TƏBİB-in təşəbbüsü, Qarabağ Dirçəliş Fondunun iştirakı ilə 29 sentyabr Ümumdünya Ürək Gününə həsr olunan “Ürəyimiz Qarabağda döyünür” layihəsi çərçivəsində Füzuli Rayon Mərkəzi Xəstəxanasında vətəndaşların kardioloji müayinələri həyata keçirilib. TƏBİB-dən SİA-ya verilən məlumata görə, müayinələr Ağdam-Ağcabədi tibbi ərazi bölməsi üzrə Beyləqan, Füzuli, Ağdam, Ağcabədi, Xocavənd rayonlarının vətəndaşları üçün təşkil edilib.
İcbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində təşkil edilən kardioloji müayinələrə ümumilikdə 550-yə yaxın vətəndaş cəlb edilib. Bakı, Sumqayıt və Göyçay şəhərində TƏBİB-in tabeli tibb müəssisələrində fəaliyyət göstərən ixtisaslı həkim mütəxəssislər tərəfindən EXO, EKQ, fetal exokardioqrafiya, laborator xidmətlər olmaqla, ümumilikdə 5 adda kardioloji xidmət göstərilib.
Müayinələr zamanı daha çox hipertoniya, ekstrasistolik aritmiya, səyirici aritmiya, sinus taxikardiyası, ürək çatışmazlığı, miokard infarktı aşkarlanıb.
Müxtəlif sosial qruplardan olan vətəndaşlar arasında həssas əhali qrupuna daxil olan müharibə iştirakçıları və şəhid ailələrinin üzvləri də tibbi müayinələrdə iştirak edib.
Müayinələrə cəlb edilənlərdən 17 nəfər şəhid ailəsinin üzvləri, 31 nəfər isə qazi olub.
Kardioloji müayinələrdə hamilə qadınlar və yetkinlik yaşına çatmayan şəxslər də iştirak edib. Müayinələrə cəlb edilən 40-dan çox uşaq arasında 4 uşaqda ürək çatışmazlığı aşkarlanıb, 6 hamilə qadın isə dölün ürəyinin inkişafını izləmək üçün fetal exokardioqrafiya müayinələrindən keçib.
Xəstəliklərin ağırlaşmış formaları aşkarlanan vətəndaşlar ixtisaslı tibb müəssisələrinə yönləndirilib.
“Ürəyimiz Qarabağda döyünür” layihəsi çərçivəsində həkim-mütəxəssislər tərəfindən vətəndaşlara zəruri tibbi məsləhətlər və maarifləndirici məlumatlar da verilib.