EN

Dövlətçilik tariximizin şanlı səhifəsi



Azərbaycan xalqının Ümummilli Lideri, dahi şəxsiyyət, dünya şöhrətli siyasətçi, görkəmli dövlət və ictimai xadim Heydər Əliyev bütün mənalı ömrünü xalqına, Azərbaycanın müstəqilliyinin, dövlətçilik tarixinin möhkəmlənməsinə həsr etmişdir. O, müdirikliyi ilə zəngin dövlətçilik məktəbi, yüksək idarəçilik ənənəsi yaradaraq Ümummilli Lider zirvəsinə yüksəlmişdir. Azərbaycan tarixinin ən möhtəşəm, gəncliyin dərs götürəcəyi, yaddaşlarda yaşadacağı və gələcək nəsillərə ötürəcəyi parlaq səhifəsi! Xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 15 İyun hər bir Azərbaycan vətəndaşının milli qürur hissi duyduğu, milli dövlətçiliyin qorunub saxlanması, möhkəmlənməsi, dünya birliyində öz layiqli yerini tutmasına aparan yolun başlanğıc nöqtəsidir. Müstəqil Azərbaycan dövləti, möhkəm özülə söykənən dövlətçiliyimiz, dünyaya açılan qapılar, millətimizi uğurlu gələcəyə doğru aparan aydın, nurlu yolu! Bu reallıqların hər birində Ulu öndər Heydər Əliyevin imzası var.

Azərbaycan xalqı onun taleyində və tarixində silinməz izlər qoymuş böyük oğlu Heydər Əliyevlə hər zaman fəxr edib , onunla qürur duyub və ona sonsuz məhəbbət bəsləyib. Heydər Əliyev fenomeni təkcə bir məkanla, Azərbaycanla məhdudlaşmır. O, hələ sağlığında əfsanələşən, siyasət olimpini fəth etmiş nadir şəxsiyyətlərdən olmuşdur. Heydər Əliyev hansı vəzifədə işləməyindən asılı olmayaraq , onun ürəyi daimi Azərbaycanla döyünmüşdür.

Heydər Əliyev demişdir: Azərbaycan mənim ürəyimdir, Azərbaycan mənim həyatımdır, Azərbaycan mənim nəfəsimdir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam.

Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi zamanı (1969–1982-ci illərdə) strateji təfəkkürü və uzaqgörənliyi sayəsində Azərbaycan əsrə bərabər inkişaf yolu qət etmişdir. Dövlətçiliyimizin müqəddəratının həll edildiyi, azadlığımızın və müstəqilliyimizin təhlükəyə məruz qaldığı bir zamanda Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir. Həmin gün Azərbaycanın müstəqillik tarixinə xalqımızın nicat yolunun başlanğıc günü kimi daxil edilib. Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan 15 iyun xalqımız üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Həmin gün qurtuluş tarixidir.

XX əsrin sonlarında müstəqilliyini bərpa edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə yaranmış hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatdı. Hakimiyyət boşluğu, daxili hərc-mərclik, xaos və anarxiya respublikanı bürüdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə aldı.

Müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan parçalanmaq, dünya xəritəsindən silinmək astanasında idi. Hadisələri düzgün qiymətləndirə bilməyən o vaxtkı iqtidar əhali arasında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi. Belə çətin məqamda xalqın son ümid yeri dövlət idarəçiliyində zəngin təcrübəsi və dünyada nüfuz sahibi olan Heydər Əliyevə idi. Xalq yaxşı bilirdi ki, yalnız müdrik şəxsiyyət Heydər Əliyev xalqı və Vətəni düçar olduğu ağır vəziyyətdən xilas edə bilər.

Respublikanın ziyalıları, tanınmış elm, mədəniyyət, incəsənət xadimləri Heydər Əliyevə müraciət edərək, Azərbaycanın məhv olmaqdan xilası üçün ona üz tutdu. 1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək, Bakıya qayıtdı və müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanın taleyindən daha dəhşətli hadisələrin gözlənildiyi ölkəmizi bəlalardan, müsibətlərdən xilas etdi. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı.

Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluş missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, qeyri-qanuni silahlı birləşmələr ləğv edildi, ölkədə ciddi nizam-intizamın əsası qoyuldu. Respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən, məhv olmaqdan xilas edildi. Bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd olunur. Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub saxlamaq idi. Bu çətin və şərəfli iş ümummilli liderin iradəsi sayəsində reallığa çevrildi. Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq, ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu.

Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. Ulu öndər Heydər Əliyevin xalqımız qarşısında xidmətləri o qədər böyük və zəngindir ki, onun fəaliyyəti Azərbaycanın dünəni, bu günü və gələcəyinə hesablanmış fəaliyyətdir. Heydər Əliyev keçmişə istinad edərək, bu günümüzü necə qurmağı və gələcəyimiz üçün hansı işlər görülməsinin nümunəsini bizə göstərdi. Ölkəmizin və xalqımızın inkişafı, tərəqqisi, gələcəyi üçün zəruri olan siyasi strategiyanı müəyyənləşdirdi. Heydər Əliyevin bu günə hesablanmış siyasi kursu Azərbaycanı daha yüksək zirvələrə qaldırıb.Beləliklə, Ulu Öndərin ikinci dəfə Bakıya qayıdaraq Azərbaycan parlamentinin sədri seçildiyi gün - 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Bu bir həqiqətdir ki, 15 iyun milli qurtuluş günümüz olmasaydı, Azərbaycan adlı dövlət olmayacaqdı. Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı Azərbaycan dövlətini, müstəqilliyini, xalqımızın qürurunu, tarixini, bu gününü özünə qaytardı.

Bu gün Ulu öndərin siyasi kursunu ləyaqətlə davam etdirən Prezident İlham Əliyev Onun bütün arzularını reallaşdırdı. Xüsusilə qüdrətli Azərbaycan dövlətini formalaşdırmaqla işğalda altındakı torpaqlarımızı 44 gün davam edən müharibədə geri qaytardı. İndi dünyada söz sahibi olan qüdrətli Azərbaycan dövləti və onun qətiyyətli Ali Baş Komandanı var.

Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin köməkçisi Vüsal Hümbətzadə

Newscenter.az üçün
Chosen
16
newscenter.az

1Sources