EN

Dələduzlar üçün münbit şərait yaradan piramida sistemi – İnsanları necə aldadırlar?

“Uzun illər-6-7 il maliyyə piramida sistemlərinin içində olan insanlar tanıyıram ki, maksimum 600-800 manat pul qazanıblar”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında son dövrlər maliyyə piramidalarının artması və bu halın dələduzlar üçün yaratdığı münbit şərait barədə danışan Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası İdarə Heyətinin sədri Elvin Abbasov deyib.

Onun sözlərinə görə, Azərbaycanda piramida sistemləri 1990-cı illərdən dəbdədir.

“1990-cı illərdən ilk dəfə İran vətəndaşları Azərbaycanda piramida sistemlərini təbliğ edirdilər. Daha sonra isə bu ölkəmizdə getdikcə artmağa başladı. Rəqəmsallaşma da artıqca bu maliyyə piramidaları rəqəmsal müstəviyə keçməyə başladı. Rəqəmsal müstəvidə artıq məsələlərə yanaşma və daha çox publikaya əlçatanlıq rahatlaşdı. Ümumiyyətlə, aztəminatlı insanlar əllərindəki son vəsaitləri risksiz hesab etdiyi və az zəhmət tələb edən, əziyyətsiz sahələrə investisiya etmək istəyirlər. Bu da dələduzlar üçün münbit şəraitdir”, – deyə o əlavə edib.

E.Abbasov qeyd edib ki, illərdir ki, Azərbaycanda piramida sistemləri uğursuz alınır.

“İnsanlar istismar olunur. İstər fiziki formada, istərsə də hazırki rəqəmsal müstəvidə fəaliyyətini aparan maliyyə piramidalarının hər birisi dələduzların əsas gəlir mənbəyinə çevrilib. Məsələn, vətəndaşlar sadəcə kimsənin ayda 10-15 min pul qazandığını eşidirlər. Lakin özləri illərdir bu sxemin içərisində heç vaxt yaxşı nəticə əldə edə bilməyiblər. Mən uzun illər-6-7 il maliyyə piramida sistemlərinin içində olan insanlar tanıyıram ki, maksimum 600-800 manat pul qazanıblar. Lakin şəxsən maliyyə piramidalarından ayda 15-20 min vəsait qazanan insan tanımıram. Çünki bunlar yalan vədlər, şirnikləndirici tələlərdir. Bir neçə insan ortaya ataraq, onun menecer olduğunu külli miqdarda pul qazandığın iddia edirlər. Maliyyə piramidaları texniki olaraq belədir ki, hər bir sağ və solun altında yenidən sağ və sol və beləcə davam edir. Təbii ki, bu sxem uzandıqca bir yerdə qırılma baş verir və bu anda balans pozulur. Siz o ana qədər cəmi 100-150 manat pul qazanırsınız və sonradan bu balanssız formaya keçir. İllərlə sadəcə şirniklərnirsiniz ki, filan yerdə kimsə menecerdir və o, ayda 6-15 min pul qazanır və nə vaxtsa o müstəviyə çatacağam. Lakin təəssüflər olsun ki, qurbanların heç biri pul qazana bilmir, lakin yuxarıda bir iki şirnikləndirici insanın boş vədləri hökm sürür. Maliyyə piramidaları ənənəvi üsulda necə baş verirdisə, rəqəmsal müstəvidə də həmin formanın rəqəmsallaşma müstəvisi var və heç bir dəyişiklik yoxdur”, – deyə o bildirib.

İsmayıl Bakuvi

Chosen
55
yenicag.az

1Sources