EN

Beynəlxalq olimpiadalarda qızıl-gümüşlər qazanan Azərbaycan məktəblisi...- FOTO

Image

Elə uşaqlar var ki, onların oxumağa, öyrənməyə, bilik qazanmağa marağı çox böyük olur. Belə uşaqlar fitrən istedadlı olduqları üçün fənləri daha yaxşı mənimsəyirlər. Azərbaycan məktəbliləri arasında fitri istedada malik olanlar az deyil. 

“Bakı-Xəbər” olaraq hər zaman belə istedadlı, bilikli uşaqları, yerli və beynəlxalq olimpiadaların qaliblərini oxucularımıza tanıdırıq. 

Uğurlu həyat hekayəsini sizə təqdim etmək istədiyimiz belə uşaqlardan biri də 291 nömrəli “Ekologiya” liseyinin VII sinif şagirdi Oskar Bağırovdur. Oskar, yaşının az olmasına baxmayaraq, bir çox yerli və beynəlxalq olimpiadalarda böyük uğurlara imza atıb. Oskar uğurlu həyat hekayəsi olan və başqa uşaqlara örnək olan bir məktəbli balamızdır. 

Oskar “Ekologiya” liseyinə yüksək balla daxil olub və birinci sinifdən indiyə qədər dərs əlaçısıdır. Bütün fənləri bərabər səviyyədə oxuyur. Oskar bütün fənlərə böyük məhəbbətlə yanasa da, riyaziyyata sevgisi daha üstündür. Oskarın riyaziyyat fənninə xüsusi sevgisini, münasibətini görən valideynləri onun bilik olimpiadalarına qoşulmasını istəyiblər. Məqsəd o olub ki, Oskarın riyaziyyatda nə qədər uğur əldə etməsi müyyən edilsin. Qəhrəmanımız qatıldığı olimpiyadalarda hər zaman yüksək nəticələr əldə edib. “Olimpiadalarda iştirak etməyimin təşəbbüskarı valideynlərim olub. İndiyə qədər iştirak etdiyim olimpiadalarda yüksək nəticələr əldə etmişəm, qızıl, gümüş medallar, sertifikatlar qazanmışam. Olimpiadalarda iştirakım və uğur qazanmağım məni xoşbəxt edir, özümə inamı artırır”-deyə Oskar bildirdi.

Oskar birinci dəfə iştirak edib uğur qazandığı olimpiadadan sonra başqa olimpiadalara da maraq göstərib. O,  EAGLES-də  (ingilis dili oplimpiadası) iştirak edərək medal qazanıb, Sasmo, Eagles, Kings, Hippo, Bebras beynəlxalq olimpiadalarında iştirak edib. Sasmo 2024 Olimpiadasında qızıl, Eagles olimpiadada gümüş medal qazanıb. Digər olimpiadalarda da diplomlarla təltif edilib.  

“Bu il Sasmo   beynəlxalq olimpiadasında qızıl medal qazandım”-deyə bildirən Oskardan böyüyəndə kim olmaq istədiyini də soruşduq. “Böyüyəndə hərbi həkim olmaq istəyirəm”- dedi.

Anası deyir ki, indi oğlunun yaşı azdır, onun fikrini dəyişmək ehtimalı da var, amma hazırda Oskar belə düşünür. 

Balaca qəhrəmanımız dərslərə çox həvəs göstərir, məsuliyyətlidir, nizam-intizamlıdır. Bəli, bunlar bir məktəblinin uğurlu həyat hekayəsinin yaranması üçün yetərli cizgilər, xarakterik xüsusiyyətlərdir. Yəni bir şagird həddən artıq savadlı ola bilər, amma  məsuliyyətli, nizam-intizamlı deyilsə ondan böyük uğurlar qazanmasını gözləmək çətindir. Bu alınmaya da bilər. Amma biliklə, oxumağa həvəslə birgə məsuliyyət və nizam-intizam keyfiyyətinin olması o şagirdin parlaq gələcəyini indidən proqnozlaşdırmaq imkanı verir. 

Oskarla bağlı çox maraqlı bir faktı bizə anası açıqladı. “Olimpiada imtahanları keçirilən dövr ərzində Oskar ayağından əməliyyat olundu. Yarımfinal mərhələsi keçirilən zaman onun ayağı gipsdə idi. Bunu niyə qeyd edirəm? Uşağın əzm və iradəsi o qədər güclüdür ki, yarımfinal mərhələsində iştirak etməkdə israrlı oldu. Ayağının o vəziyyətdə olmasına baxmayaraq, “mən yarımfinal mərhələsində iştirak edəcəyəm, etməliyəm” dedi. Biz onu yarımfinalda iştirak etmək üçün apardıq. Onu xüsusi qeyd etmək istəyirəm ki, uşağın olimpiadada rahat iştirakı üçün hər cür şərait yaratdılar. Yarımfinal mərhələsi Pişəvəri adına liseydə keçirildi. Onlara ayrıca öz minnətdarlığımı bildirirəm. Oskar orada uğurla iştirak etdi. Dedik ki, aparaq, qoy indiyə qədər çəkdiyi əziyyətlər hədər getməsin. Yaxşı da ki, apardıq”-deyə ana bildirdi. 

Oskar həyatının ağır sayılan məqamlarından birində belə olimpiada da iştirak etməkdən imtina etməyib. Orada qazandığı uğurlar ona bütün ağrı-acısını unutdurub təbii ki…Sözsüz ki, Oskar Bağırovun bu qədər uğur qazanmasının arxasında məsuliyyətli valideynlərinin də əməyi, zəhməti, bir də uşaqlarına inamları və etimadları dayanır. Oskar valideynlərindən və müəllimlərinin güc, dəstək alır. Əlbəttə, inanırıq ki, məktəbli balamız gələcəkdə öz yolunu seçəcək və böyük uğurlar qazanacaq, dövlətimizə, xalqımıza, bütövlükdə isə bəşəriyyətə faydalı olacaq. 

291 nömrəli “Ekologiya” liseyinin VII sinif şagirdi Oskar Bağırovun kiçik, lakin başdan-başa uğurla cilalanan həyat hekayəsini sizə təqdim etdik. Hər bir şagird üçün örnək olan Oskara hər zaman əlaçı olmağı, olimpiadalar medalçısı olmağı diləyirik. O öz uğur hekayəsinin səhifələrinə daha böyük nailiyyətlərini yazacaq. 

Uğurlar, Oskar!

İradə SARIYEVA






Chosen
54
baki-xeber.com

1Sources