EN

“Günlərin birində anidən zəng gəldi ki, komandadan göndərilmisiniz”

II Liqada çıxış edən “Füzuli”nin təcrübəli futbolçusu Sabir Allahquliyevin futbolinfo.az saytına müsahibəsi

– Uzun müddət I Liqada çıxış etdiniz. Yayda MOİK-dən ayrılmağınıza səbəb nə oldu?

– Bəli, ötən mövsümü MOİK-də keçirmişdim. Əslində, orada hər şey ürəyimcə idi. Ancaq günlərin birində anidən zəng gəldi ki, komandadan göndərilmisiniz. “Yaxşı” dedim. Mənim o yaşım deyil ki, o sözdən sonra onlarla nəsə danışım. Rəhbərliklə xoşluqla sağollaşdım.

– II Liqa klubuna keçidiniz necə baş tutdu? I Liqadan təklif gəlmədi ki, “Füzuli”yə keçməyə razılıq verdiniz?

– I Liqadan təklif var idi. Sadəcə, rayon komandası olduğu üçün gedə bilmədim. “Füzuli”yə keçməyimin əsas səbəbi klub prezidenti Vasif İsmayılovla çoxdan tanış olmağımızdır, bir komandada çalışmışıq. Görüşdük, danışdıq və razılaşdıq. “Füzuli”də oynamaq mənim üçün də çox əlverişlidir.

– 4-cü turda “Dinamo”nu qəbul etdiniz və 2:4 hesabı ilə uduzdunuz. Məğlubiyyətin səbəbini nədə görürsünüz?

– Oyuna yaxşı hazırlaşmışdıq. Komandada əhval-ruhiyyə əla idi. Əslində, qalib gəlirdik, hesabda önə çıxmışdıq. Sonra komandada bir az boşalma oldu, buna görə də uduzduq. Futbol belədir ki, matça necə başlayırsansa, 90 dəqiqə elə oynamalısan.

– Ötən mövsüm daha iddialı görünən “Füzuli” cari mövsümdə 4 turdan sonra cəmi 4 xal toplayıb və 9-cu pillədə qərarlaşıb. Uğursuz startın səbəbi nədir?

– Pis komanda deyilik, amma çempionata yaxşı başlamadıq. Biz də istəmirik ki, “Füzuli” kimi komanda 9-cu yerdə getsin. Turnir cədvəlində yuxarı pillələrdə yer almaq niyyətindəyik. İnşallah, yaxşı olar.

– Növbəti turda “Hypers Guba” komandasının qonağı olacaqsınız. Bu görüşdən hansı nəticəni gözləyirsiniz?

– Məqsəd qələbə qazanmaqdır. Komandamız hər oyuna qalibiyyət üçün çıxır.

– “Füzuli”nin qarşısına konkret olaraq I Liqaya yüksəlmək hədəfi qoyulub? Elədirsə, bunun öhdəsindən gələ biləcəksiniz?

– Hələ rəhbərlik bu haqda bizimlə konkret söhbət etməyib. Çoxlu xallar toplaya bilsək, niyə də I Liqaya çıxmayaq?!

– Uzun müddət I Liqada çıxış etdiniz. Həmin liqa ilə hazırda oynadığınız II Liqa arasında çox fərq var?

– Bəli, fərq var. I Liqa II Liqadan güclüdür. Necə ki, Premyer Liqa səviyyə baxımından I Liqanı üstələyir, I Liqa da II Liqadan fərqlənir.

ABBAS

Chosen
11
futbolinfo.az

1Sources