EN

Sülh masası uğrunda müharibə: Nyu Yorkdan sonra Moskva...

Sentyabrın 26-da Nyu-Yorkda ABŞ dövlət katibi Entoni Blinken, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında üçtərəfli görüş keçirilib. Aydın idi ki, BMT sessiyası çərçivəsində baş tutan görüşdə xüsusi nəticələr olması gözlənilmirdi. Amerika Birləşmiş Ştatları son aylar dövlət katibi və Dövlət Departamenti səviyyəsində bəyan edib ki, Azərbaycan və Ermənistanla sülh sazişi üzərində sıx işləməkdə maraqlıdır. 

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ABŞ dövlət katibinin iştirakı ilə keçirilən görüşündə tərəflər qısa müddət ərzində sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında sazişin yekunlaşdırılması üçün əlavə səylərin göstərilməsi barədə razılığa gəliblər.

“ABŞ dövlət katibi Azərbaycan və Ermənistan XİN rəhbərlərini davamlı və layiqli sülh yolunda əldə edilən irəliləyişi yüksək qiymətləndirib və sülh sazişini mümkün qədər tez yekunlaşdırmaq üçün hər iki ölkənin davamlı səylərə çağırıb”. Dövlət Departamentinin yaydığı məlumatda belə bildirilib. Qeyd edilib ki, dövlət katibi sülh sazişinin regiona artan sabitlik və rifah gətirəcəyini vurğulayıb. ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin bəyanatında isə Blinkenin hər iki naziri  davamlı və ləyaqətli sülh yolunda əldə etdiyi tərəqqiyə görə təqdir edib, sülh sazişinin regiona sabitlik və rifah gətirəcəyini vurğulayıb.

Ermənistanın baş naziri Nikol Paşinyan isə bildirib ki, Konstitusiya Məhkəməsi Azərbaycanla sülh müqaviləsinin Ermənistanın əsas qanununa zidd olduğu qənaətinə gələrsə, sülh naminə konstitusiya dəyişikliklərinə ehtiyac yaranacaq.

Nazirlərin Nyu-York görüşünün təşkili, Paşinyanın son açıqlaması hələ yekun sülh sazişinin tezliklə  imzalanacağı demək deyil. Nəzərə alaq ki, Ermənistan BMT tribunasından belə çıxış edir. Paşinyan İrəvana gələndə fərqli danışarsa, təəccüb doğurmaz. Sadəcə, COP29-a qədər Bakını sülh sazişi imzalamağa dəvət etməsi Ermənistan haqda beynəlxalq aləmdə sülhpərvər imici yaratmaq cəhdidir. Üstəlik, onun gələn ay Kazan səfəri var. Paşinyan BRİKS sammitində iştirak edəcək. Azərbaycan liderinin də tədbirdə iştirakı nəzərdə tutulub. Bu baxımdan Nyu-Yorkda nazirlərin görüşü olubsa, Kazanda da liderlərin Putinin təşəbbüsü ilə danışıqlar aparması istisna deyil.

Ümumiyyətlə, Cənubi Qafqaz uğrunda geopolitik mübarizə getdiyi bəllidir. Vasitəçilik uğrunda yarışda isə ABŞ geridə qalmaq istəmir. Təəssüf ki, ABŞ-ın neytral vasitəçi olmaq və erməni güc mərkəzlərinin təsirinə düşmədiyini demək mümkün deyil. ABŞ Konqresində Azərbaycanın Qarabağa “təcavüzü” ilə bağlı aktın müzakirəyə çıxarılmasını (“Artsax Gəlirlərinin Bərpası Aktı”-red.) yada salmaq kifayətdir. Konqresin erməni məsələsi üzrə qrupunun sədr müavini Adam Şiff Azərbaycanın müsadirə edilmiş aktivlərindən “Artsax Gəlirlərinin Bərpası Fondu”nun yaradılması və “didərgin düşmüş” ermənilərə kompensasiya vermək kimi axmaq təklifi gündəmə gətirib. 

Bununla yanaşı, ABŞ-dakı şəxsi aktivləri ələ keçirmək və “artsaxa hərbi hücumda iştirak etmiş və ya dəstək vermiş yüksək rütbəli Azərbaycan nümayəndələrinə və onların yaxın ailə üzvlərinə viza məhdudiyyətlərinin tətbiqi” də tələblər sırasındadır. Aydın məsələdir ki, Adam Şiff təkbaşına hərəkət etmir. Bu, ABŞ-ın Azərbaycana qarşı növbəti təxribatıdır. Şiff kimilərinə anti-Azərbaycan hərəkətləri üçün Bayden administrasiyası şərait yaradır. Belə bir anti-Azərbaycan mühitində Amerika administrasiyasının “ədalətli sülh sazişi” adı altında nələri nəzərdə tutduğu və tərəfsiz vasitəçi olması sual doğurur.

Məlumdur ki, Ermənistan hakimiyyətinin sülh danışıqlarının Qərb platformaları çərçivəsində aparılmasına tərəfdardır, Moskvanın vasitəçiliyini iqnor edir. Ermənistanın sülh danışıqlarında Qərb vasitəçilərinin iştirak etməsinə üstünlük verməsinin səbəbi ona dəstək verəcək xarici havadarlara ehtiyac olması ilə bağlıdır. Həmçinin Ermənistan bu yolla Azərbaycan üzərində təzyiqlərin artırılmasını istəyir. Rusiya da köhnə postsovet məkanında öz maraqlarından əl çəkmək fikrində deyil. Rusiya XİN Ermənistanın Moskva görüşlərindən imtina etməsinə loyal münasibət göstərməyə çalışsa da, dünənədək onun forpostu olan Ermənistanın indi onun təkliflərini rədd etməsini asanlıqla qəbullanmayacaq. O səbəbdən Moskvanın yenidən sülh masasının Moskva da qurulmasını təklif edəcəyi gözlənilir.

Ermənistana isə həm iqtisadi, həm siyasi təsir rıçaqları qaldığı halda Qərb İrəvanı Rusiyaya istənilən mövzuda qarşı çıxmağa ürəkləndirir. Azərbaycan Fransa istisna olmaqla istənilən ölkənin sülh vasitəçiliyinə (məsələn, Astana, Tiflis) normal baxır. Nyu-Yorkdan sonra “sülh bayrağını” Rusiyaya keçəcəyi gözləniləndir. Amma görək, ağaları Ermənistana icazə verəcəkmi? İstənilən halda, bu cür dartışma sülh prosesini irəli atmaqdan daha çox geri salır. 

Politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Blinken nazirlərin üçtərəfli görüşündən nəticə əldə etmək və ABŞ-da prezident seçkisinə qədər sazişin imzalanmasını istəyirsə, erməni həmkarını və onun vasitəsilə Paşinyanı Konstitusiyada Azərbaycana ərazi iddiasını ehtiva edən bəndin çıxarılmasına inandırmalıdır. “Hər iki tərəf sülh sazişinin mətninin 80 faizinin razılaşdırıldığını bildirib. Tərəflər sazişdə bir-birlərinin ərazi bütövlüklərini tanımağa hazırdırlar. Məsafənin böyük hissəsi qət edilib. Paşinyan bircə addım atmaqla məsələnin müsbət həllini sürətləndirə bilər. Dövlət Departamenti Paşinyana çağırış edib onu Konstitusiya dəyişikliyinə inandıra bilsə, ABŞ-ın Cənubi Qafqazda rolu artacaq, əks halda üçtərəfli görüşün keçmişdəki görüşlərdən heç bir fərqi olmayacaq”  deyə analitik belə proqnozlaşdırır.

Professor Qabil Hüseynli görüşlərin sürətlənməsini vacib sayır. Onun sözlərinə görə, Qərb Rusiyadan fərqli olaraq vasitəçilik təklif etmir və ikitərəfli danışıqlar modelini də dəstəkləyir: “Qərb Bakı ilə İrəvan arasında etimad mühitinin yaranmasını müşahidə edir, moderatorsuz müzakirələri üstün tutur”. Q.Hüseynli Rusiya masasında təşkil olunacaq görüşdən nəticə gözləmir və ikitərəfli danışıqları davam etdirməyi yeganə variant sayır.

Siyasi ekspert Ramiyə Məmmədova isə Paşinyanın COP29-a qədər sülh sənədi imzalamağa çağırış etməsini “erməni hiyləsi” adlandırır. Onun fikrincə, baş nazir guya sülh müqaviləsini imzalamağa tələsir, əslində isə Qərbə özünü sülhpərvər kimi sırıyır: “Paşinyanın piarı Azərbaycanın sülh istəmədiyi haqda saxta təsəvvür yaratmaqdır. Amma Ermənistan məğlub tərəfdir, diktə edə bilməz və konstitusiyaya düzəliş etməsə, sülh mümkün deyil. Sabah Paşinyan iqtidardan getdi, yeni hökumət gəldi, necə olacaq? Yeni hakimiyyət konstitusiyaya istinad edərək bildirəcək ki, Qarabağ Ermənistana birləşdirilməlidir. Bu ərazi iddiası qanunvericilik sənədlərində qalıbsa, sülh sənədi Ermənistan -Azərbaycan yox, Bakı-Paşinyan arasında saziş kimi olacaq”.

Hüquq müdafiəçisi Xəzər Teyyubluya görə, nazirlərin görüşü sülh danışıqlarında ciddi addım sayılmır: “ABŞ bu görüşü təşkil etməklə prosesdə irəliləyiş istəyir. Eyni zamanda, Rusiyaya nümayiş etdirir ki, onun təşəbbüsü ilə nazirlər bir araya gəlir. Fakt budur ki, Rusiyanın masasından Ermənistan imtina edir. Ona görə də hazırda ABŞ və Rusiya arasında sülh müqaviləsinin imzalanmasında kimin rolu olması uğrunda yarış gedir. Bu həm də Cənubi Qafqazla bağlı rəqabətin nəticəsidir. Çünki bölgədə nüfuz savaşı güclənib”.//"Yeni Müsavat"
 

Chosen
63
3
hit.az

2Sources