İranın Yaxın və Orta Şərqdə ən güclü proksi qüvvəsi kimi bilinən “Hizbullah” qruplaşmasının lideri Həsən Nəsrullahın öldürülməsindən sonra siyasi təhlilçilər bununla regionda münaqişənin daha da alovlanacağı və daha geniş coğrafiyaya yayılacağı risqlərinin olduğu qənaətindədir.
Xatırladaq ki, Nəsrullah sentyabrın 27-də İsrailin Livana endirdiyi hava zərbələri nəticəsində öldürülüb. Siyasi təhlilçilər ən pis ssenaridə İranın nüvə silahını əldə etmə cəhdi və ABŞ-ın İrana hücumu ehtimallarını da istisna etmirlər.
İranın ali dini lideri ayətullah Əli Xamneyi Nəsrullahın ölümünun qisassız qalmayacağına söz verib.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun sabiq bir komandiri BBC-yə deyib ki, İsraili təhdid edib heç nə etməməsi SEPAH-ın daxili və xarici müttəfiqləri qarşısında etibarını daha da zədələyib. İndi bu şəraitdə hesab olunur ki, İran cavab olaraq İsrailə birbaşa hərbi zərbə endirərsə, bu, onun köhnə və qatı düşməni ilə tammiqyaslı müharibəsi olacaq. Amma Tehran çəkinmək yolunu tutsa, regiondakı müttəfiqləri və düşmənlərinin qarşısında öz reputasiyasına zərbə endirmiş olacaq. Burada qeyd edək ki, “Hizbullah” silahlı və siyasi təşkilat kimi Livanın cənubundakı böyük ərazilərə nəzarət edir. O, İranın “müqavimət xətti” adlandırdığı proksi və müttəfiqləri şəbəkəsinin aparıcı üzvüdür. Vaşinqtondakı Yaxın Şərq Sülh İnstitutundan Metyu Levit deyir ki, İran həqiqətən də çətin vəziyyətə düşüb: “İran çox qəliz bir situasiyaya düşüb. O, həm nəyin bahasına olursa-olsun cavab vermək iqtidarında olmaq istəyir, lakin həm də bunu belə açıq etməyin nəticələrindən qorxur”. İran İsrailə çətin ki, birbaşa hərbi zərbə endirsin. Ekspertlər deyir ki, bu, İranın daim yan keçmək istədiyi ağır tammiqyaslı müharibəyə səbəb olardı. Ekspertlərin fikrincə, tammiqyaslı münaqişə təqdirində İsrail İran üzərində, onun nəhəng dron və raket cəbbəxanasının olmasına baxmayaraq, böyük hərbi üstünlüyə malik ola bilər. Vaşinqtonda mənzillənmiş Demokratiyaları Müdafiə Fondunun eksperti Behnam Talıblı bu qənaətdədir ki, burada İranın malik olduğu variantlar “pislə betər” arasındadır. İran ötən apreldə İsrail üzərinə misli görünməmiş dron və raket hücumu etmişdi. Bu, Suriyadakı İran komandirlərinin raket zərbələri nəticəsində həlak olmasından az sonra baş vermişdi. Tehran həmin hücuma görə İsraili ittiham edirdi. Amma Talıblı düşünür ki, İran yalnız ölkənin varlığına birbaşa təhdid olarsa İsrail üzərinə birbaşa hücum qərarı qəbul edə bilər. Ekspertlərin fikincə, beləliklə, birbaşa qarşıdurmanın variant hesab olunmadığı bir situasiyada İran İsrailin əsas müttəfiqi ABŞ-a ziyan vurmaq məqsədilə “müqavimət xətt”i adlandırğı proksiləri və müttəfiqlərinə, o cümlədən İraqdakı iranyönlü şiə yaraqlılarına, Yəməndəki husi qiyamçılarına, Suriyadakı şiə silahlılarına üz tuta bilər. Amma İsrail 2023-cü ildə Qəzza zolağında müharibəyə başlayandan bəri İranın proksiləri bir xeyli zəifləyib və onların İsrailə cavab vermək üçün hərbi qüdrətləri yoxdur. Məsələn, ABŞ-da və bir sıra ölkələrdə terrorçu təşkilat kimi tanınan HƏMAS Qəzza zolağında xeyli zəifləyib. İsrail bu arada Livanda “Hizbullah”ın çox sayda komandanını sıradan çıxarıb. İndi bunlar fonunda Livan paytaxtında Həsən Nəsrullahın ölümünə İran, adətinin əksinə olaraq, təmkinli reaksiya verir.
Qeyd edək ki, Tehran HƏMAS lideri İsmayıl Haniyənin ölümünə xeyli sərt reaksiya vermişdi. Behnam Talıblı bunu belə izah edir: “İran Haniyənin qətlinə görə sərt qisas və qətliam vədindən ona görə geri çəkilib ki, regionda ən azı siyasi baxımdan vəziyyət onun istədiyi istiqamətdə hərəkət edib. Lakin son iki həftədə İsrailin Livanda “Hizbullah”a qarşı cəsarətli və ölümcül addımları islam respublikası və onun müttəfiqləri üçün bu vəziyyəti son həddə çatdırıb”. Amma belə görünür ki, İran artıq çəkinmə strategiyasını qəbul edib. İranın Xarici İşlər Nazirliyi bəyan edib ki, Tehran Livana və Qəzza zolağına qoşun çıxarmayacaq. Lakin Tehran bunu onunla izah edir ki, Livan və Qəzza zolağında HƏMAS və Hizbullah özlərini təcavüzdən müdafiə üçün kifayət qədər qüvvəyə malikdirlər. Cenevrədə mənzillənmiş ekspert Fərzan Sabit deyir ki, buna baxmayaraq İsrailin onun müttəfiqləri üzərinə hücumlarına cavab verməkdən boyun qaçırması, Tehranın regiondakı nüfuz və reputasiyasına ziyan vurur: “Belə başa düşülür ki, Tehran İsrailə qarşı qoyduğu “qırmızı cızıqları” reallaşdırmaq iqtidarında deyil. Bu, hətta belə olmasa da, İran yenə də bu vəziyyətdə zəif görünür. Bu da var ki, kənardan görünən zəiflik daha böyük çətinliklərə yol aça bilər”. Amma İranın bəzi sərt xətt-hərəkət tərəfdarları İsrailə qarşı hərbi hərəkətə çağırırlar. Onlardan bəziləri Tehranı, hətta ölkənin nüvə proqramını hərbiləşdirməyə çağırıblar. Onlar deyirlər ki, yalnız nüvə silahı İsraili İran üzərinə birbaşa hücumdan çəkindirə bilər. İran mediası bildirir ki, ölkənin hazırkı zənginləşdirilmiş uran ehtiyatı 10 atom bombasının hazırlanmasına imkan verərdi. Lakin ekspertlərin fikrincə, İranın belə etməsi üçün aylar və hətta bir ildən də çox vaxt lazım gələ bilər. Fərzan Sabit bu qənaətdədir ki, İran bir çəkindirici faktor kimi Hizbullahın gücdən düşdüyünü qət edərsə, Tehranın nüvə silahına münasibəti də dəyişə bilər. Ekspertin sözlərinə görə, hadisələrin indiki inkişafı İranı dinc və ya hərbi nüvə proqramı arasında seçimə yaxınlaşdıra bilər. Belə bir vaxtda İsrail ABŞ-a Livana qurudan müdaxilə edəcəyi ilə bağlı xəbərdarlıq edib. “Hizbullah” liderinin müavini Şeyx Naim Qasım deyib ki, İsrailin qurudan hücumuna hazırdırlar və qruplaşma İsraillə savaşına davam edəcək.
Tahir TAĞIYEV