EN

Azərbaycanda gəliri rəsmi olmayanlara ev satılmır?

Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 51 710 borcalana 3 milyard 243,137 milyon manat kredit verib. 

Bu barədə İKZF-nin açıqlamasında bildirilir. Qurum bəyan edib ki, indiyə qədər 500,436 milyon manat məbləğində biznes kreditlərinə zəmanət verilib, 5 512 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib. 

Xatırladaq ki, Fond 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir. Fond milli maliyyə təsisatlarına uzunmüddətli subsidiyalaşdırılmış ipoteka kreditlərinin verilməsi və ucuz maliyyə resurslarına çıxışın təmin edilməsi ilə bağlı likvidlik dəstəyini verən dövlət agenti kimi fəaliyyət göstərir. 

Qeyd edək ki, bu gün bir qrup vətəndaş İKZF vasitəsilə verilən kirayə evlərdən yararlansa da, əhalinin bir çoxu bu sistemdən faydalana bilmir. 

Ümumiyyətlə, əgər vətəndaşın gəliri varsa, ancaq bu gəlir rəsmi deyilsə, kirayə yolu ilə mənzil almaq üçün yaradılan sistemindən yararlana bilərmi? 

Daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Azadov “Cebheinfo.az”a bildirib ki, bu sistem yaşayış səviyyəsinin yaxşılaşdırlması istiqamətində İpoteka və Zəmanət Fondunun ikinci layihəsidir: 

“Fond bazardan mənzilləri təmirli şəkildə alıb, vətəndaşlara uzunmüddətli kirayəyə verir. Həin şəxslərin mənzili gələcəkdə almaq hüququ yaranır. Məsələn, vətəndaş 20 il ərzində o mənzildə yaşayandan və ödənişləri həyata keçirdikdən sonra mənzil artıq onun mülkiyyətinə çevrilir. Vətəndaş işsiz qaldığı halda həm özü çətinliklə üzləşir, həm də İPKZF bundan əziyyət çəkir. 

Ona görə ki, əgər ödəniş dayandırılırsa, şərtlər pozulur. 

Vətəndaş ödəniş edə bilmirsə, müqaviləyə xitam verilir. Məsələn, kimsə 5-10 il kirayəni ödədi, sonra işsiz qaldı, ödəyə bilmədi, o zaman müqaviləyə xitam verilir və vətəndaş mənzildən çıxarılır. Evdən çıxarıldığı halda onun əvvəlki illərdə ödədiyi kirayə pulu geri qaytarılmır. Bu baxımdan, mexanizm elə qurulub ki, yalnız rəsmi gəliri olan sistemə müraciət edə bilər”. 

Ekspert bildirib ki, bu sistemdə aylıq gəlir adi ipotekadakından fərqlidir:

“İpoteka predmeti ola biləcək mənzilin qiyməti 100 min manatdan ucuz deyil. Onun ilkin ödənişi 15 min manat təşkil edir. Yəni həm ilkin, həm də aylıq ödənişləri çoxdur. 

Ancaq kirayə mexanizmi ilə mənzilin alışında ilkin ödəniş olaraq bir ilin kirayə haqqı verilir, ilkin və aylıq ödənişləri də azdır. Yəni, ipotekadan daha yüngül başa gəlir. Vətəndaşın qazancı az olsa da, müqavilədə göstərilməlidir. Əgər vətəndaşın 500 manatadək rəsmi gəliri varsa, bu sistemdən faydalana bilir.

Rəsmi qazancı yoxdursa, sistem onun üçün əlçatan deyil”. 

Chosen
70
44
cebheinfo.az

10Sources