

- Azarkeşlərlə nələr müzakirə olundu?

- Sırf mənimlə görüşməyə gəlmişdilər. Mənə dəstək oldular. Yazılanları görürlər, motivasiyamın düşdüyünü hiss edirlər. Dedilər ki, şəhər olaraq yanındayıq. Nə olursa-olsun. Bunu hiss etmək hər məşqçiyə lazımdır.

- Cordan Rezabala Rəhimdən daha inamlı görünürdü. Rəhim oynamaq istəmir sanki...

- Rezabala çox yaxşı oynadı. Tək o yox, hamısı yaxşı performans göstərdi. Rəhimə də inamım sonsuzdur. Bu periodu da keçəcək. Rəhimin keyfiyyəti, bacarığı var. Onun minusu var, özünə də demişəm, öz ab-havasından çıxmağa çalışmır. Öz oynadığı futbolu üstün sayır. Rəhimi yola da gətirəcəyik, ona inanırıq. Ehtiyatdan oyuna girməsi sırf Rəhim və Rövlan üçün atılan addım idi. Bəzi oyunçuların kənardan matça baxmağa ehtiyacı var. 

- Komanda bir xala görə razıdır, siz itirilən xallara görə narazı?

- Futbolçuların üzüntələrini görürəm. Bizdə fiziki baxımdan disbalans var. Hamısı düzələcək. Hər şey yaxşı olacaq. Hamısı optimal vəziyyətə gəlsin. Alan Dias bir ilə yaxındır futbol oynamır. 

- Ötən oyundan sonra demişdiniz ki, futbolçularda şişmə var. Bugünkü nəticə o işin üstünə düşdüyünüzə görə oldu, yoxsa motivasiyanız sırf "Neftçi"yə qarşı idi?

- Bəziləri ilə ciddi danışdıq. Tresor Mossini əvəzediciyə göndərdik,. Məqsəd ağıllarını yerinə qaytarmaq idi. Bizə ən çox motivasiyanı verən azarkeş idi. "Neftçi"yə qarşı oyunda niyə motivasiyalı olmalı deyiləm? Hamımız olmalıyıq.

- Növbəti matç "Qarabağ"a qarşıdır. Planlarınızda hansısa dəyişiklik ola bilər?

- Heç nə gözləməyəcəyik. Uduzmağı da göz qabağına alıb bəzi şeylər etməliyik. Çünki axırı daha pis ola bilər. Əsas olan ruhumuzu qaytarmalıyıq. Bizi bu cür oyuna görə tanıyırlar. Biz çox "klass"la görünən komanda deyilik. Komandamız meydana çıxanda oynamaq istəmir. İnsanlar bizi bu cür tənqid edirdi. Bu da haqlıdır. Qışa qədər komandanı yerinə oturtmalıyıq.

- "Neftçi" bir xal qazanaraq autsayderlər sırasından çıxdı. Bu komandaya qarşı oynamaq necə hiss idi?

- İki autsayder oynayırdı. "Neftçi" haqda danışa bilmərəm. İxtiyarımda deyil. Öz oyunumuzu qaytarmaq istəyirik. İki komanda da yaxşı günlərini yaşamır. Bizə uğurlar.

- Qara Qarayevlə danışıq aparmısınız? "Sumqayıt"a lazımdır bu futbolçu?

- Qara Qarayev hər bir kluba lazımlı futbolçudur. Hər klubun öz isyasəti, işi var. O qərarlara qarışa bilmərik. Qara ilə danışmamışıq. Mənim komandamda olsa, çox sevinərəm.

- Samir Abasovla klub prezidenti arasında narazılıq var? 

- Xeyr.

Chosen
30
9
prosport.az

9Sources