EN

Bizim analarla yapon anaların fərqi

Elmi rəhbərim, müəllimim, görkəmli alim akademik Azad Mirzəcanzadənin aspirantları üçün keçirdiyi həftəlik seminarlar dillərdə əzbər idi. Onun “Azİ”nin “Köhnə bina”sının 2-ci mərtəbəsindəki dar, uzun kabineti o seminarlarda ağzına qədər dolardı. Aspirantlar öndə, arxada isə artıq elmlər doktorları, professor olmuş keçmiş aspirantları oturardılar…

Azad müəllimin köməkçisi, sonralar Elmlər Akademiyasının müxbir üzvü, professor, kafedra müdiri olacaq Telman Salavatov hər dəfə əvvəlcədən kabineti açar, biz də içəri girib dörd gözlə əziz müəllimimizin yastı-yastı addımlarla gəlişini gözlərdik. Belə seminarlardan birində Azad müəllim gərgin bir halda içəri girdi. Əlindəki qovluqları, bir neçə kitabı, dəstə-dəstə elmi jurnalları masasının üstünə qoydu, az qala yarım metr olan Çin istehsalı pompalı termosundan bir stəkan çay süzüb kabinetindəki məşhur yazı taxtasının önünə keçdi:

– Azərbaycanlı ana ilə yapon ana arasında nə fərq var, bilirsiz?

Arxada kimsə mızıldandı. Azad müəllim o tərəfə baxmadan özü cavab verdi:

– Uşaqlara tərbiyə məsələsi…Yaponlar alayı cür öyrədirlər uşaqlarını…

Arxadan aspirantlardan biri “Bəli, bəli” deyə nəsə aktivlik göstərmək istədi. Azad müəllim ona məhəl qoymayıb davam etdi:

– Asya xanım (Azad müəllim anasına elə xitab edirdi) mən nadinclik edəndə “Həyətə oynamağa getməyə qoymayacam” deyirdi. Yapon ana isə “Səni evə qoymayacağam” deyir… Bu başqa bir düşüncə formasıdır.

Yerinə qayıdıb soyumuş çaydan bir qurtum içib belə davam elədi nəhəng alim:

– Bir uşağa “yalan danışma” yox, “doğru danış” demək lazımdır. Birincisində ittiham etmiş, ikincisində isə yol göstərmiş olursan. Yapon qadın uşağına ikincisini deyir.

Otağa sakitlik çökdü…

Moskva və Ufaya ezamiyyətdən yenicə qayıtmışdım. Dedi danışın görək, nə “rezultatlar” alıbsız. Nə danışdığımı xatırlamıram. Ancaq yadımdadır ki, Azad müəllimdən başqa heç kim məni dinləmirdi. Hamının fikri ölməz müəllimimizin söylədiklərində idi…

Chosen
171
vaxt.az

1Sources