EN

"Dövlət quruluşu belə olsa, rüşvət almaq mümkün olmaz" – Elmi-lədun

Bu gün dünya ölkələrinin böyük əksəriyyətində insanlar korrupsiya bataqlığında boğulmaqdadırlar. Millətlərin içərisində olan az sayda ağıl sahibləri bu bataqlıqdan xilas yollarını düşünməkdədirlər. Bunu nəzərə alıb, elmi-lədun yolu ilə bizə öyrədilmiş dövət quruluşu modelini paylaşırıq ki, xalqlar gələcəkdə bu sistemi öz ölkələrində tətbiq etməklə, elə dövlət qursunlar ki, o quruluşda (məmurlar istəsələr belə) korrupsiyaya qurşanmaq mümkün olmasın.
 
Öncə qeyd edək ki, qədim dövrlərdən başlayaraq, korrupsiya dövlətlərin idarəetmə sisteminin kökünü zədələmiş, mütəşəkkil cinayətkarlığa yol açmış, cinayətkar qruplaşmaların yaranmasına səbəb olmuş və bu qrupların əsas strategiyasına və taktikasına çevrilmişdir. Məmur özbaşınalığı, vəzifə saxtakarlığı, vəzifədən sui-istifadə etmə halları, rüşvətxorluq, dövlət əmlakının talan edilməsi, maliyyə fırıldaqları və bu kimi başqa cinayət əməllərinin kökündə məhz korrupsiya durur.
 
 Bu gün dünyadakı bir çox korrupsioner rəhbərlərin əsas amalı bunlardır: dövlət büdcəsini dağıtmaq, gənclərin mənəviyyatını pozmaq, həkimlərin, müəllimlərin və başqa peşə sahiblərinin vasitəsi ilə xalqı məhv etmək, seçkilərin nəticələrini saxtalaşdırmaq, xüsusi mülkiyyəti məhv etmək, ekoloji tarazlığı pozmaq, insan və vətəndaşların əsas azadlığını məhv etmək, mətbuatı yaltaq jurnalistlərlə “bəzəmək”, azad sözü boğmaq və ən əsası dövlət hakimiyyətindən öz şəxsi məqsədləri üçün sui-istifadı etmək.
 
Korrupsiya hüquqi aktların və dövlətin inkarı deməkdir. Korrupsiya zülmü, zorakılığı, özbaşınalığı və s. bu kimi alçaq və rəzil xüsusiyyətləri özündə ehtiva edən çox zərərli bir əməldir. Korrupsiya fahişəlik qədər qədim bir əməldir. Rüşvət alan hakimin orqanı alınıb Dövlət orqan bankına təhvil verilməlidir ki, o, belə əməldən çəkinsin. Göydə uçan quşun hara  gedəcəyi məlum olmadığı kimi, pis dövlət başçısının da nə edəcəyi məlum olmaz.
 
 Korrupsioner rəhbərlər elə edərlər ki, korrupsiya əməli pis hal kimi deyil, dolanışıq halı kimi qələmə verilsin. Hüquqi aktların işləməməsi korrupsiyanın əsas səbəblərindən biri kimi göstərilməlidir. Korrupsiyanın qarşısını almaq üçün məmurun maaşı artırılmalı və göstərdiyi xidmətə uyğun bonus əlavə edilməlidir.
 
Məhkəmə hakimiyyətində korrupsiyanın olmasının əsas səbəbləri bunlardır: hakimlərə ciddi cəza nəzərdə tutulmaması, hüquqi aktlardakı qeyri-müəyyən nitq hissələrindən istifadənin çox olması (hüquqi aktlarda boşluqların yaranmasına səbəb olur), ictimai nəzarətin olmaması, nəzarətedici orqanın olmaması, cəzasızlıq sindromu, sahibkarların azad olmaması, hüquqi aktların işləməməsi, hakimlərin şəffaf seçilməməsi və s. 
 
Korrupsiyanın nəticələri bunlardır: kölgə iqtisadiyyatı yaranır, monopolistlər iri vəzifə sahibləri olur və onların sayı artır, təhsil və səhiyyə çökür, əsgər və zabitlərdə qələbəyə inam ölür, elmin inkişafı ləngidilir, xalqın milli mənəviyyat hissi ölür; yaltaq ziyalılar sinfi meydana gəlir, beyinlər kütləşir, dövlətin içindəki mafioz qruplar biznesmenləri sıxır, yoxsulluq artır, hakimiyyətə inam azalır, xarici sərmayəçilərin etibar və inamı itdiyindən yatırımlar azalır, hüquq-mühafizə orqanları konkret şəxslərə və ailələrə işləyir, tayfa klan hakimiyyətləri yaranır,  sifarişli məhkəmələr və s. 
 
Hansı xalq ki, korrupsiyaya hörmət kimi baxır, o, xalq şübhəsiz məhvə məhkumdur. Korrupsiyanın əcdadı mənəvi pozğunluqdur. Rüşvət alan məmura ilk öncə xəbərdarlıq edin və onun iş yerini dəyişin. Əgər o ikinci dəfə bu hərəkəti etsə, o zaman onun bütün əmlakı dövlət tərəfindən alınsın, hərracda satılsın və ehtiyacı olanlara əvəzsiz verilsin.
 
 Yaradan insana var dövləti ona görə verir ki, insan onu xoş niyyətlər üçün istifadə etsin və ehtiyacı olana yardım etsin.
Ey insanlar, sizin ən böyük amalınız zülm və istibdaddan, qorxu və ehtiyacdan azad bir dövlətdə asudə və rahat yaşamaqdır. 
 
Ey insanlar, bilin və agah olun ki, insanın insana qarşı törətdiyi cinayətin kökündə şübhəsiz, varlanmaq ehtirası dayanır. Varlı olmaq və ya yaxşı yaşamaq hamının istəyi olsa da, başqasının hesabına varlanmaq hər adamın arzusu deyil. Hər bir insan öz zəhməti hesabına varlanmalı, yalnız haqqı olan maddi nemətlərlə kifayətlənməlidir. 
Ey insanlar, bilin və agah olun ki, var dövlət toplamaq insanın ən böyük missiyası olsaydı, təbii ki, bunu peyğəmbərlər, filosoflar hamıya dəfələrlə bəyan edərdilər. İnsanın ən böyük missiyası xeyir əməl sahibi olmaq və elmlənməkdir. Şübhəsiz, insanın ən böyük amalı bəşəriyyəti maarifləndirmək, əhəmiyyətli ideyalar irəli sürmək və həyatı dərk etməkdir.
 
Ey rəhbərlər! İşçilərnizə inanın, amma, daima onları yoxlayın. Hər şeyə şübhə ilə yanaşmaq olar, amma hər şeyə inamsızlıq göstərmək olmaz. 
Müharibələrin özü insan acgözlüyünün, hərisliyinin ən yüksək səviyyəsi deyilmi? İnsan qətlləri, üsyanlar hakimiyyət ehtirasının nəticəsi deyilmi? 
Bəzi şəxslər deyərlər ki, dünya fanidir, vəfasızdır. Əslində fani də, vəfasız da tamahkar insanın özüdür. Bir insanın təminatı yoxdursa, öz evində acından ölürsə, onun ölümündə kimdir günahkar: insan, dünya, yoxsa dövlət? Məgər dövlət elə insan deyilmi? Dövlətin başında duran kimdir: dünya, yoxsa insan? 
 
Əl idarəçiliyin simvoludur; məgər insanlar bunu bilmirlərmi? Əldə beş barmaq olduğu kimi, dövlətin idarəçiliyi də beş yerə bölünməlidir:
 
1) Baş barmaq məhkəmə hakimiyyətini;
2)  İşarə barmağı nəzarət edici hakimiyyəti; 
3) Orta barmaq imtahanları təşkil edən hakimiyyətin bir qolunu;
4)  Üzük barmağı qanunverici hakimiyyəti;
5)  Kiçik barmaq isə, icraedici hakimiyyəti bildirir. 
 
Quracağınız dövlətdə  hakimiyyətin bu qolları qarşılıqlı fəaliyyət göstərməli və öz səlahiyyətləri daxilində müstəqil olmalıdırlar.
Məhkəmə hakimiyyətinin müstəqilliyini təmin etmək üçün, hakimliyə namizədlər ilk olaraq imtahan versinlər. (İmtahanları vahid qurum təşkil etməlidir.) Sonra isə, hakimlər yüksək bal toplayan namizədlər arasından  xalq tərəfindən seçki yolu ilə seçilsinlər. 
Məhkəmələr Cinayət, Mülki, İnzibati, İqtisadi, Apellyasiya və Ali məhkəmələrə bölünsünlər.
 
 Məhkəmə qərarlarının icrasına “Nəzarət edici orqan” nəzarət etsin. Nəzarət edici orqanı “Baş Senzorluq” adlandırın. Senzorun rəhbəri “Baş senzor” adlansın. Senzorluq ölkədə bütün hüquqi aktların icrasına nəzarət etsin. Senzorun işçiləri Ali hüquq təhsilli olmalı və işə imtahan verərək seçilməlidirlər.
 Baş Senzor senzorlar arasından stajı, biliyi və təcrübəsi nəzərə alınmaqla, püşk atma yolu ilə 7 il müddətinə seçilsin və bir daha bu vəzifəni tuta bilməsin. Keçmiş Baş Senzor seçilmiş şəxs səlahiyyət müddəti bitdikdə birbaşa Dövlət Şurasının üzvü sayılsın .
 
Dövlət Şurasının üzvləri insan hüquq və azadlıqlarına ziyan verəcək hər bir qərlara veto qoymaq hüququna malik olsunlar və onlar toxunulmaz sayılsınlar. 
 
İmtahan Şurası ən savadlı, bilikli, elm adamlarından ibarət tərkibdə yaradılsın və şuranın əsas məqsədi dövləti savadlı kadrlarla təmin etmək olsun.
 
Qanunverici hakimiyyət isə, Hüquqi aktların ekspertiza şurasıdır. Şura bütün hüquqi aktlar qəbul edilməmişdən əvvəl onun ekspertizasını həyata keçirsin və şuranın işçiləri ən savadlı hüquqşunas, iqtisadçı və digər peşə sahiblərindən ibarət olsun. Şurada qanunvericilik təşəbbüsünü hər bir vətəndaş elektron və yazılı formada bildirə bilər. Şurada millət vəkilləri olmasın. Şurada ancaq ekspert və mütəxəssislər təkliflər hazırlasınlar. Təkliflər ümumi bəşəri dəyərlərə zidd olmamalıdır. Şurada hazırlanmış qanunları (və onlara vaxtaşırı edilən dəyişiklikləri) ümumxalq referendumu ilə qəbul edin.
 
İcraedici hakimiyyətinizin başçısını Strateq adlandırın. Strateq öz icra səlahiyyətlərini həyata keçirmək üçün ixtisaslaşmış qurumlara rəhbərləri Baş senzorluq və İmtahan şurası ilə razılaşdırmaqla təyin etsin. Strateq 7 il müddətinə seçilsin. Strateq seçilmiş şəxs bir daha yenidən strateq seçilə bilməz. Əvvəllər strateq seçilmiş şəxs səlahiyyət müddəti bitdikdən sonra birbaşa Dövlət Şurasının üzvü olsun. 
 
Strateq ölkəni aşağıdakı xalq tribunları vasitəsi ilə idarə etsin:
1) Hərbi işlər üzrə xalq tribunu -  bütün silahlı qüvvələrə, hərbi sənayeyə və hərbi xidmətə çağırışa nəzarət etsin. 
 
2) Maliyyə işləri üzrə xalq tribunu  -  dövlətdə işləyən işçiləri və işləməyən vətəndaşları sosial müavinət və pensiya alan şəxsləri hər ay vaxtlı-vaxtında pulla təmin etsin.
 
3) Daxili işlər üzrə xalq tribunu  -   bu vəzifə həm  də vitse-strateq sayılsın. Daxili işlər üzrə xalq tribunu ölkənin miqrasiya, vergi, gömrük siyasətinə, fövqəladə hallara və türmələrə nəzarəti həyata keçirsin.  Bu qurum həm də ölkədəki bütün təhqiqat və istintaqları aparsın. Bu quruma rəhbərlik edən şəxs  dövlətin bütün qubernatorlarının başçısı sayılsın.
 
4) Qubernatorlar İmtahan şurasının təşkil etdiyi imtahanları müvəffəqiyyətlə verən şəxslərdən ən çox bal toplamış şəxs seçilsin.  Əgər iki və daha artıq ən çox bal toplamış şəxs olarsa,  onda qubernatoru onlar arasından püşkatma yolu ilə seçin.
 Qubernatorlar öz ərazilərində qeydiyyat idarələrinə, təhsilə, səhiyyəyə, ekologiya idarələrinə... tam nəzarət etsinlər. 
 
5) Mədəniyyət işləri üzrə xalq tribunu -   turizmə,  idmana, tikinti və bərpa işlərinə nəzarət etsin və tikintilərə icazə versin. 
 
6) Yüksək texnologiyalar və Nəqliyyat işləri üzrə xalq tribunu  -  su, quru, dəmir yolu, hava, kosmosdakı işlərə nəzarəti və aidiyyatı yerlərdəki təmir bərpa işlərinə nəzarəti həyata keçirsin. 
 
7) Xarici işlər üzrə xalq tribunu  -   ölkənizin xarici siyasətini müəyyən etsin.
 
8) İnsan və Dövlətin mühafizəsinin təşkili üzrə xalq tribunu -  dövlətinizin və vətəndaşlarınızın təhlükəsizliyini təmin etsin.
 
9) İqtisadi inkişaf üzrə xalq tribunu -  kənd təsərrüfatı və digər dövlət inkişafı üçün müxtəlif proqramları hazırlasın və onları icra etsin. 
 
10) Bütün Banklar dövlətin müstəsna mülkiyyətində olsun. Sələmi haram elan edin. Bank işçiləri maaşlarını dövlətdən alsınlar.  
 
Xalq tribunları və qubernatorlarınızın səlahiyyət müddəti beş il olsun və bir şəxs  yalnız bir dəfə həmin vəzifələri tuta bilsin. 
 
Bu gün dünyada olan  xalqların böyük əksəriyyəti korrupsiyalaşmış dövlət qurumlarının əsarətində qalmışlar və çıxış yolu axtarırlar. Yuxarıda göstərdiyimiz dövlət quruluşu sistemi bəşəriyyətə bir model olaraq təklif edilir. Əgər sizlər həqiqətən də korrupsiya ilə mübarizə aparmaq, rüşvətxorluğun  kökünü kəsmək, tərəqqi etmək istəyirsinizsə, onda öz ölkələrinizdə bu modeli tətbiq etməyniz təklif olunur. 
 
Dr. Paşa Yaqub -  elmi-lədun bilicisi
Chosen
63
2
moderator.az

3Sources