Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Rəhman Mustafayev Azərbaycanın Rusiyadakı səfiri təyin edilib.
R.Mustafayevin bu təyinatadək son iş yeri Azərbaycanın Niderland Krallığındakı səfiri vəzifəsi olub. Bakıda anadan olan R.Mustafayev Moskva Dövlət Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində təhsil alıb.
1993-cü ildən Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında İnformasiya-analiz xidmətinin baş məsləhətçisi işləyib. 1994-1997-cı illərdə Azərbaycanın Rusiyadakı səfirliyinin əvvəlcə üçüncü, sonra ikinci, ardınca birinci katibi olub. 1997-1999-cu illərdə Dövlət Əmlak Komitəsinin Xarici əlaqələr şöbəsinin müdiri olub.
2000-2006-cı illərdə Azərbaycanın Rusiyadakı səfirliyində müşavir, 2006-cı ilin may-noyabr aylarında Azərbaycan XİN-in birinci ərazi idarəsinin direktor müavini olub.
2006-cı ilin noyabrından 2009-cu ilədək Xarici İşlər Nazirliyinin birinci ərazi idarəsinin direktoru olan R.Mustafayev daha sonra ölkəmizin Yunanıstanda, eyni zamanda Albaniyada, daha sonra isə Fransada fövqəladə və səlahiyyətli səfiri olub.
61 yaşlı R.Mustafayev 2022-ci ilin oktyabrından Azərbaycanın Niderlanddakı səfiri idi.
Rəhman Mustafayev sabiq gənclər və idman naziri, rəhmətlik Azad Rəhimovun dayı oğludur.