EN

“Art Battle” rəssamlıq müsabiqəsinin əsas mərhələsi keçirilib

Naxçıvan, 1 oktyabr, AZƏRTAC

Gənclər arasında muxtar respublikanın 100 illik yubileyinə həsr olunmuş “Art Battle” adlı rəssamlıq müsabiqəsinin əsas mərhələsi keçirilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, “Naxçıvan gənclərin fırçası ilə” devizi altında təşkil olunan müsabiqənin həlledici günündə onlayn qeydiyyatdan keçmiş 15 gənc istedadlarını nümayiş etdirib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin aparat rəhbəri İlhamə Nəzərova və Naxçıvan Müəllimlər İnstitutunun müəllimi Murad Babayev ölkəmizdə gənclərə göstərilən dövlət qayğısından bəhs edib, ənənəvi müsabiqənin gənclərin yaradıcılıq potensialının yüksəldilməsindəki rolundan danışıblar. Qeyd olunub ki, muxtar respublikanın 100 illik yubileyi münasibətilə gənclər arasında silsilə tədbirlər keçirilir, gənc nəslə muxtariyyətin əhəmiyyəti və tarixi barədə önəmli bilgilər aşılanır.

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Naxçıvan Müəllimlər İnstitutunun tərəfdaşlığı ilə Şahbuz rayonu Həsən Əliyev adına Zəngəzur Milli Parkında – Batabat yaylağında təşkil olunan yarışmada gənclər müsabiqə şərtlərinə uyğun olaraq muxtar respublikanın tarixini, mədəniyyətini və təbiətini özündə təcəssüm etdirən rəsmlər çəkiblər.

Nəticələrə gəlincə, layihənin konseptinə uyğun olaraq hər yer üzrə iki qalib müəyyənləşib. Sevinc Fərzəliyeva və Yasəmən Səfərovanın yaradıcılıq işləri münsiflər heyəti tərəfindən 1-ci yerə layiq görülüb. Nuray Abbasova ilə Leyla Əhmədova ikinci olublar. Sunay Qasımova və Aysu Bağışova müsabiqəni üçüncü pillədə tamamlayıblar.

Gənclərə nazirliyin diplom və hədiyyələri təqdim olunub.

Chosen
45
azertag.az

1Sources