EN

Ankarada türk dövlətləri arasında kartoqrafiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunur

Ankara, 30 sentyabr, AZƏRTAC

Bazar ertəsi, sentyabrın 30-da Türkiyənin Milli Müdafiə Nazirliyi yanında Kartoqrafiya Baş İdarəsinin binasında Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin kartoqrafiya strukturları rəhbərlərinin Birinci iclası başlayıb.

AZƏRTAC xəbər verir ki, ikigünlük iclasın iştirakçıları kartoqrafiya sahəsində əməkdaşlığın qurulması yollarını müzakirə edirlər.

Azərbaycanı müzakirələrdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geodeziya və Kartoqrafiya Agentliyi İdarə Heyətinin sədri Nazim İsmayılov təmsil edir.

Tədbiri açan TDT Baş katibinin müavini Safi Cəfərov türk dövlətləri arasında geniş istiqamətlər spektrində, o cümlədən kartoqrafiya sahəsində qarşılıqlı əlaqələrin əhəmiyyətinə diqqət çəkib.

Onun sözlərinə görə, müasir dünyada geodeziya və kartoqrafiyanın əhəmiyyəti artır. “Xəritələrdən ətraf mühitin monitorinqi, şəhərsalma, hərbi məsələlər və bir çox başqa sahələrdə istifadə olunur, onlar dövlətlər arasında əməkdaşlığın qurulmasına köməklik edir”, - deyən Cəfərov TDT-nin türk ölkələrinin daha da yaxınlaşmasına töhfə verməyə hazır olduğunu qeyd edib.

Türkiyə Müdafiə Nazirliyinin Kartoqrafiya Baş İdarəsinin direktoru, general-mayor Osman Alp rəhbərlik etdiyi strukturun həyata keçirdiyi layihələrdən, elmi ictimaiyyət və universitetlərlə sıx qarşılıqlı əlaqələrindən danışıb.

O qeyd edib ki, Kartoqrafiya Baş İdarəsi Türkiyə Müdafiə Nazirliyinin fəaliyyətinə verdiyi töhfə ilə yanaşı, dövlət qurumlarına, eləcə də özəl və hüquqi şəxslərə xidmət göstərir. “Kartoqrafiya indiki mərhələdə ictimai həyatın ayrılmaz hissəsinə çevrilib. İdarəmizin məlumatlarından infrastruktur proqramlarının və layihələrinin idarə edilməsi, inkişafı məqsədləri üçün geniş istifadə olunur”, - deyə O.Alp bildirib.

O vurğulayıb ki, 129 il bundan əvvəl yaradılmış Türkiyə Kartoqrafiya İdarəsi toplanmış təcrübə və məlumatları dost ölkələrlə bölüşməyə hazırdır.

Türkiyə milli müdafiə nazirinin müavini Şuay Alpay da türk dövlətləri arasında əməkdaşlığın vacibliyi haqqında danışıb.

Onun sözlərinə görə, kartoqrafiya dövlətin həyatının bir çox sahələrində strateji əhəmiyyətli qərarların qəbul edilməsində mühüm rol oynayır. “Xəritələrdən səmərəli istifadə cəmiyyətin həyatını asanlaşdırır, Müdafiə Nazirliyinin vəzifələrinin həllinə kömək edir”, - deyə Ş.Alpay bildirib.

İclasda işçi qrupunun yaradılması barədə qərar qəbul edilib, Onun vəzifəsi geodeziya və kartoqrafiya sahəsində qarşılıqlı fəaliyyətin konkret sahələrini müəyyən etməkdir.

Tədbir çərçivəsində Türkiyənin xəritəçəkmə, o cümlədən kosmik texnologiyalardan istifadə sahəsində nailiyyətləri mövzusunda sərgi təşkil olunub.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Chosen
53
1
azertag.az

2Sources