EN

“Bir ara futboldan küsüb, ölkədən getmişdim” – Vadim Abdullayev

“Turan Tovuz” – “Araz-Naxçıvan”oyunu bir neçə nüansla yadda qaldı. Əlamətdar məqamlardan biri qonaqların futbolçusu Vadim Abdullayevin 100-cü oyununu keçirməsi oldu.

Karyerasına “Bakı”da başlayan Vadim bu illərdə cəmi 1 qol vura bilib. Futbolçu 2018/19 mövsümündən sonra karyerasına ara verib və ötən ildən “qırmızı-ağlar”la yola davam edir.

Görəsən, Vadim “Araz-Naxçıvan”a gəldiyi üçün peşman deyil? Onun “Football-plus.az”a açıqlaması:

“Düzü, 100-cü oyunum olduğunu bilmirdim. Matçdan bir gün sonra yaxın dostlarım dedi. Təbii ki, sevindirici hal oldu. Könül istərdi ki, cavan vaxtı bu nailiyyətə çatım, amma qismət belə gətirdi. Karyeram çətin və qəliz keçib. 5 klubda oynayıb, çox məşqçilərlə işləmişəm, çox kollektivlərdə olmuşam. “Araz-Naxçıvan”ın yeri tamam ayrıdı. Bir ara futboldan küsüb, ölkədən getmişdim. Ailəmlə bərabər burdan ayrıldım. Sonra Azər Bağırov “Araz-Naxçıvan”a gəlməyim üçün israr etdi, çox çaba sərf etdi. Ailəm də istədi və beləcə yenidən Azərbaycana qayıtdım. Ona görə də “Araz-Naxçıvan” doğmadı, 100-cü oyunuma burda çatdığıma görə xoşbəxtəm. Hədəflərimdən biri milli komandaya çağrılmaqdı. Bütün futbolçular kimi mən də bunun üçün çalışıram”.

Qeyd edək ki, 29 yaşlı futbolçu “Bakı”da 19, “Simurq”da 19, “Qəbələ”də 1, “Sabah”da 20, “Araz-Naxçıvan”da 41 dəfə şans qazanıb. Yeganə qolunu “Simurq”un heyətində vurub.

RÖYANƏ OĞUZ
Chosen
10
football-plus.az

1Sources