EN

Hacıqabul sakini: “Rəis müavini əllərini salıb, ağzımı cırırdı”

Yayımlandı: 1 Oktyabr 2024 00:57 Narkotik satıcısı kimi videosu yayılan sinif yoldaşları iki il sonra bəraət aldı 2022-ci ilin noyabrında müxtəlif saytlarda, telekanallarda Hacıqabul sakinləri Kamal Kərimov və Əli Alcanovun foto-videogörüntüləri yayımlanmış, onlar narkotik satışında ittiham olunmuşdu.  40 yaşlı Kamal Kərimov və Əli Alcanov həmyerli olmaqla yanaşı, həm də sinif yoldaşıdılar.Onlarla birlikdə daha bir sinif yoldaşları – Vüsal Məmmədov da həbs olunub. Təxminən iki il cinayət təqibi altında qalandan sonra – bugünlərdə onların üçünə də bəraət verilib. “Vəkilin yanında narkotiki üstümə qoydular” Bu barədə Meydan TV-yə onlardan birinin yaxınları danışır:“Hər üçünü şərləmişdilər. Biz özümüz, bir də Allah bildi ki, bu iki ildə nələr çəkdik. Gül kimi uşaqları televizorda yayıb, biabır elədilər”.Cinayət işinin materiallarında iddia olunur ki, Hacıqabul sakini olan Vüsal Məmmədovu polislər Şirvanda saxlayıb, axtarış vaxtı üstündən marixuana çıxıb. Deyib ki, Əli Alcanovdan almışam. Onu da saxlayanda həm üstündən, həm də maşınından narkotik tapılıb. Əli Alcanov da Şirvan Şəhər Polis Şöbəsində dindiriləndə bildirib ki, Kamal Kərimovdan almışam.Adları çəkilən şəxslərin üçü də deyir ki, ittihamda yazılanlar yalandır. Onlar nə narkotikdən istifadə ediblər, nə də alqı-satqısıyla məşğul olublar.Kamal Kərimov deyir ki, Hacıqabulda bəzi polis əməkdaşları onlar üçün narkotik satmağı təklif eləmişdi. Onlara sərt cavab vermişdi. Üstəlik, anası da Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng eləyib, bunu xəbər vermişdi. Hesab edir ki, ondan bu hərəkətinin qisasını alıblar.“Həmin gün mağazadan gəlib uzanmışdım. Həyətdən səs-küy gəldi. Gördüm ki, polislər evə doluşub. Məni tutub Şirvan polis şöbəsinə apardılar. Vəkilin yanında narkotiki üstümə qoydular”, – Kamal Kərimov məhkəmədə bildirib.O, dövlət hesabına vəkil təyin olunan Ulduzə Əhmədovadan şikayətlənib, ona faktiki vəkillik eləmədiyini deyib. Ona verilən işgəncələrdən danışıb.Əli Alcanov Hacıqabulda dəmiryolunda vaqon baxıcısı işləyir. Deyir ki, 2022-ci il noyabrın 10-da onu elə iş yerindən gəlib aparıblar. Gələn 4 nəfər polisin ikisi Hacıqabul, ikisi Şirvan şəhər Polis Şöbəsinin əməkdaşı olub:“İş yoldaşım Ağamurad da təəccübləndi ki, hara aparırsınız? Dedilər ki, sənlik deyil. Onun yanında üst-başımı yoxladılar. Heç nə tapmadılar. Tapa da bilməzdilər. Mən bu şeylərdən uzaq adamam”. “Rəis müavini barmağımı sındırdı” Əli Alcanovun sözlərinə görə, Şirvan Şəhər Polis Şöbəsində sinif yoldaşının əleyhinə ifadə verməsi üçün ona dözülməz işgəncələr veriblər. O, xüsusən rəis müavini Fərid Vəliyevdən şikayətlənib:“Rəis müavini Fərid Vəliyev əllərini salıb, ağzımı cırırdı. Tələb edirdi ki, dediklərini eləyim. Stulu sinəmin üstünə qoyub, ayaqlarımı göyə qaldırdılar. Ayaqlarımın altına təxminən iki saat dubinka ilə vurdular. İndi də ayaqlarımın altında hissiyyat yoxdur. Tələb edirdilər deyim ki, narkotiki Kamaldan almışam. Təcridxanaya köçürüləndən sonra Ombudsmana da işgəncə barədə yazmışam. Rəis müavini şəxsən özü barmağımı sındırdı. İndi də görünür barmağımdakı dəyişiklik. Amma prokurorluq cinayət işi başlanmasını rədd elədi. İstintaq təcridxanasına daxil olanda barmağımdakı sınığı qeyd elədilər. Şirvan Şəhər Mərkəzi Xəstəxanasında polislər məni rentgenə aparanda mənim əvəzimə bir serjantın barmağını rentgen elətdirdilər. Rentgen həkimi də bu qanunsuzluğa göz yumdu. Biz tutulandan sonra videomuzu yayıblar. O videoda da üzümüzdəki xəsarətlər açıq-aşkar görünür”.Məhkəmədə dindirilən polislər Hacıqabul sakinlərinə işgəncə verilməsi, onların üzərinə narkotik qoyulması barədə dediklərini təkzib ediblər. Lakin Lənkəran Ağır Cinayətlər Məhkəməsində bir ilə yaxın davam edən araşdırmalardan sonra hakimlər telefon anten məlumatları, şahid ifadələri və başqa dəlilləri təhlil edib, təqsirləndirilən şəxsləri haqlı sayıb. Bugünlərdə onların üçünün də haqqında bəraət hökmü çıxarılıb. Meydan TV

Chosen
114
xural.com

1Sources