Bu gün Birinci Qarabağ müharibəsində şəhid olan Süleyman Əhmədovun anım günüdür.
Hafta.az-ın məlumatına görə, kapitan Əhmədov Süleyman Məmməd oğlu 1961-ci il martın 15-də Şəki rayonu Böyük Dəhnə kəndində anadan olub.
O, 1978-ci ildə Böyük Dəhnə kənd 2 saylı tam orta məktəbi bitirib və təhsilini Zaqatala Dövlət Texniki Texnikumunda Mühasibatlıq üzrə davam etdirib. Daha sonra Rusiya Federasiyasının Perm şəhərinə hərbi xidmətə yollanıb, 2 illik məcburi hərbi xidmət müddətini bitirib və elə həmin şəhərdə hərbçi kimi fəaliyyətə başlayıb. Süleyman Əsgərov Novosibirsk, Kazan, Dnepr kimi bir çox şəhərlərdə hərbçi kimi çalışıb.
Şəhid kapitan 1985-ci ildə Rusiyanın Saratov şəhərində F.E.Dzerjinski adına Ali Hərbi Akademiyaya daxil olub. 1988-ci ildə təhsilini tamamladıqdan sonra Nijni Taqil şəhərində hərbçi kimi fəaliyyətinə davam edib. Rusiyada işlədiyi müddətdə hərbçi kimi göstərdiyi çeviklik və qəhrəmanlıqlarına görə bir çox mükafatlar və fəxri fərmanlar qazanıb. Bunlardan biri də SSR-nin qurucusu Vladimir İliç Leninin adını daşıyan "Lenin bayrağı altında" fəxri fərmanı idi. Rusiyada sayılıb-seçilən, işlərində müvəffəqiyyətlər və çoxlu dostlar qazanmasına, evinin və ailəsinin Rusiyada olmağına baxmayaraq, Süleyman Əsgərov vətənində baş verən "Qanlı Yanvar" faciəsi və Birinci Qarabağ müharibəsinin başlaması ilə əlaqədar olaraq Rusiyada xidmət etmək istəmir və "Vətən dardadır,mənə ehtiyacı var" söyləyərək Azərbaycana dönməyə çalışır.
1991-ci ildə istəyinə nail olan Süleyman Vətənə geri qayıdaraq Bakı şəhərində hərbi hissələrin birində xidmətini davam etdirir. Könüllü batalyonu yığan Süleyman Dağlıq Qarabağa yollanır, Ağdam, Ağdərə, Zəngilan istiqamətində gedən gərgin döyüşlərdə iştirak edir. Döyüş müddətində bir neçə tank vurur, yüzlərlə düşmən hərbçisini məhv edir, düşmənin silah-sursat saxladığı anbarı partladır.
Həmin dövrdə ölkəmizdəki vəziyyətdən sui-istifadə etməyə çalışaraq qarışıqlıq salmaq və vətəndaş müharibəsi yaratmaq istəyən bir qrup şəxslərə qarşı çıxaraq "mitinq edən insanları vurun" əmrinə tabe olmayan Süleyman xalqının yanında dayanır, xalqını müdafiə edərək vətəndaş müharibəsinin qarşısını alır.
Süleyman Əsgərov 1992-ci il sentyabrın 30-da Ağdərə rayonunun müdafiəsi uğrunda gedən döyüşlərin birində sinəsindən yaralanaraq qəhrəmancasına şəhid olub. Şəhid öz vəsiyyəti ilə doğulub böyüdüyü kənddə dəfn olunub. Dəfnində hərbi rütbəli zabitlər, döyüş yoldaşları və bütün kənd iştirak edərək onu son mənzilə layiqincə yola salıblar.
"Milli Qəhrəman" fəxri fərmanına layiq görülməyinə baxmayaraq, Süleyman Əhmədov, təəssüf ki ,əsl təqdimatının itirilməsi səbəbinə görə ölümündən sonra Milli Qəhrəman deyil, "Vətən uğrunda" medalı ilə təltif olunub.
Şəhidimizin adının əbədiləşdirilməsi üçün Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli Qəsəbəsində yaşadığı məhəlləyə şəhidin adı verilib. Həmçinin Xətai rayonu NZS qəsəbəsində Süleyman Əhmədov küçəsi şəhidin adını daşıyır. Onun 3 qızı yadigar qalıb.