Türkiyə Xarici İşlər Nazirliyi İsrailin Livana dünən gecədən başlayan quru hücumu ilə bağlı etiraz bəyanatı yayıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bəyanatda bu hücum ölkəni işğal cəhdi adlandırılıb: "İsrailin Livana qurudan hücum edərək bu ölkənin suverenliyini və ərazi bütövlüyünü pozması qeyri-qanuni işğal cəhdidir. Bu hücum tez bir zamanda dayandırılmalı və İsrail əsgərləri Livan ərazisindən geri çəkilməlidir. Bu hücum təkcə ölkə üçün təhlükə deyil. Region ölkələri ilə yanaşı, həm də regiondan kənarda olan ölkələrin təhlükəsizliyini və sabitliyini hədəfləyir. Bu hadisələrin İsrailə siyasi dəstək və silah verən ölkələrə də təsir edəcəyi unudulmamalıdır”.
BMT Təhlükəsizlik Şurasına çağırış edən Türkiyə XİN-in bəyanatında daha sonra deyilir: "BMT Təhlükəsizlik Şurası beynəlxalq hüquq normalarına əməl etməli və Livanın işğalına qarşı bu hücuma qarşı lazımi tədbirlər görməlidir. İsrailin törətdiyi hər bir cinayət həm də beynəlxalq hüquqa və BMT Nizamnaməsinə zərbədir. Digər tərəfdən, bölgədə əmin-amanlığın bərqərar olması üçün atılacaq əsas addım Qəzzada dərhal və daimi atəşkəsin yaradılmasıdır. Qəzzaya sülh gətirmək bütün bəşəriyyətin məsuliyyətidir”.
Lamiyə Əhmədli
MİA.AZ