EN

Ermənilərin Kəlbəcərdə törətdiyi qətliama həsr edilmiş “Tunel” romanının təqdimatı olub

Bakı, 29 sentyabr, AZƏRTAC

Əməkdar jurnalist, yazıçı Yunis Orucovun “Tunel” romanının təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, roman Ermənistan silahlı qüvvələrinin 1993-cü il martın 31-də Kəlbəcərdə törətdiyi tunel qətliamına həsr edilib. Əsərdə qətliam zamanı bütün ailəsi gözləri önündə ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilən, özləri isə girov düşən bacı-qardaş Yeganə və Müşfiq İbrahimovların məşəqqətli həyatından bəhs olunur.

Romanın redaktoru, əməkdar jurnalist Firuzə Nadir otuz il əvvəl soydaşlarımızın başlarına açılan müsibətin qisasının müstəqilliyin övladlarının qəhrəmanlığı sayəsində alındığını deyib.

Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun icraçı direktoru Pərviz Əmirov Birinci Qarabağ müharibəsinin gedişində xalqımızın üzləşdiyi faciələri əks etdirmək baxımından romanın əhəmiyyətini vurğulayıb.

MİMTA Yayımlarının direktoru Əsəd Aslanoğlu əsərdə ifadə etdiyi hiss və həyəcanı, ideoloji mesajı, həmçinin ümidlərin bir gün mütləq reallığa çevrilməsini aydın şəkildə göstərdiyi üçün müəllifə təşəkkür edib.

Romanın əsas qəhrəmanı Yeganə İbrahimova hələ də unuda bilmədiyi tunel faciəsini göz yaşları ilə anıb, ən böyük təsəllisinin torpaqlarımızın azad edilməsi olduğunu deyib.

Vətən müharibəsində şəhid olmuş Dünyamin Tağızadənin anası Ziyafət Quliyeva, qazi Polad Rzayev, ilahiyyatçı Ağa Hacıbəyli və başqaları parlaq qələbəmizlə bağlı fikirlərini bölüşüb, xalqımızın tarixində müstəsna yeri olan Qələbəmizin şanlı səhifələrinə nəzər salıblar.

Romanın müəllifi Yunis Orucov tunel qətliamında onlarla günahsız insanın amansızlıqla qətlə yetirildiyini, uzun axtarışlar nəticəsində ərsəyə gələn romanın əsas qayəsinin onların xatirəsini hər zaman əziz tutmağa yönəldiyini, bizi isə keçmişdən dərs çıxarmağa çağırdığını vurğulayıb.

Chosen
10
4
azertag.az

5Sources