EN

Azadlıq sözdən başlayır!

İfadə sərbəstliyi hərtərəfli inkişaf üçün vacibdir...

Mətbuat demokratiyanı dərinləşdirən, siyasi inkişafa təkan verən qüdrətli vasitədir. Sivilizasiya inkişaf etdikcə, cəmiyyətin və dövlətin idarə olunması təkmilləşdikcə artıq azad söz daşıyıcısı sayılan mətbuatın sərbəst və maneəsiz fəaliyyətinə də imkan yaranmışdı. Buna qədər isə mətbuat qadağa və repressiyalardan keçmiş, senzura nəzarətinə dözməli olmuş, bəzən isə “icazə verilən həddə” azad və sərbəst fəaliyyət göstərmişdi.

Azərbaycanın siyasi həyatında sözün azadlığı uğrunda mübarizələr müxtəlif tarixi mərhələlərdən keçib. Mətbuat və onun əsas silahı olan söz də, azad düşüncə də həqiqi azadlığa yalnız 20-ci əsrin sonlarında qovuşdu. Azərbaycanın, xalqın azadlıq savaşında cəmiyyətin bütün zümrələrini səfərbər edib mübarizəyə qaldıran ilklər də elə söz fədailəri idilər.

Mövzu barədə “Yeni Azərbaycan”a açıqlama verən millət vəkili Azər Badamov bildirib ki, hər bir ölkənin mədəniyyətinin inkişafı ədəbiyyatın inkişafı ilə bağlı olduğu kimi, onun siyasi vəziyyəti də mətbuat azadlığı ilə bağlıdır. O xalq xoşbəxt və azaddır ki, onun mətbuatı azad və müstəqil olsun: “Bu baxımdan ölkəmiz yerli mətbuata xüsusi önəm verir, onun heç bir qüvvədən aslı olmadan, yalnız demokratik dəyərlərə xidmət etməsinə diqqət yetirir. Düşünürəm ki, söz və mətbuat azadlığı dedikdə ilk növbədə məsuliyyət hissi əsas amil kimi nəzərə alınmalıdır. Çünki söz azadlığı, mətbuat azadlığı o demək deyil ki, hər kəs istədiyini yaza, istədiyi fikri bildirə bilər. Təbii ki, təkcə mətbuat orqanları, KİV nümayəndələri yox, hər birimiz azərbaycanlı olaraq, məsuliyyət hissini unutmamalı və bu hissdən çıxış edərək, hərəkət etməliyik. Ona görə də, bugünkü jurnalist təşkilatları, müxtəlif dövlətlər söz azadlığı ilə bərabər, eyni zamanda reket jurnalistika ilə də mübarizə aparırlar. Bunun üçün dünya dövlətlərinin, o cümlədən Azərbaycanın da qatıldığı tədbirlər keçirilir, ölkədə şəffaf, müstəqil, eyni zamanda xalqdan başqa heç kimə xidmət etməyən mətbuatın inkişafı üçün mübarizələr aparılır”.

Hazırda respublikamızda çoxsaylı qəzet və jurnalların nəşr olunduğunu vurğulayan deputat bildirib ki, müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib: “Bütün dünyada gedən qloballaşma prosesi mətbuatdan da yan keçməyib. Bu gün yüzlərlə jurnalist beynəlxalq təşkilatların dəstəyi ilə təşkil olunan peşə artımı kurslarında treninq və təkmilləşmə kursları keçirlər. Peşəkar jurnalistlər ölkədə və onun xaricində baş verən ictimai, siyasi, mədəni hadisələri tam obyektiv işıqlandırır, onları təhlil edir və oxucuya qərəzsiz, düzgün çatdırırlar. Belə jurnalistlər ictimai-siyasi, iqtisadi, mədəni, elm və texnika sahələrindəki nöqsanları qərəzsiz mövqedən açır, göstərir və onların həlli istiqamətində araşdırmalar aparırlar.

Zaman göstərdi ki, söz və mətbuat azadlığının bərqərar olması davamlı prosesdir və Prezident İlham Əliyev Ulu Öndərdən sonra bu təkmilləşdirmə prosesinin estafetini uğurla davam etdirməyə başladı. Bu gün də deyə bilərik ki, Azərbaycan elə bir demokratik mühitdir ki, burada bütün xalqların və millətlərin birgə yaşaması, fəaliyyət göstərməsi, eləcə də işgüzar mühit yaradılması üçün hər cür şərait mövcuddur. Təbii ki, bu mövcudluğu bir çox hallarda daxildəki və xaricdəki qara qüvvələr görmək istəmir, ölkəmizin əleyhinə təbliğatlar aparır, məmləkətimizdə mövcud olan demokratik prinsiplərə, hüquqi azadlıqlara və fikir plüralizminə kölgə salmaq istəyirlər. Hətta bu cür qara qüvvələr, daha doğrusu, sapı özümüzdən olan baltalar xaricdəki düşmən qüvvələrlə birləşərək ölkəmizə qarşı qarayaxma kampaniyalarını davam etdirirlər. Həmin zərərli ünsürlər hətta İkinci Qarabağ savaşında və eləcə də 24 saatlıq lokal antiterror əməliyyatının keçirildiyi gündə də yenə düşmənin dəyirmanına su tökdülər və onlardan heç nə  ilə fərqlənmədilər. Amma Azərbaycan bir daha dünyaya sübut etdi ki, bizim xalq bəşəri dəyərlərə və demokratik prinsiplərə yüksək qiymət verir”.

Yeganə BAYRAMOVA

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır.

1Sources